Dələduzluqda günahlandırılan professorlar bəraət istəyir

Mehkeme

Bu gün Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Azərbaycan Milli Elmlər Akademyasnın sabiq əməkdaşları, professorlar Eldar Əmirov və Lüdmila Məmmədovanın cinayət işi üzrə məhkəmə keçirilib.

XALQ.AZ-ın Virtualaz.org-a istinadən verdiyi məlumata görə, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Onlar abituriyentləri ali məktəbə qəbul etdirmək, Dağıstanda olan universitetlərə qəbul etdirmək və sonra Azərbaycana köçürmək adı ilə aldadıblar. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Eldar Əmirov 4 il, Lüdmila Məmmədova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Zamində olan Lüdmila Məmmədova məhkəmə zalında həbs edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.

Hakim Əmir Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin apelyasiya şikayəti üzrə məhkəmənin ilkin baxış iclası keçirilib. Hakimlər apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər. Qərardan təqsirləndirilən şəxslər kasasiya şikayəti veriblər. Buna görə də apelyasiya instansiyasında şikayətə baxılması qeyri-müəyyən vaxtadək təxirə salınıb. Kasasiya şikayətinə baxılması üçün cinayət işinin materialları Ali Məhkəməyə göndərilib.

Qeyd edək ki, Lüdmila Məmmədova sabiq deputat Gülər Əhmədovanın cinayət işində şahid qismində iştirak edib. O, mərhum Sevinc Babayevanın rəfiqəsi olub.