“Dahi rəhbər Azərbaycanda daxili sabitliyi və inkişafı təmin etdi” İnam Kərimov

“Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlər göstərmiş dahi şəxsiyyət Ulu Öndər Heydər Əliyev yeni Azərbaycanın memarıdır. 1990-cı illərin əvvəllərində ölkəmizin təcavüzə məruz qaldığı, müstəqilliyimizin az qala itiriləcəyi bir vaxtda xalqımızın təkidilə hakimiyyətə qayıdan Ümummilli Lider əsl xilaskar kimi tarixə düşdü. Heydər Əliyev ölkədə yaranmış siyasi xaos, parçalanma təhlükəsinin qarşısını qəti iradəsi, müdrikliyi və idarəçilik təcrübəsi sayəsində aldı. Əminliklə deyə bilərik ki, Ulu Öndər parçalanmış, hər sahədə tənəzzül yaşayan Azərbaycandan – yeni, qüdrətli Azərbaycan yaratdı”. XALQ.AZ məkumat  verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov “Heydər Əliyev və məhkəmə-hüquq islahatları: Tarix, zaman və nailiyyətlər” konfransında çıxışında deyib.

Sədr qeyd edib ki, dahi rəhbər nəinki Azərbaycanda daxili sabitliyi və inkişafı təmin etdi, eyni zamanda ölkəmizin beynəlxalq müstəvidə nüfuzunu da artırdı. Üçrəngli Azərbaycan bayrağını yenidən dünya zirvələrinə ucaltdı: “Dövlət müstəqilliyini bərpa etmiş Azərbaycanda sovetlərin idarəçilik sistemindən fərqli olaraq müstəqil, demokratik dövlət quruculuğuna keçid başlandı.

Keçmişdən qalma planlı iqtisadiyyat yeni bazar iqtisadiyyatı ilə əvəzləndi. Elm, səhiyyə, təhsil, mədəniyyət, logistika və digər sahələr yeniləndi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində bölgədə və dünyada böyük nüfuza malik, milli-mənəvi dəyərlər üzərində yaradılan yeni Azərbaycan bərqərar oldu”.