Ərdoğan Türkiyənin iqtisadi gücünün, hərbi qüdrətinin artması istiqamətində mühüm addımlar atıb

Vahid Əhmədov: “Amerikanın moderatorluğu ilə bölgəyə sülhün gəlişi Rusiyanın nüfuzuna zərbə vuracaq”

“TEKNOFEST” festivalı Azərbaycan-Türkiyə qardaşlığını bir daha dünyaya nümayiş etdirdi”

“14 may seçkilərində Ərdoğanın qələbəsi Türkiyə ilə yanaşı, bütün türk dünyasının marağına uyğundur”

“Türkiyənin Vətən müharibəsindəki dəstəyini hər zaman minnətdarlıq hissi ilə yad edəcəyik”

Millət vəkili Vahid Əhmədov regionda və dünyada baş verən bir sıra proseslərlə bağlı Moderator.az-ın suallarını cavablandırıb. Həmin müsahibəni oxuculara təqdim edirik:

– Vahid müəllim, ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında danışıqlar aparılmaqdadır. Bu danışıqları necə qiymətləndirirsiniz və sizcə ABŞ-ın moderatorluğu ilə aparılan bu danışıqlar Rusiyada qıcıq doğura bilərmi?

– Təbii ki, sülh müqaviləsinin imzalanmasına yol açan hər bir danışıq təqdirəlayiqdir. ABŞ dövlət katibinin belə bir təşəbbüslə çıxış etməsi, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünə vasitəçilik etməsi də müsbət dəyərləndirilməlidir. Bu, onu göstərir ki, ABŞ regionda sülhün və təhlükəsizliyin bərqərar olmasında maraqlıdır və XİN rəhbərlərinin görüşlərinə vasitəçilik etməklə sülh danışıqları ilə bağlı prosesin irəliləməsinə çalışır.

Şübhəsiz, Azərbaycana Ermənistan arasında sülh danışqılarının ABŞ-ın moderatorluğu altında baş tutması Moskvanı narahat edir. Çünki Kreml yaxşı başa düşür ki, ABŞ-ın vasitəçiliyi ilə Cənubi Qafqazda formalaşacaq sülh rəsmi Vaşinqtonun da bu regiondakı nüfuzunun möhkəmlənməsinə, buna paralel olaraq Rusiyanın nüfuzunun daha da zəifləməsinə səbəb olacaq. Bu səbəbdən də Rusiya məlum danışıqların müsbət nəticələnməsində maraqlı deyil.

Bundan başqa, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması regionda sabitliyin təmin olunmasına səbəb olacaq ki, bu da Rusiyanın bölgədə aranı qarışdırmaq, yeni gərginliklər yaratmaq imkanını məhdudlaşdıracaq. Sülhün bərqərar olması regionda Rusiya sülhməramlılarına olan ehtiyacı da aradan qaldıracaq. Çünki Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanandan, proseslər öz təbii axarına düşəndən sonra Rusiya sülhməramlılarının bölgədə qalmasına lüzum qalmayacaq. Belə olan halda sülhməramlıların bölgədən çxıarılması məsələsi gündəmə gələcək ki, bu da Rusiyanın Cənubi Qafqazdakı nüfuzunun daha da zəifləməsi deməkdir. Məhz bütün bunlara görə Rusiya sülh danışıqlarının irəliləməsində maraql deyil və ABŞ-dakı danışıqların səmərəsiz başa çatmasını arzulayır.

– Vahid müəllim, bugünlərdə Prezident İlham Əliyev Türkiyədə “TEKNOFEST” Aerokosmik və texnologiya festivalında iştirak etdi. Dövlət başçısının bu səfərini, eləcə də Azərbaycan-Türkiyə əməkdaşlığının gələcəyini necə dəyərləndirirsiniz?

– “TEKNOFEST” Aerokosmik və texnologiya festivalı son illər Trükiyədə mütəmadi şəkildə keçirilən ənənəvi festivaldır. Bu festivalda Türkiyənin texnologiya sahəsindəki ən son uğurları nümayiş olunur, bunlar haqqında ictimaiyyətə ətraflı məlumat verilir. Necə ki, sonuncu festivalda Türkiyə istehsalı olan “Kızılelma” pilotsuz döyüş təyyarəsi, “Bayraktar Akıncı”, “Bayraktar TB3”, “Bayraktar TB2” pilotsuz silahlı döyüş aparatları, “Hürjet” təlim təyyarəsi, “Altay” tankı nümayiş olundu.

Türkiyənin bu festivalda nümayiş etdirdiyi hərbi texnikalar, müasir texnoloji yeniliklər göstərdi ki, qardaş dövlət bu istiqamətdə böyük nailiyyətlər, ciddi uğurlar əldə etməkdədir. Festivalda Türkiyənin ilk döyüş təyyarəsi nümayiş olundu ki, bu da Türkiyənin hərbi sənaye imkanlarının sürətlə genişləndiyini göstərir. Sərgilənən texnikalar göstərdi ki, Türkiyə dünya miqyasında öz texnoloji üstünlüyünü artırmaqda, dünyanın ən inkişaf etmiş dövlətlərinə ciddi rəqib olmaqdadır. Təbii ki, bütün bunlar Azərbaycanda da böyük sevinc və qürur hissi ilə qarşılanmaqdadır. Çünki hər bir azərbaycanlı başa düşür ki, Türkiyənin uğuru Azərbaycanın uğuru, Azərbaycanın nailiyyətidir.

Festivalda Azərbaycan stendi də fəaliyyət göstəririrdi. Bu stenddə pilotsuz uçuş aparatları, müxtəlif texnoloji yeniliklər nümayiş edildi. Habelə, cari ilin 2-6 oktyabr tarixlərində Bakıda keçiriləcək Aerokosmonavtika Konqresi haqqında  da məlumatlar təqdim olundu.

Bildiyiniz kimi, Prezident İlham Əliyev bu festivalda çox möhtəşəm çıxış etdi. Türkiyənin bütün media orqanları dövlət başçımızın çıxışına böyük diqqət yetirdi, bu çıxış qardaş ölkə mediasında ətraflı şəkildə işıqlandırıldı. Dövlət başçısı həmin çıxışda Ərdoğanın türk dünyası qarşısındakı tarixi xidmətlərinə diqqət çəkdi. Həmçinin, Azərbaycanda “Bayraktar” Mərkəzinin qurulacağını bəyan etdi.

Ən əsası, bütün dünya bu festival fonunda Azərbaycan və Türkiyə arasındakı qardaşlıq münasibətlərinin nə qədər dərin və sarsılmaz olduğuna bir daha şahid oldu. Bütün dünya şahid oldu ki, Azərbaycan və Türkiyə inkişafa, tərəqqiyə gedən yolda birlikdə addımlamaqda, bir-birlərini sona kimi dəstəkləməkdədirlər.

Bir sözlə, bu festival həm Türkiyə, həm də Azərbaycan üçün  hər baxımdan faydalı oldu.

– Mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək. Sizcə hansı namizədən qələbəsi Türkiyə xalqı ilə yanaşı, türk dünyasının ümumi inkişafı və birliyi baxımından daha arzuediləndir?

– Azərbaycanla Türkiyə arasındakı münasibətlər tarixi dotsluq və qardaşlığa əsaslanır və bu münasibətlər son dərəcə səmimidir. Yəni bu münasibətlər hakimiyyətlərin deyil, dövlətlərin və xalqların dostluğuna söykənir. Hər şeydən öncə bu gerçəyi bilmək lazımdır. O ki qaldı konkret seçkilərə, hesab edirəm ki, 14 may seçkilərində Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğanın qələbə qazanacağı şübhəsizdir.

Seçkilərdə Ərdoğanın qələbəsini stimuallaşdıran bir sıra amillər var. Bunlardan biri Ərdoğanın Türkiyəni sözün həqiqi mənasında azad, müstəqil, imperialist güclərə boyun əyməyən Türkiyəyə çevirməsidir. Məhz Ərdoğanın hakimiyyəti dönəmində Türkiyə dünya gücləri arasında öz layiqli yerini ala, qlobal mqiyasda söz sahibinə çevrilə bildi. Bu, olduqca böyük uğur, böyük müvəffəqiyyət idi.

Bundan başqa, Ərdoğan terrora qarşı mübarizədə də böyük uğurlara imza atadı. Sadəcə Türkiyə daxilində deyil, Suriya, İraq və digər ərazilərdə terrora qarşı qətiyyətli mübarizə həyata keçirildi ki, bu da bütün regionda təhlükəsizliyin təmin edilməsinə, terror riskinin azalmasına töhfə verdi.

Ərdoğan Türkiyənin iqtisadi gücünün, hərbi qüdrətinin artması istiqamətində də mühüm addımlar atdı. Türkiyədə müasir sənaye müəssisələri yaradıldı. Neft-qaz axtarışları genişləndirildi və bir sıra bölgələrdə zəngin neft-qaz yataqları aşkarlandı. Hansı ki, məhz bunun sayəsində Ərdoğan bir il ərzində bütün Türkiyədə xalqın məişət qazından pulsuz istifadəsinə qərar verdi.

Türkiyə hərbi sənaye sahəsində də tarixi nailiyyətlərə imza atdı. Yeni dronların, müasir döyüş maşınlarının, tank və təyyarələrin istehsalı Türkiyənin müdafiə qabiliyyəti ilə yanaşı, ixrac imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirdi.

Bir sözlə, Ərdoğan Türkiyənin simasını müsbətə doğru əhəmiyyətli dərəcədə dəyişdi və bütün bunlar təbii olaraq xalq tərəfindən də böyük təqdirlə qarşılandı. Bu səbəbdən də xalqın böyük əksəriyyətinin 14 may seçkilərində Ərdoğana səs verəcəyini düşünürəm.

Şübhəsiz, Ərdoğanın Türkiyənin inkişafına verdiyi töhfələrdən danışarkən onun 2020-ci ilin 44 günlük Vətən müharibəsində Azərbaycana verdiyi dəstəyi də əsla unuda bilmərik. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Türkiyə 44 gün ərzində Azərbaycanı bir dəqiqə belə olsun yalnız buraxmadı. Qardaş dövlət Ərdoğanın rəhbərliyi altında Azərbaycana həm mənəvi, həm də diplomatik baxımdan ciddi dəstək verdi. Ərdoğanın qətiyyəti, sərgilədiyi siyasi iradə üçüncü tərəflərin bu müharibəyə müdaxilə ehtimalının qarşısını aldı. Türkiyə müharibə dönəmində ölkəmizdə yerləşdirdiyi F-16-larla bütün dünyaya Azərbaycanın yanında olduğunun, hər hansı bir dövlətin Ermənistana hərbi yardım edəcəyi təqdirdə Trükiyənin də proseslərə müdaxilə edəcəyinin müsajını verdi. Biz Ərdoğan hakimiyyətinin, qardaş Türkiyə xalqının bu dəstəyini heç vaxt unutmayacaq və hər zaman minnətdarlıq hissi ilə yad edəcəyik.

14 may seçkilərində Ərdoğanın növbəti dəfə Türkiyə Cümhuriyyətinin prezidenti seçilməsi Türkiyə ilə yanaşı, Azərbaycan xalqının, o cümlədən bütün türk dünyasının mənafeyinə uyğundur. İnanıram ki, 14 may seçkilərində biz cənab Ərdoğanın tarixi qələbəsinə şahidlik edəcəyik.