Deputat: “Əhalinin məşğulluğu artır, yeni iş yerləri yaradılır”

Prezident İlham Əliyevin regionlara ardıcıl səfərləri bir daha hər bir rayonun inkişafının məhz dövlət başçısının diqqət mərkəzində olduğunu təsdiqləyir. Nəticə etibarilə ildən-ilə sosial infrastrukturun keyfiyyəti yüksəlir, sahibkarlıq mühiti daha da yaxşılaşır, əhalinin məşğulluğu artır, yeni iş yerləri yaradılır.

Bunu  Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Azərbaycanda regionların inkişafının ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının tərkib hissəsi olduğunu diqqətə çatdıran K.Nurullayevanın sözlərinə görə, bu istiqamətdə qəbul edilmiş dövlət proqramları və əlavə tədbirlər uğurlu nəticələr əldə etməyə imkan verir.

“Dövlətimizin başçısının Qazax, Samux, Şəmkir və Bərdəyə səfəri zamanı da yeni infrastruktur layihələri istifadəyə verildi. Məqsəd regionlarda məskunlaşan insanların həyat şəraitini, sosial rifahını daha da yaxşılaşdırmaqdır. Prezident İlham Əliyevin açılışında iştirak etdiyi Qarabağ Regional DOST mərkəzi də insanlara xidmətin əlçatanlığını təmin etməyə hesablanıb. Məlumdur ki, DOST Agentliyi Prezident Fərmanı ilə yaradılıb. DOST mərkəzləri vasitəsilə tam şəffaf və vətəndaş məmnunluğu prinsipləri əsasında məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Hazırda Azərbaycanda DOST mərkəzlərinin sayının 6-ya çatması, bu mərkəzlərdə indiyədək 1 milyon 673 min nəfərə xidmətin göstərilməsi sosial siyasətin tərkib hissəsidir. 2025-ci ilədək mərkəzlərin sayının 17-yə, yerlərdə xidmətlərin təşkili məqsədilə filialların sayının 55-ə çatdırılması planlaşdırılır”, – deyə deputat qeyd edib. Vurğulayıb ki, Qarabağ Regional DOST Mərkəzində də gün ərzində orta hesabla 650-700 vətəndaşın qəbulu nəzərdə tutulur. Bu da bu bölgədə yaşayan insanların rahatlığı baxımından olduqca vacibdir.

K.Nurullayeva bildirib ki, Samux, Qazax və Bərdədə istifadəyə verilən yeni təhsil müəssisələri və səhiyyə ocaqları da vətəndaşların sosial şəraitinin yaxşılaşdırılmasına xidmət edir. İnsanların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili, gələcəyimiz olan uşaqların sağlam və təhsilli yetişməsi dövlətimizin diqqət mərkəzindədir. Ümumiyyətlə, istər işğaldan azad olunmuş ərazilərdə, istərsə də digər bölgələrimizdə insanların hərtərəfli təminatını nəzərdə tutan layihələrin icrası dövlətimizin başçısının birbaşa diqqətində və nəzarətindədir.

“Prezident İlham Əliyev bütün regionlarda sosial ədalətə söykənən müasir idarəetmə qaydalarının tətbiq olunmasını tələb kimi qarşıya qoyub. Regionların inkişafı sahəsində qəbul edilmiş və uğurla həyata keçirilmiş dövlət proqramları, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulmuş vəzifələrin icrası paytaxtla yanaşı, bölgələrin də davamlı inkişafını təmin etməkdədir. İcra olunan proqramların məqsədi də regionların sosial-iqtisadi inkişafı sahəsində görülmüş işləri növbəti illərdə də davam etdirmək, eləcə də infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, bölgələrdə yaşayan əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsidir”, – deyə deputat vurğulayıb.