Məşhur Məmmədov: “Bu, bəzi dövlət və qurumların bölgədə baş verənlərə ədalətsiz və riyakar yanaşmasının isbatıdır”

Məşhur Məmmədov: “Bu, bəzi dövlət və qurumların bölgədə baş verənlərə ədalətsiz və riyakar yanaşmasının isbatıdır”

“İstər Birinci Qarabağ müharibəsi, istərsə də Vətən müharibəsində mülki azərbaycanlıların qətlinə göz yumanların Xankəndi ilə bağlı əsassız narahatlığı təəssüf doğurur”.

Bunu  millət vəkili Məşhur Məmmədov bildirib. Millət vəkili qeyd edib ki, hər iki müharibədə beynəlxalq təşkilatlar və aparıcı dövlətlər Ermənistanın hərbi cinayətlərinə təpgi verməsə də, bu gün onlar Qarabağdakı ermənilərlə bağlı yersiz narahatlıq ifadə etməkdədirlər:

“Artıq xeyli vaxtdır ki, bəzi beynəlxalq təşkilatlar, xarici dövlət rəsmiləri, beynəlxalq media qurumları gündəlik həyatını davam etdirən, heç bir fövqəladə vəziyyətlə üzləşməyən Qarabağ erməniləri ilə bağlı yalan məlumatlar yayır, onların guya “ağır blokada” şəraitində olduğunu iddia edirlər. Halbuki, Xankəndi və ətraf ərazilərdəki ermənilərin blokadada olmadığı, orada hər hansı humanitar fəlakətin yaşanmadığı, əksinə, ermənilərin müxtəlif yollarla bu əraziyə qanusnuz silah-sursat daşıdığı məlum həqiqətlərdəndir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin, eləcə də bir çox KİV-lərin yaydığı foto-video məlumatlar buna sübutdur.

Ermənilərin özlərinin sosial mediadan yaydığı fotolardan da görünür ki, Xankəndindəki ermənilər öz əyləncələrindən qalmır, dəbdəbəli toylar, ad günləri edirlər. Azərbaycan tərəfi sadə ermənilərin “Laçın” sərhəd buraxılış məntəqəsindən rahat və təhlükəsiz şəkildə istifadə etməsi üçün hər cür şərait yaradıb. Belə olan halda Qarabağdakı ermənilərin humanitar fəlakətlə üz-üzə qalması ilə bağlı deyilənlər absurddur və beynəlxalq ictimaiyyətin məqsədli şəkildə aldadılmasına xidmət edir. Bu, bəzi dövlət və qurumların bölgədə baş verənlərə ədalətsiz və riyakar yanaşmasının isbatıdır.

Hesab edirəm ki, erməni lobbisinin əlaltısına çevrilən, erməni yalanına alət olan beynəlxalq media orqanları, dövlət və təşkilatlar gec də olsa bölgədəki proseslərə obyektiv yanaşmalı, ədalətli mövqe sərgiləməlidirlər. Çünki yalana alət olmaq, onun təbliğatçısına çevrilmək qanun və ədalətlə ziddiyyət təşkil etməklə yanaşı, həmin qurum və şəxslərin öz adı və imici üçün də böyük ləkədir. Və nə qədər ki, bu yalan davam edir, bu ləkə də əbədi lənət kimi onları tərk etməyəcək”.