“İrəvanın ölkəmizə qarayaxma kampaniyası davam edir” – Rəşad Mahmudov

Azərbaycanın hərb meydanında qəti qələbəsini möhkəmləndirən diplomatik və iqtisadi üstünlüyü erməni hökumətini və onun xaricdəki himayədarlarını tamamilə dalana dirəyib. Azərbaycanın sülhpərvər siyasəti və mövcud problemləri beynəlxalq hüququn prinsiplərinə uyğun danışıqlarla həll etmək niyyəti ortadadır. Buna rəğmən, Ermənistanın bütün vasitələrlə gərginlik yaratmaq, müxtəlif təxribatlarla öz haqsız mövqeyini önə çəkmək siyasəti sülhə ciddi əngəl yaradır. Laçın dəhlizindəki son “humanitar şou”dan sonra tam iflasa uğrayan rəsmi İrəvan daxili ictimaiyyəti əsassız bəyanatlarla çaşdırmağa çalışır.

Başqa sözlə, İrəvanın ölkəmizə qarayaxma kampaniyası davam edir.

Bütün bunların fonunda baş nazir Paşinyanın avqustun 11-də hökumətin iclasında növbəti sərsəm çıxışı ilə Azərbaycanı hədəf götürməsi də təsadüfi deyildi.

Bu fikirləri  Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O bildirib ki, Paşinyan növbəti dəfə ənənəsinə sadiq qalaraq ölkəmizi bölgədə “gərgin humanitar vəziyyət” yaratmaqda ittiham edib. Ölkəsi tərəfindən göndərilən “humanitar yük”ün ünvana çatmamasına görə rəsmi Bakını günahlandırmaqla bunu erməni sakinlərə qarşı “etnik təmizləmə” siyasəti kimi qələmə verib. Ardınca bəzi ölkələr bölgədə sülh və sabitliyin əldə olunmasına səy göstərmək əvəzinə, “blokadanın aradan qaldırılması” ilə bağlı məsuliyyətsiz və qərəzli fikirlər səsləndirməklə gərginliyə meydan verdilər.

“Əvvəla, birmənalı şəkildə blokadadan söhbət gedə bilməz, bu iddialar reallıqdan uzaqdır. İkincisi, bir qərinəyə yaxın Naxçıvan Muxtar Respublikasını blokadaya alan, əsl humanitar fəlakət yaradan Ermənistandan fərqli olaraq Azərbaycanın təklif etdiyi və beynəlxalq tərəfdaşlar tərəfindən də qəbul olunan Ağdam-Xankəndi yolundan istifadə olunması rəsmi İrəvanın diqqətinə çatdırılıb. Bütün bunların fonunda Ermənistan məqsədli şəkildə sülh prosesindən yayınmaq, bölgədə gərginliyi artıraraq beynəlxalq ictimaiyyəti çaşdırmaqla məşğuldur”, – deyə deputat vurğulayıb.

Rəşad Mahmudovun sözlərinə görə, proseslər onu göstərir ki, xislətinə uyğun olaraq “yazıq”, “çarəsiz” kimi görünməklə manipulyasiya gedişləri ilə tərəfdar axtarışına çıxan Ermənistan əslində, marionet ölkə olduğunu, siyasi əxlaqsızlıq nümayiş etdirdiyini növbəti dəfə sübut edir. Azərbaycan 20 faiz torpağı işğal altında olduğu, bir milyondan çox qaçqının ağır şəraitdə yaşadığı dövrlərdə belə zəiflik və acizlik nümayiş etdirmədi. Əksinə, milli qürurunu, şərəfini qorudu. Prezident İlham Əliyev Qarabağ danışıqlarının müzakirə mövzusu olduğu bütün diplomatik masalarda səbr, təmkin və alicənablıq nümayiş etdirdi.

Heç bir ölkənin “şinel”i altına girmədən tam müstəqil siyasəti, dəqiq qərarları ilə Azərbaycan qalib ölkə statusunu qazandı.

Ermənistan liderinin, “blokada” siyasəti altında növbəti uğursuz gedişləri əslində başadüşüləndir. Çünki liderlər həm də ölkələrinin simasıdır və Paşinyanın sifət cizgilərində bugünkü Ermənistanın əsl mahiyyəti aydın görünür.