Deputat: Azərbaycan dövləti pandemiya sınağından üzü ağ çıxa bildi

2019-cu ilin dekabrında Çinin Uxan şəhərindən yayılmağa başlayan və bütün dünyanı ağuşuna alan, həyatın bir çox sahələrini demək olar iflic vəziyyətinə salan COVID-19 pandemiyası Azərbaycandan da yan keçmədi. Təəsüflə bildirməliyik ki, bu ümumbəşəri bəla ölkəmiz üçün fəsadsız da ötüşmədi. Hər şeydən üstün olan insan amili bu problemin mərkəzində dayandı. Xəstəlik insanların ölümünə səbəb olmaqla öz ağırlığını, təhlükəliliyini açıq şəkildə büruzə verməyə başladı. Lakin xəstəliyin ağırlığına, eyni zamanda, yeniliyinə və müalicə imkanlarının məhdudluğuna baxmayaraq, Azərbaycan hökuməti və birbaşa səhiyyəyə nəzarət edən orqanlar məsələyə anında müdaxilə edərək təxirəsalınmaz tədbirlər görməyə başladılar. İlk növbədə, yoluxmanın qarşısının alınması üçün qapanma və ictimayi yerlərdə sıxlığa yol verməməklə bağlı qaydalar tətbiq olundu, eyni zamanda, koronavirus xəstələri üçün xüsusi xəstəxanalar yaradıldı.

Bunu açıqlamasında Milli Məclisin deputatı Əminə Ağazadə deyib.

Onun sözlərinə görə, ağır və məsuliyyətli bir dövrdən keçən Azərbaycan virusla mübarizəni uğurla apardı və bu proses indi də davam edir.

Hazırda vaksinasiya prosesinin dövlətimizin başçısının tam nəzarəti altında həyata keçirildiyini qeyd edən deputat bildirib: “Xalqımızın tamamilə bu prosesə cəlb edilməsi üçün beynəlxalq əməkdaşlıq çərçivəsində müqavilələr, razılaşmalar əldə edilir. Bu sahədə beynəlxalq ədalətsizliyin, ikili standartların olmasına baxmayaraq, dövlətimiz vətəndaşının ən yüksək səviyyədə bu proseslərə cəlb edilməsi üçün lazımi addımları atır. Əminik ki, xalq olaraq bu çətin sınağın da öhdəsindən uğurla gələcəyik. Aparılan düzgün işlər nəticəsində çox qısa zamanda əvvəlki sosial həyatımıza qayıdacağıq. Pandemiya səbəbindən bütün iflic olmuş sahələrimizi bərpa edərək, iqtisadiyyatımızı daha irəliyə aparacağıq”.