Deputat: “Azərbaycan güclü iqtisadi dayaqlara malikdir”

“Artıq tarixə qovuşan 2020-ci il Azərbaycan üçün bir sıra mühüm hadisələrlə yadda qalıb. Ölkəmizin gündəliyində duran vacib məsələlər sırasında yeni növ koronavirus pandemiyasına qarşı aparılan ardıcıl mübarizəni xüsusi qeyd edə bilərik. Daha mühümü isə ötən il Vətən müharibəsi nəticəsində torpaqlarımızın erməni işğalından azad olunması, qazanılan böyük qələbədir”.

Bu fikirləri Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib.

Cavanşir Paşazadə bildirib ki, 2020-ci ilin ölkəmiz, xalqımız  üçün ən mühüm yekunu sentyabrın 27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan şanlı qələbədir. Belə ki, 2020-ci il Azərbaycanın tarixində Zəfər ili kimi qalacaq.

Millət vəkilinin sözlərinə görə, Vətən müharibəsi Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini bütün dünyaya nümayiş etdirdi. Bu məqamda Azərbaycanın Vətən müharibəsində şanlı qələbəsini şərtləndirən amillərə diqqət çəkmək yerinə düşər. Bu amillər sırasında son 17 ildə Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi bazanın formalaşmasının önəmini xüsusi qeyd edə bilərik. Burada dövlət başçımızın qatıldığı bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb.

“Son 17 ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. Həyata keçirilən islahatlar inkişaf prioritetlərinin düzgün müəyyənləşdirilməsi respublikamızı güclü iqtisadi dayaqlara malik ölkəyə çevirib. Qürurverici haldır ki, bu gün respublikamız MDB məkanında ən rəqabətqabiliyyətli iqtisadiyyata malikdir. Azərbaycan məhz özünün güclü iqtisadi imkanlarına əsaslanmaqla ordu quruculuğunu davamlı şəkildə diqqət mərkəzində saxlayıb. Hər il dövlət büdcəsindən Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, döyüş hazırlığının artırılması məqsədilə bütövlükdə Ermənistanın ümumi büdcəsindən çox həcmdə maliyyə vəsaitləri ayrılıb. Belə davamlı diqqət öz bəhrəsini verib. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, hazırda Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü 50 ordusu sırasında yer alır”, – deyən deputat əlavə edib ki, artıq Vətən müharibəsində işğaldan təmizlənən ərazilərimizdə bərpa işlərinə start verilib.

“İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması da gündəlikdə duran vacib məsələlərdəndir. Artıq bununla bağlı müvafiq dəyərləndirmə işlərinə və müxtəlif sahələri əhatə edən layihələrin hazırlanmasına başlanılıb”, – deyə C.Paşazadə vurğulayıb.