Deputat: “Azərbaycanda vəkilliyin siyasi səbəblərdən qaynaqlanan problemləri mövcud deyil”

“Vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan, qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərən müstəqil hüquqi təsisatdır. Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydaları, o cümlədən vəkil sirri, vəkil etikası kriteriyaları “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunla müəyyənləşib. Həm qanunvericilik, həm də ölkədə ali siyasi iradə vəkillərin hüquq bərabərliyinə, onların özünüidarəetməsinə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsinə, həmçinin vəkillərin, vəkil birliklərinin peşəkar fəaliyyətinə hər hansı müdaxiləyə, təzyiqə yol verilməməsinə tam təminat verir. Ölkə Prezidentinin “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 22 fevral 2018-ci il Sərəncamı ilə dövlət güclü və nüfuzlu vəkillik təsisatının formalaşmasını zərurət kimi müəyyən edir. Həmin Sərəncamla nəinki paytaxtda, bütövlükdə regionlarda vəkillərin fəaliyyətinin stimullaşdırılması üçün tədbirlər hazırlamaq Vəkillər Kollegiyasına tövsiyə edildi. Vəkillər Kollegiyasının maddi-texniki təminatı ilə bağlı məsələlərin həlli məqsədilə Nazirlər Kabinetinə müvafiq vəsait ayırması, habelə dövlət hesabına hüquqi yardım məbləğinə bir daha baxılması tapşırığına uyğun olaraq bu məbləğ 3 dəfə artırılaraq 6 manata çatdırıldı. Proseslərin davamı olaraq, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” cənab Prezidentin 3 aprel 2019-cu il tarixli Fərmanına əsasən, 2020-ci ildən etibarən dövlət hesabına hüquqi yardıma görə ayrılan vəsaitin vəkillərə artıq icra orqanları tərəfindən yox, birbaşa Vəkillər Kollegiyası tərəfindən ödənilməsinə başlanıldı. Həmçinin Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 9 iyun tarixli qanunun tətbiqini təmin etmək məqsədilə imzaladığı Fərmanı ilə dövlət hesabına peşəkar hüquqi yardımın əhatə dairəsi köklü formada genişləndirildi. Eyni zamanda Fərmanla Nazirlər Kabinetinə dövlət hesabına göstərilən hüquqi yardıma görə vəkilə ödənilən haqqın məbləğinin dəyişdirilməsi zərurətini öyrənməsi və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməsi tapşırıldı. Yəni Azərbaycan hakimiyyətinin güclü, müstəqil vəkillik yönümündə siyasi iradəsi çox aydındır”.

Bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

B.Məhərrəmov vurğulayıb ki, bütün bunların fonunda Azərbaycan vəkilliyinin problemləri var: “Lakin əminliklə deyə bilərik ki, Azərbaycanda vəkilliyin siyasi səbəblərdən qaynaqlanan problemləri mövcud deyil. Bu gün regionlarımızda vəkillərin sayının azlığı, ucqar bölgələrimizdə, ələlxsus uzun illər səbatsız yanaşma nəticəsində Naxçıvanda ciddi vəkil çatışmazlığı, yetərli infrastrukturun olmaması həllini gözləyən problemlərdir. Lakin mövcud siyasi iradə, o cümlədən son illər Vəkillər Kollegiyasının fəaliyyətində əsaslı dönüş bu problemlərin həllinə nikbin yanaşma vəd edir. Azərbaycan vəkilliyinin daha ciddi problemi bəzi vəkillərin hədsiz siyasiləşməsi ilə bağlıdır. Ya xarici qrantlar hesabına, verilən tezislərə uyğun olaraq, ya da cinayət təqibi orqanları və vəzifəli şəxslər ətrafında ictimai-siyasi təzyiq mühiti yaratmaqla onlara qanunsuz təsir etmək üçün bu tip vəkillər istənilən məsələni hüquq müstəvisindən çıxarırlar. Çoxsaylı nümunələr var ki, hansısa anti-milli ünsürü müdafiə edən vəkil o ünsürün özündən çox siyasiləşir. Yaxud artıq vəkillər arasında milli suverenliyi hədəfə almaqdan çəkinməyən nihilist, xəyanətkar “hüquq müdafiəçiləri” meydana çıxıb. Bu, artıq vəkillik deyil və bu fəaliyyətlərin insan hüquq və azadlıqlarının müdafiəsi ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Vəkil olması, daha dəqiq desək, siyasiləşmiş vəkil olması heç kimə dələduzluq etməyə, müvəkkili aldatmağa, işinə laqeyd yanaşaraq vətəndaşları çətin duruma salmağa əsas vermir. Təsəvvür edin, hətta zərərçəkən vətəndaşların şikayəti əsasında, həmin “vəkillər” barəsində qanunvericiliklə minimum tədbirlər görülərkən aidiyyəti dairələr, onların xaricdəki havadarları dərhal dövriyyəyə girib insan haqları pərdəsi altında dövlət əleyhinə kampaniyaya çevirirlər. Hətta Azərbaycanda fəaliyyət göstərən bəzi səfirliklər özünü vəkillik fəaliyyəti üzərində təftiş inspektoru kimi aparmağa başlayır. Bu situasiya, o cümlədən vəkilliyin verdiyi status və imtiyazlardan belə çirkin formada istifadə yolverilməzdir. Vəkil olmaq, yaxud vəkillik adı altında siyasi fəaliyyət heç kimi məsuliyyətdən azad etmir, hamı qanun qarşısında bərabərdir. Bərabərlikdən danışan, hüquq müdafiəsi ilə məşğul olan birinin bu reallığı başa düşməsi çətin olmamalıdır”.

Deputat deyib ki, müstəqilliyin təminatı kimi vəkilliyə qəbul da, xitam da qanunla tənzimlənir: “Dövlət heç bir vəkilin Kollegiyadan xaric edilməsində maraqlı deyil, lakin kimsə qanunvericiliyin tələbini pozaraq xaricedilmə üçün səbəb yaradıbsa, məsuliyyətini özü daşıyır və hansısa beynəlxalq təşkilat, hansısa səfirliyin məsələyə burnunu soxmasına lüzum yoxdur”.