Deputat: “Azərbaycanla heç kim güc dilində danışa bilməz”

Ermənistanın son bir neçə gündə törətdiyi hərbi təxribatlar bir daha onu göstərdi ki, İrəvan sülh istəmir və bu cür addımlarla prosesi pozaraq vaxt qazanacağına ümid bəsləyir. Əks halda, Azərbaycan-Ermənistan sülh sazişi üzrə danışıqların intensivləşdiyi, ABŞ, Avropa platformalarında normallaşma ilə bağlı ciddi müzakirələrin getdiyi bir vaxtda qarşı tərəf yenidən hərbi təxribat yolunu seçməzdi. Hadisələrin xronologiyasına nəzər saldıqda, görünən odur ki, bu təxribat planlaşdırılmış şəkildə həyata keçirilib. İyunun 15-də səhər saatlarında Ermənistan ərazisindən Laçın dövlət sərhəd-buraxılış məntəqəsinə açılmış atəş nəticəsində burada xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb. Həmin gün Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri kənd təsərrüfatı işləri adı altında Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Ordu bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb. Qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri ordumuzun Füzuli rayonu istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub. Ardınca Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub. Dünən isə Naxçıvan, Gədəbəy, Şuşa rayonu istiqamətində yerləşən mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunub ki, təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Eyni zamanda Azərbaycan XİN də bəyanat yayaraq Laçın sərhəd-buraxılış məntəqəsinə qarşı hərbi təxribatı Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı təcavüz adlandırıb. Bunun Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə Laçın yolu ilə hərəkətinə maneçilik törətmək məqsədi daşıdığı vurğulanıb.

Mövzunu şərh edən Milli Məclisin deputatı Azər Badamov deyib ki, Laçın sərhəd-buraxılış məntəqəsində törədilmiş insident Ermənistanın məqsədyönlü şəkildə planlaşdırılmış növbəti təxribatıdır. Son vaxtlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində müxtəlif platformalarda müzakirələr aparılır. Bu müzakirələr zamanı mövqelər heç vaxt olmadığı qədər yaxınlaşıb, bir çox məsələlərdə isə razılıqlar əldə olunub. Təbii ki, bu razılaşmaların əldə edilməsində ABŞ-ın və Avropa İttifaqının mühüm rolu olub. ABŞ Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılmasında israrlıdır və xarici işlər nazirlərinin növbəti görüşünü təşkil etmək niyyətini açıqlamaqla bunu bir daha göstərdi.

Deputat bildirib ki, son zamanlar ölkələrimiz arasında sülh danışıqları prosesinin intensivləşməsi və müəyyən qədər nəticəyönümlü olması Ermənistandakı Rusiyapərəst qüvvələri ciddi narahat edir. Son vaxtlar Azərbaycan-Ermənistan şərti sərhədində, Rusiya sülhməramlılarının məsuliyyət zonasında, o cümlədən, Laçın sərhəd-buraxılış məntəqəsində təxribatların törədilməsinin məqsədi iki ölkə arasında davam edən sülh prosesinə zərbə vurmaqdır.

“Azərbaycanın Ermənistanla sərhəddə Laçın sərhəd-buraxılış məntəqəsi qurduqdan sonra Qarabağda yaşayan erməni əsilli sakinlərin buradan heç bir maneə olmadan keçmələrinə şəraitin yaradılması, o cümlədən, onların Azərbaycana inteqrasiya olunmaq istəklərini bildirmələri çoxlarını narahat edir. Azərbaycan Qarabağdakı erməniləri öz vətəndaşları hesab etdiyini, onların hüquq və təhlükəsizliyinin qanunlarımıza uyğun təmin olunacağını bəyan etməsindən sonra erməni ictimaiyyətində Azərbaycan cəmiyyətinə inteqrasiya meyllərinin artması Ermənistandakı Rusiyapərəst dairələrin istəkləri ilə üst-üstə düşmür. Onlar regionda sabitliyin yaranmasında və əməkdaşlığın qurulmasında maraqlı deyillər. Həm də həmin qüvvələrin əlində kifayət qədər təsir imkanları var ki, onlardan istifadə etməklə sülh prosesinin uğurla irəliləməsinə mane olmağa çalışırlar. Laçın sərhəd-buraxılış məntəqəsində törədilmiş təxribatın məqsədi sülh prosesinə zərbə vurmaq və Qarabağda yaşayan erməni əsilli vətəndaşlarımızın Azərbaycan cəmiyyətinə inteqrasiyasına mane olmaq məqsədi daşıyır. Amma onlar unudurlar ki, Azərbaycanla heç kim güc dilində danışa bilməz. Ölkəmizə qarşı törədilmiş hər bir təxribat cəhdinin qarşısı qətiyyətlə alınır və cavabı artıqlaması ilə verilir. Belə ki, Azərbaycanın suveren ərazisi olan Laçın sərhəd-buraxılış məntəqəsində bayrağımızın ucaldılması zamanı sərhədçilərimizə atəş açılması nəticəsində bir hərbçimiz yaralandı. Bundan sonra Ermənistanın iki snayperinin zərərsizləşdirilməsi bu təxribata açıq cavabdır”, – deyə deputat vurğulayıb.

Rusiyalı hərbi ekspert İqor Korotçenko isə “Moskva-Bakı” portalına açıqlamasında deyib ki, Ermənistanın silahlı təxribatları proqnozlaşdırılan idi: “Əvvəlki şərhlərimdə dəfələrlə demişəm ki, belə təxribatlar olub, olur və görünən odur ki, olacaq da. Azərbaycan buna hazır olmalı, təkcə siyasi və diplomatik üsullarla deyil, həm də güc metodları ilə reaksiya verməlidir”.

Qanunsuz erməni birləşmələrinin fortifikasiya qurğuları quraşdırmaq cəhdlərinə toxunan ekspert deyib ki, bu, özləri üçün çox yaxşı “mövqe ehtiyatı” yaratmağa, hansısa üstünlüklər əldə etmək üçün müvafiq infrastruktura arxalanmağa yönəlmiş siyasətdir: “Bütün bunlar Ermənistanın eyni təxribat siyasətinin davamıdır. İrəvan nəinki Rusiya və Azərbaycanla əldə edilmiş razılaşmaları pozmaq, hətta vəziyyətin məhdud və ya tammiqyaslı hərbi münaqişəyə çevriləcəyi təqdirdə özü üçün müəyyən üstünlükləri təmin etmək üçün hər şeyi edir”.

Ermənistan tərəfinin Azərbaycanın guya Arazdəyən istiqamətində metallurgiya zavoduna atəş açması barədə açıqlamasına gəlincə, ekspert deyib: “Erməni tərəfi bildirdi ki, guya hindistanlı fəhlələr yaralanıblar. Ermənistanın Azərbaycanı Hindistana qarşı qoymaq cəhdi göz qabağındadır. İrəvan Hindistandan həm diplomatik, həm siyasi dəstək almaq, həm də Yeni Dehlidən müasir zərbə silahları əldə etmək istəyir. Pakistanın Baş naziri Bakıda səfərdə oldu, Ermənistanın təxribatı da situasiyaya tam uyğun gəlir. İrəvanın geosiyasi məqsədləri bəllidir: Hindistanı Azərbaycana qarşı qoymaq”.

İqor Korotçenko hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri regionda sabitliyin mühüm amilidir: “Bu gün Ankara ilə Bakı arasında çox yaxın dostluq münasibətləri mövcuddur. Ərdoğan yenidən prezident seçildikdən sonra ilk səfərini Bakıya etdi. Rusiya Azərbaycan-Türkiyə münasibətlərinə hörmətlə yanaşır, Rusiya-Türkiyə münasibətləri bu gün həm də qismən dünyada vəziyyətin gərginləşməsinin qarşısını alan amillərdən biri ola bilər. Rusiya Türkiyə ilə iqtisadi əməkdaşlığın və siyasi əməkdaşlığın daha da gücləndirilməsində son dərəcə maraqlıdır. Təbii ki, biz Ankaranın Cənubi Qafqazda sülh və sabitlikdə maraqlı olduğunu başa düşürük”.

 

525.az