Deputat: “Azərbaycanla Özbəkistan arasındakı münasibətlər bütün sahələrdə inkişaf etməkdədir”

Prezident İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə danışıqlardan sonra mətbuata bəyanatında “artıq əldə edilən nəticələr bizim düzgün yolda olduğumuzu göstərir” deməsi iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Əlbəttə, son illər Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətləri arasında əlaqələrinin inkişafı istiqamətində atdığı addımlar türk dövlətləri üçün də yeni bir tarixi mərhələnin başlanğıcıdır.

Bunu   Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Mərkəzi Asiya respublikalarına səfərləri, ikitərəfli və çoxtərəfli əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyəti, Türk Dövlətləri Təşkilatının inkişafı istiqamətində addımları bu ölkələrlə münasibətlərin ən yüksək səviyyədə olduğunu göstərir. Hazırda Azərbaycanla Özbəkistan arasındakı münasibətlər bütün sahələrdə inkişaf etməkdədir. Tarixi köklərə və qardaşlıq, dostluq prinsiplərinə əsaslanan Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderinin uzaqgörən siyasəti nəticəsində artan templə inkişaf edir.

“Hər iki ölkə arasında iqtisadi əlaqələr, ticarət dövriyyəsinin 1 milyard dollara qədər yüksəldilməsi, yaradılan imkanlar gələcəyə hesablanmış müsbət addımlardır. Azərbaycanla Özbəkistan arasında Ali Dövlətlərarası Şuranın yaradılması barədə sənəd isə daha geniş fürsətlər yaradır. Hazırda iki ölkə arasında hərtərəfli və strateji tərəfdaşlıq münasibətləri mövcuddur. Əlbəttə Azərbaycanla Özbəkistan arasında energetika, turizm, maşınqayırma və digər sahələrdə əməkdaşlıq təkcə iki ölkənin qarşılıqlı inkişafı demək deyil. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bütün türk dünyasının bu birlikdən istifadəsi üçün yararlanmasına xidmət edəcək. Bu gün Azərbaycan elə bir strateji mövqeyə malik bir dövlətdir ki, onunla dost olan dövlətlər ancaq qazana bilərlər. Bu baxımdan xarici siyasətdə türk dövlətləri ilə əlaqələr xüsusilə önəm daşıyır. Artıq dünyada yeni bir dönəm başlayır. Gedən proseslərdə isə Azərbaycan artıq güclü bir dövlət kimi öz mövcudluğunu ortaya qoyub. Türkiyə və Azərbaycanın türk dünyasının birliyi istiqamətində atdığı addımlar yeni mərhələdə güclü türk birliyinin də yaranmasının müjdəçisi olacaq”, – deyə deputat vurğulayıb.