Sevinc Fətəliyeva: “Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir”

Şavkat Mirziyoyevin Özbəkistan Prezidenti seçilməsindən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi xalqlarımızın dostluq və qardaşlıq münasibətlərinin göstəricisidir.

Bunu   Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Səfər çərçivəsində səmərəli görüşlər keçirildiyini və görüşlər zamanı qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsi istiqamətində bütün nailiyyətlərin ətraflı təhlil edildiyini diqqətə çatdıran deputat bildirib ki, bütün sahələrdə – beynəlxalq platformalarda birgə fəaliyyətdən, beynəlxalq təşkilatlarda üzvlük çərçivəsində qarşılıqlı fəaliyyətimizin möhkəmlənməsindən başlayaraq, energetika, nəqliyyat, qarşılıqlı iqtisadi fəaliyyət, humanitar məsələlərədək münasibətlərimizin gələcək inkişaf yolları müəyyən olundu.

S.Fətəliyevanın sözlərinə görə, səfər çərçivəsində imzalanan mühüm sənədlərdən biri də Ali Dövlətlərarası Şuranın yaradılması barədə müqavilədir. Bu sənədin imzalanması ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsinin, qardaşlıq münasibətlərinin, eləcə də gündəliyin kifayət qədər geniş olmasının göstəricisidir.

“Görüşlər zamanı iki ölkə arasında enerji sahəsində də səmərəli əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğu vurğulandı. Eləcə də, nəqliyyat-logistika sahəsində yük axınının artması bu istiqamətdə əməkdaşlıq potensialının genişlənməsini özündə ehtiva edir. Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın böyük tarixi əsasları mövcuddur. Xalqlarımız arasında qardaşlıq münasibətləri çoxəsrlik tarixə malikdir, bütün bu dövrlərdə biz dost və qardaş ölkələr kimi birgə olmuşuq və bir-birimizi dəstəkləmişik”, – deyə S.Fətəliyeva qeyd edib.

Deputatın sözlərinə görə, diqqət çəkən əsas məqamlardan biri də ali qonağın işğaldan azad edilmiş Qarabağa səfəridir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzulidə orta məktəbin istifadəyə verilməsi qardaşlıq, həmrəylik və dəstək jestidir. İnşa olunmuş məktəb özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyır və bu, təkcə təhsil ocağı deyil, eləcə də bizim dost və qardaşlığımızın daha bir mərkəzi olacaq. Dövlət başçıları və birinci xanımlar həmin məktəbin açılışını etdilər və Füzuli sakinləri ilə görüşdülər. Qarabağın incisi olan Şuşaya daha bir türk dövlətinin başçısının səfər etməsi, məşhur Cıdır düzünü ziyarət etməsi həqiqətən də qürurvericidir.

“Bütövlükdə, Azərbaycan və Özbəkistan arasında münasibətlər yüksələn xətlə inkişaf edir və bu səfər də dövlətlərimiz arasında qardaşlıq münasibətlərinin göstəricisidir”, – deyə Sevinc Fətəliyeva vurğulayıb.