Deputat: “Birinci vitse-prezidentin ad gününü laçınlılarla qeyd etməsi olduqca tarixi hadisədir”

“Düz bir il öncə Laçın şəhər mərkəzinin, Zabux və Sus kəndlərinin azad edilməsi, yeni yolun çəklişinin həyata keçirilməsi və rus sülhməramlı qüvvələrinin yeni dəhlizin müdafiəsi, mühafizəsi ilə məşğul olması Laçın rayonunun tarixində mühüm bir hadisə idi”.

Bu sözləri  Milli Məclisin deputatı, əslən Laçın rayonundan olan Mahir Abbaszadə deyib.

O bildirib ki, qələbədən sonra Azərbaycan Respublikasının Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Laçın rayonuna dəfələrlə səfərlər ediblər:

“Bu səfərlər nəticəsində yeni obyektlərin təməlqoyma mərasimləri ilə bərabər onların açılışlarında da iştirak etdilər. Laçın rayonunun şəhər mərkəzi və kəndlərinin bərpa edilməsi ilə bağlı cənab İlham Əliyev tapşırıqlarını verdi və beləliklə, Laçın şəhər mərkəzi, Zabux, Sus, Güləbird, Şəlvə və digər qonşu kəndlərinin quruculuq proseslərinə başlanıldı.

Azərbaycan sərhədlərində təhlükəsizliyin təmin edilməsi məqsədilə Laçın rayon ərazisində qoyulan sərhəd-keçid məntəqəsi olduqca mühüm hadisəyə malikdir. Çünki Qarabağdan Ermənistana gedən yol vasitəsilə ermənilərin humanitar məqsədlə istifadə etmələri olduqları yoldan silah-sursatın daşınması, əsgərlərin aparılıb-gətirilməsi kimi tədbirləri həyata keçirdikləri müddətdə həm Qarabağ, həm də sərhədlərimizdə sülhə təhdidlər yaranırdı. Buna görə də, Azərbaycan tərəfi sərhəd-keçid məntəqəsini təyin etdi və beləliklə, Azərbaycan sərhədlərinin tamamilə bağlanışı həyata keçirildi”.

Mahir Abbaszadə deyib ki, 30 il müddətində İranla təxmini 120-km-lik, Ermənistanla isə 440-km-lik sərhədimiz tamamilə erməni işğalı altında idi:

“Məhz 44 günlük Vətən müharibəsindən sonra sərhədlərimizi bərpa edə bildik. Laçın rayonu ərazisində olan sərhəd-keçid məntəqəsinin qurulması təhlükəsizlik və sülhün təmin olunmasını özündə ehtiva edir. Həmin yol humanitar məqsədlər üçün yenə də açıqdır, amma bu yoldan digər məqsədlərlə istifadə etmək olmaz!”

Deputat ölkə başçısının hər ad günlərini məcburi köçkünlərlə qeyd etdiyini xatırladıb:

“Prezident İlham Əliyev hər zaman özünün doğum günlərini biz məcburi köçkünlərlə qeyd edib. 50 yaşında Ağcabədi rayonunda “Taxta körpü”də laçınlı köçkünlərlə qeyd etdi, 60 illiyini Şuşada oldu. Bütün bunlar hər bir məcburi köçkünün həyatında tarixi hadisələrdir. Dünən Birinci vitse-prezident Mehriban Əliyevanın da ad gününü laçınlılarla birlikdə, şəhər günündə qeyd etməsi olduqca tarixi bir hadisədir. Hesab edirəm ki, bu tarixi hadisə biz laçınlıların tarixindən, yaddaşından heç vaxt silinməyəcək! Biz laçınlılar bu gün çox xoşbəxtik ki, öz ata-baba yurdumuzda, vətənimizdə belə tarixi hadisələrin şahidi oluruq”.