Deputat: “Bizim bütün hədəflərə çatmağa güclu iqtisadiyyatımız var”

2020-ci il Azərbaycan tarixində 8 noyabr zəfəri ilə yadda qaldı. Bəs Qarabağa böyük qayıdışın bu il reallaşması və 2021-ci ilin də böyük qayıdış ili kimi tarixdə qalması mümkündürmü.

Milli Məclisin deputatı Vüqar İskəndərov, 2021-ci ildə işğaldan azad edilən rayonlarımızda böyük quruculuq işlərinin həyata keçiriləcəyini bildirib.

Deputat qeyd edib ki, “2020-ci il bütün dünya üçün ağır il kimi yadda qaldı. Covid-19 bəlası bütün dünyanı bürüdü və hər kəs normal həyatı ilə vidalaşmalı oldu. 2020-ci il dünya üçün gözəgörünməz təhlükə ilə mübarizə ili kimi yadda qaldı. Yalnız Azərbaycan xalqı üçün 2020-ci il xoş hadisə ilə – Zəfər ili kimi yadda qaldı. 8 noyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsidir və buna görə də hər zaman qürurla anılacaq.

Biz 2021-ci ilə qədəm qoymuşuq. 2021-ci ildə dövlətimiz cənab prezidentimizin rəhbərliyi altında yeni-yeni uğurlara, müvəffəqiyətlərə imza atacaq. 2021-ci il Qarabağın dirçəliş ili olacaq. Hədəfimiz işğaldan azad edilən rayonlarımızı cənnətə çevirməkdir. Artıq bunun üçün cənab prezidentimiz lazımi  göstəriş və sərəncamlarını verib. Bu ilin büdcə zərfində işğaldan azad edilən ərazilərin dirçəldilməsi üçün 2 milyard 200 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu hələ başlanğıcdır. İşğaldan azad edilən ərazilərdəki quruculuq işində beynəlxalq şirkətlər də, dost-qardaş Türkiyə dövləti də iştirak edəcək. İtaliyanın da dost dövlət kimi bölgəmizin dirçəlməsində rolu olacaq. Bu siyahı daha da genişləcənək. Çünki bizə dost ölkələrin sayı çoxdur. Cənab prezidentimizin uğurlu xarici siyasətinin əsas hədələrindən biri də Azərbaycana yeni dost ölkələr qazandırmaqdır. Bu yöndə çox uğurlu addımlar atılıb. Bu gün bizə dost olan dövlətlərin sayı çoxdur. Bu gün cənab prezidentimiz Qoşulmama Hərəkatına sədrlik edir. Hansı ki, bu qurum BMT-dən sonra ikinci böyük qurumdur. Bu qurumdakı dövlətlər də prezidentimizin sədr kimi fəaliyyətini yüksək qiymətləndirir və onlar bizim ölkəmizə xüsusi rəğbət bəsləyirlər. Bu məsələdə  həm prezidentimizin, həm də I vitse-prezidentimiz hörmətli Mehriban xanımın böyük əməyi var.

Şanlı ordumuzun 8 noyabr zəfəri ölkəmizi dünyada daha çox tanıtdı. 5-ci nəsil müharibəmiz dastan kimi dillərdə gəzir. Dünyanın aparıcı hərbi institutları bu təcrübənin öyrənilməsi üzərində işləyir. 2021-ci ildə əsas hədəfimiz ordumuzun azad etdiyi dilbər guşələrimizi yenidən abadlaşdırmaq, dağıdılan infrastrukturu, tarixi abidəəri və s. bərpa etməkdir. Aydındır ki, bunlar bir ayın və ya bir ilin işi deyil. Orada hələ ki, minaların təmizlənməsi prosesi gedir. ANAMA bu yöndə ciddi iş aparır. Türk mütəxəssislər, o cümlədən Rusiya sülhməramlıları da ərazilərin minalardan təmizlənməsi prosesində iştirak edir. Eyni vaxtda yolların çəkilməsi, infrastrukturun qurulması, elektrik enerjisi üçün dirəklərin  basdırılması və s. kimi işlər həyata keçirilir. Hər şey cənab prezidentin nəzarətindədir. İnanıram ki, biz yaxın vaxtdalarda böyük qayıdış haqqında danışacağıq.

Biz illər uzunudur ki, həsrət qaldığımız torpaqlarımıza qovuşmuşuq. Hər birimiz artıq qürurlu gəzirik. Biz qürurlu xalqın nümayəndələrik. Xoşbəxtik ki, bu böyük tarixi yaşamışıq. Bu böyük qələbənin memarı isə prezidentimiz, ordumuz və yumruq kimi birləşən xalqımızdır. Bizim bu birliyimiz həmin bölgəmizi cənnətə çevirəcək əsas amillətrdən biri olacaq. Dövlətimizlə xalqımızın birliyi bizə qarşıya qoyduğumuz bütün hədəflərə çatmağa imkan verir. Məqsədimiz Qarabağı gülüstana çevirmək, insanlarımızın ora qayıdışını təmin etməkdir. Əminəm ki, biz bu qayıdışa şahid olacağıq”.