Deputat: “Ermənilərin problemi aclıq və humanitar problem deyildi”

“Bu, Azərbaycanın böyük diplomatik uğurudur. Bütün dünya gördü ki, Ağdamdan keçməklə belə bir alternativ yol var və onun vasitəsilə də Xankəndiyə humanitar yüklərin çatdırılması mümkündür. Yaranmış vəziyyət Ermənistanın humanitar istiqamətdə yaratdığı siyasi şou pərdəsinin bağlanması, onun iflasa uğramasıdır”.
Bunu Milli Məclisin deputatı Elman Nəsirov Ağdam-Xankəndi yolu vasitəsilə göndirilən humanitar yükün nəhayət Qarabağda yaşayan ermənilərə çatdırılması ilə həmin yolun işə düşməsini mühüm tarixi qələbə kimi dəyərləndirərkən deyib:
“Ermənistan Laçın yolu ətrafında siyasi şou yaratmışdı. Bu siyasi şounu həmçinin BMT Təhlükəsizlik Şurasının gündəliyinə də salmışdı. Amma ermənilər burada da biabırçı diplomatik məğlubiyyətə düçar oldular. Ancaq buna rəğmən İrəvan siyasi şoudan əl çəkmədi. Növbəti dəfə beynəlxalq ictimai fikrə guya, Xankəndidə yaşayan ermənilərin acından öldükləri, ora gedən yeganə yolun Laçın yolu olduğu və onu da Azərbaycanın bağladığı barədə yalan məlumat ötürməyə çalışdılar. Heç bir yerdə Ağdam-Xankəndi yolunun adını çəkmirdilər, çünki bu, onlara lazım deyildi. Ermənilərin problemi aclıq və humanitar problem deyildi”.
 Deputat bildirib ki, Azərbaycan Ağdam-Xankəndi yolunu təklif etdi, amma qondarma rejim bu istiqamətdən göndərilən yükün Qarabağdakı əhaliyə çatmasına imkan vermirdi. “Azərbaycandan gələn humanitar yükün deyil, maraqlısı odur ki, Rusiyadan məhz Ağdam yolu ilə gələn yükün də qarşısını almışdılar. İndi isə bəlli olur ki, qondarma rejim Rusiyadan gələn yükün Ağdam-Xankəndi yolu ilə hərəkət edərək, ünvana çatmasına imkan yaradıb. Deməli, artıq bu proses başlanıb. Bu da Azərbaycanın çox böyük diplomatik uğurudur”,- deyə E. Nəsirov vurğulayıb.
Deputat qeyd edib ki,  Azərbaycan bununla bütün dünyaya sübut etdi ki, ermənilərin humanitar böhran adı altında başladıqları bu oyun siyasi şoudur:
”Azərbaycanın ünvanladığı humanitar yükün Xankəndinə çatması da artıq labüddür. Xankəndidəki terrorçu rejim buna maneə olsa, bir dahaözlərini ifşa etmiş olacaqlar”.
Qeyd edək ki, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobili nəhayət Ağdamdan keçərək, Xankəndiyə çatıb. Bu isə o deməkdir ki, Azərbaycanın Qarabağın erməni sakinlərinə humanitar yükün daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi artıq reallığa çevrilib.