Deputat: “Ermənistan yenə pozucu fəaliyyətindən əl çəkmir”

Ermənistan post-müharibə dövründə də təxribatlarını davam etdirir. Otuz ildən sonra Azərbaycanın siyasi iradəsi sayəsində bölgədə dayanıqlı sülhün təmin olunması üçün zəmin yaranıb. Bütün region dövlətləri yeni əməkdaşlıq üçün yaranan imkanlardan bəhrələnməyə çalışdığı halda bu məsələdə ən çox maraqlı olması gərəkən tərəf Ermənistan isə yenə pozucu fəaliyyətindən əl çəkmir.

Bu dəfə erməni diasporu təxribata əl ataraq ABŞ Konqresinin Nümayəndələr Palatasında Erməni Qrupunun üzvləri tərəfindən hazırlanan “Azərbaycan tərəfindən bütün müharibə əsirləri və əsir götürülmüş mülki şəxslərin azad edilməsi ilə bağlı Nümayəndələr Palatasının mövqeyinin ifadə olunması” adlı tamamilə əsassız qətnamə layihəsini qəbul etdirməyə çalışır. Aydındır ki, hazırkı layihənin müəllifi Amerikanın Erməni Milli Komitəsi və Amerikanın Erməni Assambleyasıdır. Lakin təəssüf doğuran məqam bəzi konqresmenlərin bu təşkilatların dəstəyi ilə Azərbaycan əleyhinə fəaliyyətlərini davam etdirməsidir.

Erməni tərəfi terrorçu-diversantları “əsir” kimi qəbul etdirməyə çalışır

Nə qədər təzadlı səslənsə də, regionun sabitlik qarantı olan Azərbaycan yenə əsassız şəkildə ittiham olunan tərəfdir. Belə ki, ermənipərəst konqresmenlər guya Azərbaycanın 200-ə yaxın erməni hərbi və mülki şəxslərini “girov” saxladığını iddia edir. Halbuki hərbi əsirlərin mübadiləsi məsələsində Azərbaycan tərəfi xüsusi həssaslıq nümayiş etdirərək, Vətən müharibəsi zamanı əsir düşmüş 43-ü hərbçi və 28-i mülki şəxs olmaqla, ümumilikdə 71 erməni vətəndaşını 10 noyabr tarixli üçtərəfli bəyannamənin 8-ci bəndinin şərtlərinə uyğun şəkildə qarşı tərəfə geri qaytarıb. Eyni zamanda işğaldan azad edilmiş ərazilərimizdə tapılan 1274 cəsəd də qarşı tərəfə təhvil verilib. Lakin erməni tərəfi terrorçu-diversantları “əsir” kimi qəbul etdirməyə çalışır. Bununla Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq bölgədə dayanıqlı sülh və təhlükəsizliyə mane olmağa can atır.

Azərbaycan ilk gündən 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişin bütün müddəalarını tam məsuliyyətilə icra edir. Rəsmi Bakı üçün bölgədə dayanıqlı sülh və təhlükəsizliyin, inkişafın təmin olunması məqsədilə imzalanmış üçtərəfli bəyanatın yerinə yetirilməsi vacib şərtdir. Bu razılaşma dayanıqlı sülhün əsas qarantıdır. Amma təəssüf ki, erməni tərəfinin müxtəlif təxribatçı davranışları beynəlxalq ictimaiyyət tərəfindən susqunluqla qarşılanır. Bu yanaşma erməni tərəfinin təxribatları davam etdirməsi üçün əlverişli mühit yaradır.

Xatırlatmaq yerinə düşər ki, ABŞ başda olmaqla bir çox beynəlxalq güclərin Ermənistana təzyiq göstərməməsi bölgədə “status-kvo”nun 30 ilə qədər uzanmasına gətirib çıxardı.

Bu Ermənistanın post-müharibə dövründəki cinayətləridir

Təsadüfi deyil ki, Birinci Qarabağ müharibəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının aqibəti hələ də aydınlaşdırılmayıb. Eyni zamanda 44 günlük Vətən Müharibəsi dövründə Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə məruz qalmış yaşayış məntəqələrində həyata keçirilən faktaraşdırıcı missiyalar zamanı əldə olunmuş faktlar və sübutlar əsasında 7 hesabat, habelə Ermənistan tərəfindən Azərbaycanın əsir və girovlarına qarşı işgəncə və pis rəftarla bağlı hesabat hazırlanaraq müvafiq beynəlxalq təşkilatlara, səfirliklərə, o cümlədən, ABŞ səfirliyinə göndərilib. Lakin hələ ki, bu məsələ ilə bağlı reaksiya yoxdur.

Maraqlıdır ki, ermənipərəst konqresmenlərin hazırladığı üzdəniraq sənəddə ABŞ Dövlət Departamenti Azərbaycan hakimiyyətinə birbaşa və ATƏT-in Minsk Qrupu vasitəsilə müdaxilə etməyə çağırılır. Amma əslində istər Dövlət Departamenti, istərsə də vasitəçilər ilk növbədə Ermənistana təzyiq göstərərək Birinci Qarabağ savaşında itkin düşmüş 4 minə yaxın soydaşımızın aqibətini aydınlaşdırmağa, minalanmış ərazilərin xəritəsini verməyə məcbur edilməlidir. Çünki bu, azad olunmuş ərazilərdə bərpa prosesinə mane olan əsas faktordur. Eyni zamanda hərbi əməliyyatların bitməsindən bu günədək işğaldan azad olunmuş ərazilərdə mülki şəxslər və hərbçilər daxil olmaqla 20-yə yaxın şəxs minaya düşərək həlak olub. 62 hərbi qulluqçumuz və 9 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu da Ermənistanın post-müharibə dövründəki cinayətləridir.

ABŞ birmənalı mövqesərgiləməlidir

ABŞ Administrasiyası başda olmaqla beynəlxalq ictimaiyyətin bu məsələ ilə bağlı susqunluğu təəssüf doğurur. Görünən odur ki, ikili standartlar post-müharibə dövründə də davam edir. Azərbaycan ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddət ərzində ABŞ hökuməti və qanunverici orqanı Ermənistanın işğalçı siyasətini, yüz minlərlə azərbaycanlının məcburi köçkün vəziyyətinə düşməsini qınayan, azərbaycanlı mülki əhalinin davamlı raket atəşinə tutulmasını pisləyən bəyanat vermədi. Azərbaycan öz gücü və iradəsi ilə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icrasına nail olmaqla məcburi köçkünlərin pozulmuş hüquqlarının nəhayət bərpasına nail oldu.

Bu gün bölgədə həqiqi sülhün bərqərar edilməsi üçün tarixi şans yaranıb. Bu prosesdə ikili standartlar birmənalı şəkildə yolverilməzdir. Bölgədə yaranan bu unikal imkanlar maksimum şəkildə səmərəli dəyərləndirilməlidir. Azərbaycan bölgə dövlətlərinin iştirakı ilə yeni əməkdaşlıq platformaları təklif etməklə bərabər, bərpa prosesi ilə bağlı da operativ tədbirlər görür. Xüsusilə, Azərbaycana dost olan ölkələrdən olan investorların bərpa prosesinə cəlbi uğurla davam etdirilir. Türkiyə və İtaliyadan sonra bu həftə Bakıda səfərdə olan Macarıstan rəsmiləri bu ölkədən olan investorların da bərpa prosesində iştirakı ilə bağlı real təkliflərlə çıxış ediblər. Yəni, bərpa prosesinin qısa zamanda həyata keçirilməsi, Qarabağın Prezident İlham Əliyevin də söylədiyi kimi, cənnətə çevrilməsi bütün dövlətlərin marağında olmalıdır. Bu mənada ABŞ da 10 noyabr 2020-ci il tarixli Üçtərəfli razılaşmanı dəstəkləməklə regionun gələcək rifahı naminə beynəlxalq hüquq və ədalətə söykənən birmənalı mövqe sərgiləməlidir. Çünki ikili standartların post-müharibə dövründə davam etdirilməsi sülh və təhlükəsizliyə ciddi zərbədir.

Könül Nurullayeva,

Milli Məclisin deputatı