Deputat: “Ermənistanın bu addımlarına himayədarlıq edən tərəflər var”

“Ermənistanın siyasi rəhbərliyinin dəfələrlə sınaqdan çıxardığı bir yanaşma var. Bunu Köçəryan da vaxtilə edib, Sarkisyan da onu davam etdirib və bu günləri Paşinyan da eyni siyasi kursu həyata keçirir. Bu da onunla bağlıdır ki, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı müsbət bir tendensiyalar baş verdikdə dərhal onun dayandırılması üçün təxribatlara əl atılır, hərbi təxribatlara, hərbi insidentlərə yol açılır. Hesab edirəm ki, əslində Ermənistan siyasi rəhbərliyi, eyni zamanda hərbi rəhbərliyi Ermənistan-Azərbaycan şərti sərhədində hərbi təxribat törətməklə, Laçın dəhlizi boyu Azərbaycan sərhəd nəzarət-buraxılış məntəqəsini atəşə tutmaqla, orada bir hərbçimizi yaralamaqla, Zəngəzur istiqamətində hərbi təxribatları həyata keçirməklə eyni niyyəti güdür”.

Bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov dünən şərti sərhəddə Ermənistan ordusunun törətdiyi təxribatlara münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, artıq heç kəsə sirr deyildir ki, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və sülh müqaviləsinin imzalanması istiqamətində müəyyən ciddi proseslər getməkdədir:

“May ayının əvvəlində xarici işlər nazirləri səviyyəsində Vaşinqton görüşü keçirildi. Bunun ardınca bilirsiniz ki, Moskva danışıqları, sonra Brüssel danışıqları, Kişinyovda aparılan danışıqlar oldu. Bunlar hamısı onu göstərir ki, sülh müqaviləsinin imzalanması istiqamətində çox ciddi proseslər getməkdədir. Və görünür ki, Ermənistanın siyasi, hərbi rəhbərliyi bu prosesin qarşısını almaq üçün yenidən belə hərbi təxribatlara imza atıblar. Həm də Ermənistanın bu addımlarına himayədarlıq edən tərəflər var. Elə bu günlərdə Fransanın xarici işlər naziri Ketrin Kolonna Avropa Parlamentində çıxış edib və etdiyi çıxışının mövzusuna baxın: Ermənistan-Azərbaycan münasibətləri və Dağlıq Qarabağda, Laçın dəhlizində vəziyyət. Bu çıxışı başdan-ayağa anti-Azərbaycan mövqeylidir. Avropa parlamentarilərinin suallarına cavabında göstərir ki, Ermənistan-Azərbaycan sülh prosesində Fransa Ermənistanın və erməni xalqının yanındadır. Laçın dəhlizi ilə bağlı söylədiyi fikirlər tamamilə absurddur. Laçın dəhlizini ermənilər üçün bir ölüm dəhlizi kimi təqdim edir”.

Deputat onu da qeyd etdi ki, bütün bu reallıqlar fonunda gördüyü kimi, Ermənistan bu hərbi təxribatları təkcə özbaşına həyata keçirmir, himayədarlarının xeyir-duası ilə bu addımları atır.

“Fransanın, İranın xeyir-duası var. Elə bir neçə gün bundan öncə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan etdi ki, Zəngəzur dəhlizinin işə salınmasında Ermənistan deyil, İran mane olur. Açıq şəkildə ünvanı göstərdi. Hesab edirəm ki, bütün bu reallıqlar fonunda son zamanlar Ermənistanın hərbi təxribatları, insidentləri baş verməkdədir. Ancaq Ermənistan tərəfi ağlını başına yığmalıdır ki, belə hərbi təxribatlar heç bir zaman cavabsız qalmayıb, yenə də qalmır. Onun Ermənistan üçün perspektivdə ciddi fəsadları ola bilər. Dəmir yumruq yerindədir”, – deyə E.Nəsirov vurğuladı.