Vahid Əhmədov: “Qiymətlər niyə qalxmalıdır?”

İnsanlar metrodakı sıxlıq, avtobusların gecikməsi və s. səbəblərdən ünvana dah tez və rahat çatmaq üçün taksilərdən istifadə edir.
Son zamanlar isə taksi qiymətlərinin artması ilə bağlı bir sıra xəbərlər yayılıb.

Son olaraq, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi qiymətlərinin artacağı ilə bağlı açıqlaması ölkədə narazılığa səbəb olub.
Bəs, taksi qiymətlərinin artırılmasını zəruri edən nədir?

Milli Məclisin sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov a bu mövzunun onu da narahat etdiyini bildirib:

“Mən bu məsələni parlamentdə də qaldırdım. Səbəbi maraqlıdır. Bazarda 68 min taksi var. Deyirlər ki, heç bir taksi ixtisar edilməyəcək. Bazarda azad rəqabətdir, qiymətlər də dövlət tərəfindən tənzimlənmir. Belədirsə, qiymətlər niyə qalxmalıdır? Əgər 68 min taksini 30 minə qədər azaldacaqlarını desəydilər, o zaman qiymətlərin artacağını gözləyə bilərdik. Hazırda isə səbəbini bilmirik. Bunu zaman göstərəcək”.

Millət vəkili taksilərlə yanaşı digər nəqliyyat vasitələrində də problemlər olduğunu qeyd edib:

“Burada əsas məsələ şirkətlərin, işçilərin özlərinə çəki-düzən verməsidir. Bu, mədəniyyət məsələsidir. Ümumiyyətlə, nəqliyyat sistemində problemlər çoxdur. Təkcə taksilər deyil, avtobus, metroda olan çatışmazlıqlar da düzəldilməlidir. Bütün bunlar kompleks şəklində həll edilməlidir. İnsanların əlçatanlığı yüksək səviyyədə olmalıdır. Taksilərlə bağlı problemi müəyyən qədər həll etmık üçün taksometrlərin qoyulacağı bildirilib. Bu zaman qiymətlər aydın şəkildə görünəcək. Lakin digər sahələrə də baxmaq lazımdır”.