Deputat: “Ermənistanın havadarları prosesi pozmağa can atır”

Azərbaycanın erməniəsilli vətəndaşlara humanitar yardım göndərməsi rəsmi Bakının reinteqrasiya prosesinin sürətlənməsində maraqlı olduğunu bir daha təsdiqləyir. Ümumiyyətlə, Azərbaycan Qarabağ bölgəsinin etnik erməni sakinlərini Azərbaycanın siyasi, hüquqi, sosial-iqtisadi mühitinə reinteqrasiya etmək əzmindədir. Ölkə Konstitusiyası, beynəlxalq sənədlər, milli qanunvericiliyimiz buna zəmin yaradır.

Bu fikirləri   Milli Məclisin üzvü Könül Nurullayeva açıqlayıb.

Milli Məclisin deputatı bildirib ki, separatçıların Azərbaycan Qızıl Aypara Cəmiyyətinin humanitar yardımlarından imtina etməsi və müxtəlif absurd şərtlər irəli sürməsi yolverilməzdir.

“Azərbaycan xoş niyyət sərgiləyib və bunu yalnız alqışlamaq olar. “Humanitar fəlakət” iddiası qaldıranların iddiasının əslində havadarların diktəsilə Laçın yolu ilə bağlı manipulyasiyalar olduğu aydındır. Digər tərəfdən, Ermənistanın havadarları prosesi pozmağa can atır. Xüsusilə Fransanın canfəşanlığı diqqətdən qaçmır”.

Millət vəkilinin sözlərinə görə, Afrikada ciddi problemlərlə üzləşmiş və ağır duruma düşən Fransa Cənubi Qafqazda da pozucu fəaliyyətindən əl çəkmir və durumu gərginləşdirmək istiqamətində işini davam etdirir.

“Ötən gün Azərbaycan Prezidentinə zəng edən Makronun qaldırdığı məsələlər dövlət başçımız tərəfindən yetərincə cavablandırıldı və Azərbaycanın  mövqeyi tam ifadə olundu. Dövlət başçımız bir daha bəyan etdi ki, Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradılır və bundan siyasi manipulyasiya məqsədilə istifadə edilir. Makron yaxşı bilir ki, Azərbaycan Qarabağın erməni əhalisinin təmsilçilərini reinteqrasiya məsələlərini müzakirə etmək üçün paytaxt Bakıya və Azərbaycanın digər şəhərlərinə dəvət edib, ancaq onlar bundan da imtina ediblər və məqsədyönlü şəkildə vəziyyətin guya humanitar gərginlik xarakteri daşıdığını təqdim etməyə çalışırlar. Rəsmi Bakının mövqeyi bundan ibarətdir ki, Ağdam-Xankəndi yolu açıldıqdan sonra Azərbaycanın gömrük və sərhəd rejimi qaydalarına riayət etməklə Laçın-Xankəndi yolundan istifadə edilə bilər. Ardıcıl ermənipərəst siyasət yürüdən Fransa Avropa İttifaqındakı imkanlarından və başı Ukraynada müharibəyə qarışmış Rusiyanın zəifləməsindən  istifadə edərək Ermənistana hərbiləşmiş missiyanın göndərilməsinə nail oldu, bununla da danışıqlar prosesinə zərbə vurdu”.

Deputat K.Nurullayeva onu da əlavə edib ki, Fransa faktiki olaraq Cənubi Qafqazda sülh prosesinə kobud müdaxilə etdi. “Paris indi də bu istiqamətdə təxribatçı planlar qurmaqda davam edir. Lakin Azərbaycan qalib ölkə kimi bu regionda prosesləri özü idarə edir. Qarabağ ermənilərinin məsələsi Azərbaycanın daxili işidir. Burada heç bir kənar qüvvə bu prosesə töhfə vermək niyyətində deyil”,- deyə o qeyd edib.