Deputat: “Ermənistanın saxta humanitar şousu faktlarla ifşa olundu”

“Postmünaqişə dövründə Ermənistan və havadarları BMT Təhlükəsizlik Şurasında üçüncü dəfə fiaskoya məruz qaldı. Havadarlarının dəstəyi və Azərbaycan əleyhinə qətnamə ümidi ilə “humanitar böhran” şousunu BMT Təhlükəsizlik Şurasının iclasına daşıya bilsə də situasiya İrəvanın əleyhinə işlədi”.

Bu fikirləri  Milli Məclisin deputatı Bəhruz Məhərrəmov avqustun 16-da BMT TŞ-ının Qarabağdakı vəziyyətlə bağlı təşkil etdiyi iclasın nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin beynəlxalq hüququn prinsiplərinə və BMT Nizamnaməsinə əsaslanan direktivlərini rəhbər tutan Azərbaycan nümayəndəsinin tezisləri BMT TŞ üzvlərini fakt qarşısında qoydu:

“Daimi və qeyri-daimi üzvlər ya BMT Nizamnaməsinin məqsədləri, prinsipləri, o cümlədən sənədin ikinci maddəsinin  dördüncü bəndində ehtiva olunan, habelə beynəlxalq hüququn ümumtanınmış prinsipləri kimi təsbit olunmuş ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərini, o cümlədən dövlətlərin suverenliyi anlayışını görməzdən gələrək İrəvanın iddialarını müdafiə etməli, ya da hüququn aliliyini rəhbər tutmalı idilər. Düzdür, Fransa, habelə Parisin orbitində olan Malta və İsveçrə nümayəndələri məsələni konteksdən çıxararaq imitasiyalara cəhd etdilər, lakin yekunda BMT Təhlükəsizlik Şurasının iclasından hədəflənən nəticə hasil edilmədi”.

Deputatın fikrincə, iclas heç bir sənəd və ya qərar qəbul edilmədən başa çatsa da onu nəticəsiz hesab etmək olmaz: “İlk növbədə prosesin gedişatının özü Azərbaycan diplomatiyasının  böyük uğuru, Ermənistanın isə növbəti dəfə ifşası kimi tarixə düşdü. Daha doğrusu, İrəvan nə qədər riyakar və ikiüzlü olduğunu dünyaya göstərdi. Çünki 30 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini görməzdən gələn, sənədləri icra etməkdən açıq formada imtina etməklə TŞ-ni heçə sayan bir dövlətin BMT TŞ-dən mədət ummasının riyakarlıqdan başqa adı ola bilməz.
İkincisi, Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Təhlükəsizlik Şurasının iclasına “artsaxlı” uşaqların fotoları ilə qatılması, yalnız Xocalıda 63 uşağı işgəncə ilə öldürən, münaqişə dövründə döyüş bölgəsindən uzaqda yerləşən yaşayış evlərini birbaşa hədəfə almaqla 20-ə yaxın azyaşlı və körpənin məhvinə səbəb olan bir dövlətin bu gün uşaq hüquqlarından danışması, uşaqların kölgəsinə sığınması ləyaqətsiz davranış və uşaq istismarıdır”.

B.Məhərrəmov qeyd edir ki, BMT Təhlükəsizlik Şurasının iclasının nəticələri Azərbaycanı qane etsə də, bütövlükdə prosesin özü BMT-nin öz məqsəd və prinsiplərinə zidd formada siyasi manipulyasiyaların alətinə çevrildiyini və Prezident İlham Əliyevin bəyan etdiyi kimi təşkilatda islahatların labüdlüyünü bir daha gündəmə gətirdi: “Əgər dövlətlərin ərazi bütövlüyü və suverenliyini təhdid edən, separatizm meyillərinə dəstək verməklə regionda sülh və sabitliyə açıq formada əngələ çevrilən saxta iddialar dünyanın bir nömrəli masasında müzakirə mövzusuna çevrilirsə, bu o deməkdir ki, həmin masa artıq özünün fövqəl əhəmiyyətini itirib. Ermənistanın saxta humanitar şousunu müzakirəyə çıxarmaqla BMT Təhlükəsizlik Şurası da göstərdi ki, bu struktur artıq bəşəri dəyərlər adına səmərəli platforma deyil”.