Novruz Aslanov Xalq artistinin məzarını ziyarət etdi

“İlhamə xanımın məzarını ziyarət etmək bizim vətəndaşlıq borcumuzdur”.
Bunu  açıqlamasında Milli Məclisin deputatı Novruz Aslan Xalq artisti İlhamə Quliyevanın 80 illik yubileyi ilə bağlı danışarkən deyib.
Deputat bildirib ki, yaşadığı dövrdə öz vətəninə, xalqına xidmət edən şəxslərdən biri də İlhamə Quliyeva olub.
“İlhamə xanım sənət aləmində qızıl həriflərlə öz həyat yolunu yazıb, xalqa, dövlətinə xidmət edib, digər ölkələrdə Azərbaycanı tanıtdırıb. Bu onun  əvəzedilməz xidmətidir. Hesab edirəm ki, dövlət  tərəfindən lhamə xanım həmişə yüksək səviyyədə qiymətləndirilib. Fəxri adlar, “Şöhrət” və “Şərəf” ordeninə layiq görülüb. İlhamə xanım da əlindən gələni edib ki, dövlətinə, xalqına xidmət eləsin.Biz onunla uzun illər işlədik, böyük bir yaradıcılıq yolu keçdik, 10-a yaxın layihəmiz oldu, hamısı da xalq tərəfindən yüksək qiymətləndirilib”.
Novruz Aslan İlhamə xanımın ictimai işlərdə fəal olduğunu xatırladıb.
“Aypara” cəmiyyətinin bütün tədbirlərində iştirak edirdi. Biz onu heç vaxt yaddan çıxarda bilmərik. Ona görə hər il olduğu kimi bu ildə onun ad günündə səhər tezdən “Aypara” cəmiyyətinin rəhbərliyi ilə məzarlığa gedib, onun qəbrini ziyarət edirik. Belə bir gündə onun məzarını yad etməmək olmazdı”,- deyə N. Aslan vurğulayıb.
Deputat İlhamə Quliyevanın 80 illik yubileyinin keçirilib-keçirilməməsi ilə bağlı məsələyə cavab verə bilməyəcəyini vurğulayıb:
“Bu mənim işim deyil, nə vaxt, necə kimin yubileyinin keçirilməsini aidiyyatı qurumlar bilər.  Onu deyə bilərəm ki, onun yaradıcılığı həmişə qiymətləndirilib və bundan sonra da qiymətini alacaq. Amma məqamı və zamanı var”.
Novruz Aslanın sözlərinə görə, 2000-ci ildə son musiqi layihəyiləri sona çatıb:
“Ondan sonra bizim İlhamə xanımla əməkdaşlığımız olmayıb. Amma biz bütün tədbirlərdə həmişə İlhamə xanımla birlikdə iştirak etmişik, son ana kimi mehriban münasibətlərimiz olub. Onun ölümündən sonra müğənnilər mənə müraciət edib və İlhamə xanımın sənətinin davam etməsini istəyib. Həmişə çalışıram ki, onun yaradıcılığını ölməz edim. Onun dəsti xətti ilə sevilən mahnılarını qoruyub yaşatmalıyıq. Müğənnilərdən  ənə müraciət edirlər ki, həmin musiqiləri yenidən aronjiman edək”.
Deputat Nadir Qafarzadə, Lalə Məmmədova, Şamo Məmmədov, Nəsimi İbadov kimi sənət adamlarının İlhamə xanım üçün yazılan mahnıların oxunması üçün ondan izn istəməsini qeyd edib:
“Mahnılar susa bilməz, yazılıbsa oxunmalıdır. Yeni  nəsil gəlir. Musiqidə bir çox proseslər baş verir.  Qənatbəxş olmadığı zaman hamılıqla elə etməliyik ki, köhnə mahnıları bərpa edib, gənclərə təqdim etməliyik. Ən azı onlar bilməlidirlər ki, yeni musiqilərlə yanaşı bizim həm də belə əsərlərimiz var. Qoy gənclər seçim etsinlər. Onların musiqi seçiminə biz heç zaman müdaxilə edə bilmərik. Onlara diqtə edə bilmərik ki, sən bu mahnıya qulaq asmalısan. Bu, mümkin deyil, onu heç övladlarımıza da edə bilmərik. İnsan azaddır, hər şeyə özü qərar verir. Bu bir menyudur, biz onu təqdim etməliyik. İlhamə xanımın bütün mahnılarını gənclər öz ifalarında səsləndirməlidir”.