Deputat: “Fransa səfirinin “persona-non-qrata” elan olunması məsələsinə baxıla bilər”

Prezidentin Laçından Fransaya mesajı: “bütün təxribatlara ən sərt şəkildə cavab veriləcək”!

Fransa səfirinin “persona-non-qrata” elan olunması məsələsinə baxıla bilər.

Avqustun 26-də “Laçın Şəhəri Günü” Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Laçında təntənəli şəkildə qeyd edildi.

Artıq Azərbaycan xalqı şəhərlərinin işğalı gününü böyük ağrı və hüznlə, məruz qaldığı ədalətsizliyi və haqsızlığı dilə gətirməklə qeyd etmir. Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, qəhrəman şəhid və qazilərimizin şücaəti və qanı bahasına bu faciəvi günlər tarixin qara səhifələrindən birdəfəlik silindi. İndi biz işğaldan azad edilmiş şəhərlərimizin yeni “doğum günü”nü, dirçəlişini və intibahını qeyd edirik.

Bir millət və bir xalq üçün bundan böyük xoşbəxtlik və milli qürur mənbəyi ola bilməz. Cənab Prezidentin laçınlılarla görüşündə bu xoşbəxtlik açıq-aydın hiss olunurdu, hər bir laçınlı 31 il ağır məhrumiyyətdən sonra öz doğma torpaqlarına qayıtmağın sevincini və qürurunu yaşayır və tarixi ədaləti “Dəmir Yumruğu” ilə bərqərar etdiyinə görə Ali Baş Komandana minnətdarlıqlarını bildirirdilər.

Cənab Prezident təntənəli mərasimdə etdiyi çıxış zamanı Laçında qısa müddət ərzində həyata keçirilən böyük həcmli bərpa və quruculuq işlərinə toxundu və Azərbaycana qarşı fitnə və təxribatlarını davam etdirən Fransa kimi ölkələrə bir daha açıq və net mesajlarını çatdırdı.

Prezidentin çıxışından sitat: “Haqq-ədalət bizim tərəfimizdədir, beynəlxalq hüquq bizim tərəfimizdədir, biz heç kimdən qorxmuruq və bunu göstərmişik, həm döyüş meydanında, həm siyasi müstəvidə. Ermənistanın havadarları bunu nə qədər tez anlasalar, o qədər də Ermənistan üçün yaxşı olacaq və bölgə üçün yaxşı olacaq. Bu il aprelin 23-də Laçın rayonunda, Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsi qoyulmuşdur. Sərhəd-buraxılış məntəqəsinin qurulması ərazi bütövlüyümüzün tam bərpası deməkdir və bunu biz beynəlxalq hüquq çərçivəsində etdik, biz öz ərazimizi qoruyuruq, öz sərhədlərimizi qoruyuruq və qoruyacağıq. Bir daha iradə, cəsarət, öz gücünə əminlik nümayiş etdirərək biz bunu etdik. Nə qədər bizə təzyiqlər oldu, nə qədər hədə-qorxular oldu. Bu gün də bu təzyiqlər davam edir, bu gün də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan və onun arxasında dayananlar bizə qarşı müxtəlif fitnələr ortaya atırlar. Heç bir şey bizi yolumuzdan döndərə bilməz.”

Kifayət qədər qətiyyətli, özgüvənli və cəsarətli bəyanatdır. Bu bəyanatın ünvanı isə son günlər yenə də azğınlaşan Fransadır. Fransa həm 2020-ci ilin oktyabrında, həm də 2022-ci lin dekabrın 20-21-də və 2023-cü ilin avqustun 16-da BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirə bilməməsinin hələ də “şoku”nu yaşayır, məruz qaldığı rüsvayçı məğlubiyyətini həzm edə və acısını unuda bilmir.

Bu baxımdan, qarşıdakı günlərdə Fransanın ölkəmizə qarşı yeni təxribatlar planlaşdırması haqqında yayılan xəbərlərə də təəccüblənməməliyik. Belə ki, üç gün öncə “Le Figaro” qəzeti yazdı ki, Fransa həm BMT Təhlükəsizlik Şurasına Azərbaycanın əleyhinə qətnamə layihəsi təqdim etməyə, həm də Paris və Fransanın böyük regionları Qarabağ ermənilərinə 10 tırdan ibarət “humanitar yardım” göndərməyə hazırlaşır. Hətta avqustun 30-da Laçına doğru hərəkət edəcək “humanitar karvan”ı Paris meri Anne Hidalgonun müşayiət edəcəyi bildirilir. Yəni, Paşinyanın “tır tamaşasının” “2-ci pərdəsi”nin nümayişinə hazırlıq gedir.

Bu məlumatlar bir daha onu göstərir ki, Fransa özünün siyasi riyakarlığı, ikiüzlülüyü və beynəlxalq hüquqa hörmətsizliyi ilə artıq bacısı Ermənistanı da geridə qoyub. Fransanın Azərbaycandakı səfirinin Avropa İttifaqına üzv olan ölkələrin Bakıdakı səfirliklərinə avqustun 26-da şəhər günü münasibətilə Laçında düzənlənən tədbirdə işrirak etməmələri üçün təzyiqlər etməsini də bu rəzilliyə əlavə etsək (təqdirə layiq haldır ki, Fransanın bu məsuliyyətsiz çağırışına əksər ölkələr qoşulmayıb), görərik ki, Fransa ölkəmizə qarşı açıq düşmənçilik mövqeyi tutub və indiyə kimi düçar olduğu uğursuzluqdan heç bir dərs çıxartmayıb. Düşünürəm ki, Fransanın Bakıdakı səfirinin ölkəmiz əleyhinə bu cür təxribatçı fəaliyyəti davam edərsə, onun “persona-non-qrata” elan olunması məsələsinə baxılması qaçılmaz olacaq.

Cənab Prezidentin Laçında “biz heç nədən qorxmuruq və heç bir şey bizi yolumuzdan döndərə bilməz” mesajı isə o deməkdir ki, Fransa və Ermənistan cütlüyünün ölkəmizin suverenliyinə və bütövlüyünə qarşı atacağı istənilən addımına bundan sonra da ən sərt şəkildə cavab veriləcək, dünyada “nüfuz böhranı” yaşayan Makron Fransasının Azərbaycana elan etdiyi “səlib yürüşü”nün və planlaşdırdığı təxribatlarının qarşısı qətiyyətlə alınacaq.

Ona görə də şübhə etmirəm ki, əgər, Fransa “Le Figaro”nun yazdığı kimi, bu günlərdə ölkəmizin əleyhinə hər hansı bir qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasına təqdim edərsə və ya “humanitar yardım” şousu adı altında Azərbaycana təzyiq göstərərsə, bununla rəsmi Paris yenə də özünü dünyada rüsvay edəcək və heç bir konkret nəticəyə nail ola bilməyəcək.

 

Azay Quliyev

Milli Məclisin deputatı