Deputat: “Hər bir gənc dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır”

“Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapıb. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələyə daxil olub. Ulu öndərin gənclər siyasətini layiqincə davam etdirən Prezident İlham Əliyev gənclərə xüsusi diqqət və qayğı göstərir. Bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident İlham Əliyevin uğurla apardığı daxili və xarici kursu dəstəkləyir, bu siyasətin həyata keçirilməsində daima onun yanındadırlar”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan gəncləri fəaliyyətlərində dövlətin qayğısını hər zaman hiss ediblər: “Onlar öz nailiyyətləri ilə onlara göstərilən etimadı hər zaman layiqincə doğrultmağa çalışıblar.

Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.

Azərbaycan gəncliyi bu diqqət və qayğını yüksək dəyərləndirməklə yanaşı, Vətən və dövlət qarşısında məsuliyyətini dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın sürətlə inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfələrini verməyə çalışırlar”.

Deputat sözlərinə davam edərək bildirib ki, Ulu öndər 25 iyun 2002-ci il Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətini təbrik edərkən bu sözləri vurğulamışdı: “Gənclərdə, gənc nəsildə vətənpərvərlik hissini, vətənə xidmət etməyi, orduda xidməti şərəf bilmək və Vətən yolunda həlak olmağa, özünü qurban verməyə daim hazır olmaq hisslərini daha da yüksəklərə qaldırmalıyıq.” Zaman yetişdi, bu, belə də oldu.

İkinci vətən müharibəsi zamanı ön cəbhədə döyüşən Vətən qəhrəmanlarının əksəriyyəti gənclər idi. Bu onu göstərir ki, gənclərimiz öz xalqına, öz vətəninə daim bağlıdır. Gənclərimiz heç nədən qorxmadan ağır döyüşlərdə iştirak etdilər və bu sınaqdan üzüağ çıxaraq cənab prezidentin “Dəmir yumruğ”u ətrafında sıx birləşdilər.

Ümummilli lider Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətində elmə, təhsilə qayğı daim mühüm yer tutmuşdur. Ulu öndər dövlət idarəçiliyinin bütün mərhələlərində elm və təhsilin inkişafına xüsusi diqqətlə yanaşmış, xalqın intellektual gələcəyinin birinci növbədə onun elmi səviyyəsi ilə bağlı olduğunu qeyd etmişdir. Bu gün gənclərimiz təhsil sahəsində də bir çox yeni uğurlara imza atırlar. Bu məsələ hər birimizi qürurlandırır. Hər bir gəncin inkişafı onun təhsili ilə bilavasitə bağlıdır. Təhsilli hər bir gənc özünə daim inamlı və bacarıqlı olur.

Ulu öndər Azərbaycan təhsilinin daha da təkmilləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi məsələsinə böyük önəm verir, pedaqoji kollektivlərlə görüşlərində bu fikirləri dönə–dönə vurğulayırdı: “Bilik səviyyəsinə nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir.

Heç şübhəsiz ki, hər bir ölkənin gələcəyi onun gənclərinin inkişafından çox asılıdır. Bütün dövrlərdə gəncliyin mənəvi və fiziki sağlamlığı cəmiyyət üçün önəmli olub”.

“Gənclərimizin əsas vəzifəsi özünü müstəqil Azərbaycan Respublikasının inkişafına həsr etməkdən, müstəqil Azərbaycan Respublikasının yaşamasına və əbədi olmasına həsr etməkdən ibarət olmalıdır.”

Əgər bir ölkədə gəncliyə yüksək diqqət və qayğı varsa, deməli, o cəmiyyətdə gənclər proqressiv, intellektual, mənəvi və fiziki baxımından sağlam olacaqlar. Gənclik böyük güc, böyük arzular, böyük ümidlər və sağlam düşüncə deməkdir.

Hər bir gənc dövlətin diqqət və qayğısını yüksək qiymətləndirməli, onlar üçün yaradılan fürsət və imkanların dəyərini bilməli, ailə, vətən və cəmiyyəti qarşısında məsuliyyətini tam dərk etməli və dövlətçilik ənənələrinin möhkəmlənməsinə töhfə verməyə çalışmalıdır”,- deyə o əlavə edib.