“Ermənistanın havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək” – Deputat münasibəti

“Avqustun 26-da Laçında Şəhər Günü böyük coşğu ilə qeyd olundu. Həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bayram tədbirində iştirak etməsi xüsusilə əlamətdardır. Bayram tədbirində dövlətimizin başçısı çıxış edərək bayram münasibətilə xalqımızı, laçınlıları təbrik etdi, eləcə də regiondakı vəziyyətlə bağlı ciddi mesajlar verdi”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Deputat xatırladıb ki, ötən ilin 26 avqustunda müzəffər ordumuzun Laçın şəhərində yerləşməsi, Zabux və Sus kəndlərinin nəzarətə götürülməsi ilə bağlı Ali Baş Komandan, Prezident İlham Əliyevin müjdəsini bütün xalqımız böyük sevinc, qürur hissi ilə qarşıladı: “Respublikamızın hər bir guşəsində insanlar bu hadisəni bayram əhval-ruhiyyəsi ilə qeyd etdilər. Bununla da, Laçın şəhərinin, Zabux və Sus kəndlərinin əhalisinin torpaq, yurd həsrətinə son qoyuldu. Cənab Prezidentin bayram tədbirində çıxışı zamanı dediyi kimi, cəmi 8 ay ərzində Laçın şəhərinə əhalinin qayıdışı təmin olundu. Belə ki, 28 May Müstəqillik Günündə cənab Prezident tərəfindən Laçına ilk köçənlərə evlərin açarları təqdim edildi. Bu ilin sonuna qədər isə 900 ailə üçün evlər hazır olacaq. Artıq Zabux kəndinə də əhalinin qayıdışına start verilib. Laçına səfər çərçivəsində avqustun 26-da dövlət başçısı və birinci xanım Zabux sakinləri ilə görüşüb yaradılan şəraitlə tanış olublar.

Millət vəkilinin sözlərinə görə, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamına əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib: “Sözügedən Sərəncama əsasən 26 avqust Laçın şəhəri günü kimi müəyyən olunub.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamları ilə Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 8397 hərbi qulluqçusu “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.

Prezident İlham Əliyevin verdiyi mesajların əhəmiyyətinə toxunan Sevinc Fətəliyeva bildirib ki, Ermənistan və onun havadarları bu mesajlardan nəticə çıxarmalıdır: “Aprelin 23-də Azərbaycan – Ermənistan sərhədində yaradılmış Laçın nəzarət buraxılış məntəqəsi ilə əlaqədar müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar qərəzli mövqe nümayiş etdiriblər. Amma Azərbaycan beynəlxalq hüquq və öz suveren hüquqları çərçivəsində bu addımı atıb. Ona görə də, cənab Prezidentin dediyi kimi, heç kim dövlətimizin iradəsinə təsir edə bilməz, bizi haqq yolumuzdan döndərə bilməz. Bu baxımdan, bundan sonra da Ermənistanın havadarlarının çirkin kampaniyaları heç bir nəticə verməyəcək”.