Deputat inflyasiya bağlı AÇIQLAMA verdi

Azərbaycanda və dünyada 2020-ci ildən başlayan inflyasiya hələ də davam edir. Adətən istənilən inflyasiya 1-2 il çəkir. Lakin, bu dəfəki inflyasiya artıq 4-cü ilini yaşayır. Bunun da bir sıra qlobal səbəbləri var.

Birinci səbəb COVİD-19 pandemiyasıdır. Təsadüfi deyil ki, indi dünyanın aparıcı ekspertləri etiraf edir ki, pandemiya sosial bəla yox, sırf iqtisadi-siyasi layihədir.

Çünki, qlobal güclər dünyanı daha rahat idarə etmək üçün bu cür metotlardan hər zaman yararlanırlar.

İnflyasiyanın uzun müddətli olmasını səciyyələndirən ikinci faktor isə Rusiya-Ukrayna müharibəsidir. Bu müharibə başlayandan dünyanın düzəni tamamilə pozulub.

Mövzu ilə bağlı millət vəkili Elman Nəsirov bildirdi ki, inflyasiya dünya iqtisadiyyatının yol yolçusudur:
“Adətən inkişaf etmiş ölkələrdə inflyasiyanın aşağı faizlə olması müşahidə edilir. Amma iqtisadiyyatında ciddi problem olan ölkələrdə inflyasiyanın tempi daha yüksək olur. Təbii ki, inflyasiya yüksək olan ölkələrdə əhalinin sosial vəziyyəti də ağırlaşır.

Qeyd edək ki, pandemiya öz gəlişi ilə çox ciddi inflyasiya mexanizmini gətirdi. Baxmayaraq ki, biz postpandemiya dövrünü yaşayırıq. Bu reallıqda hesab olunurdu ki, inflyasiya prosesində də bir enmə olacaq.

Lakin, bu baş vermədi. Bəzi iqtisadçılar bunu onunla izah edirlər ki, böyük dövlətlər artıq iqtisadi manipulyasiya elementlərini işə salıblar. Və süni şəkildə inflyasiya yaradırlar”.

Deputat sözügedən məsələdə fərqli mövqelərin də olduğunu qeyd edib:

“Fərqli yanaşma onunla bağlıdır ki, Rusiya-Ukrayna müharibəsinin bu qədər uzanması və onun sonunun görünməməsi reallığı inflyasiyanı şərtləndirən səbəblərdən biridir. Bir zamanlar ABŞ-da illik inflyasiya 3 faizi keçmirdi.
İnfilyasiyanın aşağı səviyyəsi ilə qürurlanan ABŞ-da indi illik inflyasiya 10 faizdən yuxarıdır. Avropanın aparıcı dövlətlərində isə vəziyyət daha acınacaqlıdır. Artıq Aİ iqtisadiyyatının lokomotivi sayılan Almaniyada iqtisadi defoltun baş verəcəyini proqnozlaşdıranlar da var.

Hazırda Almaniya iqtisadiyyatında tənəzzülü özünü tam çılpaqlığı ilə göstərməkdədir. Bu da daha çox Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Çünki, Avropa dövlətlərində hərbi xərclərin həcmi kəskin artıb.

Nəzərə alaq ki, NATO üzvü olan hər bir Avropa ölkəsinin hərbi xərcləri bir qayda olaraq ÜDM-nin 2 faizindən çox olmalıdır. Yəni hərbi xərclər 2 faizdən az olmaz. Halbuki, 1949-cu ildən başlayaraq NATO-nun bütün hərbi xərclərini ABŞ çəkirdi. 

Amma indi Vaşinqton Avropa ölkələrini məcbur edir ki, xərclərə şərik olsunlar. Avropa dövlətləri də hərbi xərcləri məcburən sosial xərcləri azaltmaq hesabına ödəyir.

Bu da xərclərin kəskin artımına və inflyasiyaya səbəb olur. Hərbi xərclərin artımı həm də idxal-ixrac əməliyyatlarında mənfi saldo yaradır.

Ona görə də Rusiya-Ukrayna müharibəsi davam etdikcə dünya iqtisadiyyatında inflyasiya dayanmayacaq. Çünki, NATO və Aİ üzvü olan dövlətlər öz hərbi sənayelərini inkişaf etdirməklə yanaşı, həm də  Ukraynaya hərbi yardım edirlər”.