“Ermənistan hakimiyyəti dərk etməlidir ki, Azərbaycanla razılaşmamaq kimi bir variantları yoxdur” – Elman Nəsirov

“Mən sözümün sahibiyəm. Bir daha təkrar edirəm. Dərk etmək lazımdır ki, hakimiyyət məsuliyyət deməkdir və Azərbaycanla birbaşa danışıqlara getmək lazımdır”. Bu sözləri rus sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndidəki separatçı-terrorçu dəstənin “təhlükəsizlik şurasının sabiq katibi”, Birinci Qarabağ müharibəsinin “qəhrəmanı” Samvel Babayan deyib:

“Həm Ağdamdan, həm də Gorusdan ikitərəfli ticarətə başlamaq lazımdır. Bu, istəsək də, istəməsək də, baş verəcək. Qarabağa hava şarı ilə enənlər düşünürlər ki, mitinqlə nəyisə dəyişə bilərlər. Dünya üçün bu aksiya heç bir önəm daşımır, Azərbaycan isə Türkiyənin dəstəyi ilə irəli gedəcək. Niyə siz insanlara həqiqəti deməməlisiniz? Müharibəni uduzmusansa, oyunun qaydalarını qəbul etməli və bərpa olunmağa çalışmalısan”.

Mövzu ilə bağlı  millət vəkili Elman Nəsirov bildirib ki, Ermənistan hakimiyyəti artıq dərk etməlidir ki, Azərbaycanla razılaşmamaq kimi bir variantları yoxdur: “Ermənistanın ali siyasi rəhbərliyinin növbəti siyasi hoqqabazlığı bumeranq effektini verməkdədir. Belə ki, Ermənistan hökumətinin birbaşa diktəsi ilə yaranan qondarma rejimin töküntüləri indi də yeni bir havanı oynamaqdadırlar. Ermənilər bir fon yaradırlar ki, guya Azərbaycan Qarabağda yaşayan erməniləri blokadaya salıb.

Humanitar fəlakət, humanitar terror siyasətini həyata keçirir. Özlərinin siyasi şousuna çox təəssüf ki, bir çox Qərb ölkələrinin səfirlərini, Avropa İttifaqının nümayəndələrini də cəlb edə biliblər. Reallıq isə tamamilə başqa məntiq üzərində qurulub. Azərbaycanın yaratdığı Laçın sərhəd-buraxılış məntəqəsində törədilən bu avantüralar onların indiki vəziyyətini şərtləndirir”.

Deputat qeyd edib ki, Azərbaycan humanitar yolla humanitar yüklərin daşınması üçün, heç bir zaman maneə törətməyib, hətta onun üçün münbit şəraiti təmin edib: “Eyni zamanda Azərbaycan indi Ağdam-Xankəndi yolunu təklif edibb və bu yoldan istifadə etməklə istənilən humanitar yükün Qarabağ iqtisadi zonasına çatdırılması mümkündür. Amma Ermənistanın siyasi rəhbərliyi üçün bu lazım deyil. Onlara bulanıq suda balıq tutmaq, hay-küy kampaniyası yaradıb Azərbaycana qarşı beynəlxalq ictimai fikir və rəy formalaşdırmaq lazımdır.

S.Babayanın Xocalıda xalqımızın başına gəlmiş soyqırımda əli qana batıb. Bu durumu Babayan belə dərk edib, Azərbaycanla baş-başa gəlmək olmaz deyirsə, Ermənistan hakimiyyəti nəyi gözləyir? Azərbaycan humanitar yardımların Ağdam-Xankəndi yolu vasitəsilə bizim nəzarətimiz altında bölgəyə keçirilməsinə əngəl törətmir. Amma ermənilər humanitar yük adı ilə digər avadanlıqların daşınmasından da çəkinmirlər. Belə olan halda təbii ki, Azərbaycan tərəfi yüklərə nəzarət etməkdə həm haqlı, həm də tam ixtiyarlıdır.

Məhz bu səbəbdəndir ki, Babayan Azərbaycan tərəfinin İrəvandan 400 ton humanitar yardımın Xankəndiyə gəlişinə imkan verməyəcəyini vurğulayıb”.

Qeyd edək ki, İrəvandan “humanitar yük” adı ilə göndərilən məhsulu daşıyan 19 yük maşını sərhədimizə çatıb. Azərbaycan XİN bunun siyasi şou və manipulyasiya olduğunu bildirərək, ərzaq təminatı üçün bir daha Ağdam-Xankəndi yolunu təklif edib.