Deputat: “İnsanların mühüm xidmətlərə çıxışını təmin etmək üçün rəqəmsal boşluqlar doldurulmalıdır”

Rəqəmsal uçurumun iqtisadiyyata mənfi təsir etdiyini bilirik. Rəqəmsal bacarıqlar və qabaqcıl texnologiyalar haqqında bilik olmadan insanlar karyeralarında irəliləyə, ölkə iqtisadiyyatına töhfə verə bilməzlər. COVID-19 pandemiyası zamanı, insanların xidmətlərə çıxışına imkan yaradan internet və rəqəmsal texnologiyaların mühüm rol oynadığı vaxt rəqəmsal boşluqla bağlı narahatlığımız çoxaldı. Məhz pandemiya zamanı rəqəmsal texnologiyaya çıxış həyati məna daşıdı. Tibbi məlumatlar, tədris, təhsil, eləcə də məşğulluq sahələrində mühüm xidmətlərə çıxış məhz rəqəmsal biliklərdən asılı idi. İnsanların mühüm xidmətlərə çıxışını təmin etmək üçün rəqəmsal boşluqlar doldurulmalıdır.

Bu fikirləri AŞPA-dakı nümayəndə heyətimizin üzvü Pərvin Kərimzadə qurumun yay sessiyası çərçivəsində keçirilmiş “Rəqəmsal fərqin aradan qaldırılması: rəqəmsal texnologiyalara bərabər çıxışın təşviqi” adlı məruzənin müzakirəsində söyləyib. Bildirib ki, rəqəmsal boşluqları aradan qaldırmaq üçün hökumətlər və özəl sektor təcili olaraq bu sahəni gündəmlərinə daxil etməlidirlər. Dövlətlər rəqəmsal dünyaya bərabər çıxışı təmin etmək üçün rəqəmsal texnologiyalar və xidmətlərin hamı üçün inklüziv, ədalətli, əlçatan, əlverişli və təhlükəsiz olmasına diqqət yetirməlidirlər. Rəqəmsal fərqi aradan qaldırmaq üçün proqramlar hazırlanmalıdır.

“Azərbaycanda rəqəmsallaşma dövlət siyasətinin tərkib hissəsidir. Dövlət xidmətlərinin göstərilməsində rəqəmsal texnologiya və innovativ həllərdən geniş istifadə olunur. Ölkənin inkişafında rəqəmsallaşmanın vacibliyini nəzərə alaraq, bu sahə gələcək üçün bütün strategiyalarda prioritet istiqamət kimi qəbul edilib. Azərbaycan hökuməti işğaldan azad edilmiş ərazilərin bərpasında yeni smart texnologiyalar vasitəsilə böyük layihələr həyata keçirir. İşğaldan azad edilmiş ərazilərdə qabaqcıl beynəlxalq təcrübənin tətbiqi ilə “ağıllı şəhər”, “ağıllı kənd” kimi konsepsiyalar həyata keçirilir. Bu da vətəndaşların xidmətlərdən, xüsusilə də dövlət xidmətlərindən daha yaxşı istifadə etməsinə şərait yaradır. Həmin şəhərlərdə yaşayan sakinlər müxtəlif rəqəmsal alətlərdən, internet, mobil proqramlar və bir çox digər onlayn portallardan istifadə edərək, şəhər rəhbərliyi ilə birbaşa əlaqə saxlaya bilirlər. Buna görə də rəqəmsal bacarıqlarla insan kapitalının potensialını artırmaq üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”, – deyə P.Kərimzadə azad edilmiş ərazilərimizdə rəqəmsal texnologiyalardan istifadədə Azərbaycan təcrübəsindən danışıb.

Vurğulayıb ki, hökumət müxtəlif rəqəmsal ixtisaslar üzrə kadr hazırlığı üçün maliyyə vəsaiti ayırıb. Həmçinin universitetlərdə rəqəmsal iqtisadiyyat, data analitikası, e-ticarət və bu kimi yeni ixtisaslar tədris olunur. İKT sahəsində son vaxtlar daha çox tələbat olan ixtisaslardan biri kibertəhlükəsizlikdir. Hazırda Azərbaycanda bu istiqamətdə çox böyük işlər görülür. Azərbaycanın bu sahədə yüksək inkişaf potensialı var.

Azərbaycanlı deputat həmçinin qeyd edib ki, cari ilin oktyabrında Bakı 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. Bu Konqres qlobal səviyyədə mühüm təşəbbüsdür.