Deputat: “İstənilən halda Azərbaycan-Ermənistan konflikti sona yetmək üzrədir”

“BMT TŞ-nin sonuncu iclasında Ermənistanın iddialarına növbəti dəfə rədd verildi və bu iddiaların əsassız olduğu dünya ictimaiyyətinə sübut edildi”. Bu sözləri  millət vəkili Musa Quliyev deyib.

Onun sözlərinə görə, bu, həm də Azərbaycan diplomatiyasının növbəti böyük uğurudur: “Cənab Prezidentin 44 günlük Vətən müharibəsindən sonra başladığı hücum diplomatiyası öz bəhrəsini verdi. Ermənilərin irəli sürdüyü və havadarlarının dəstəklədiyi aclıq, humanitar fəlakət və s. kimi yalanlar ifşa olundu. Azərbaycanın BMT-ki daimi nümayəndəsi Yaşar Əliyevin tutarlı çıxışı ilə ermənilər növbəti məğlubiyyətə düçar oldular.

Dünya ictimaiyyəti Azərbaycanın fikirlərinin haqq-hüquqa uyğun olduğunun şahidi oldu. Baxmayaraq ki, ermənilər 44 günlük müharibədən sonra tam kapitulyasiyaya uğrayıblar. Lakin bəyanatın əsas bəndələri imzalanmayıb. Bu da xüsusilə Rusiya sülhməramlılarının üzərinə böyük məhsuliyyət qoyur. Bəyanatda da göstərildiyi kimi indiyə qədər kommunikasiyalar açılmalı, sərhədlərin delimitasiya demarkasiya prosesi baş tutmalı idi.

İstənilən halda Azərbaycan-Ermənistan konflikti sona yetmək üzrədir. Artıq biz finiş xəttinin üzərindəyik və qısa müddət ərzində Azərbaycanın irəli sürdüyü bütün şərtlər qəbul ediləcək”.