Deputat: “Ölkəmizin iqtisadi artımı daha da yüksələcək”

Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılan Azərbaycanın tarixi ərazisi – Dağlıq Qarabağ bölgəsi tamamilə vandalizmə məruz qalıb, xalqı­mıza məxsus çoxəsrlik qədim tarixi-dini abidələr dağıdıla­raq yerlə-yeksan edilib, onların bir qismi saxtalaşdırılaraq erməniləşdirilib.

Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz unikal və təmizqanlı məşhur Qarabağ damazlıq atları üçün ciddi təhdidlərə səbəb olub, təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşdırılıb, kənd təsərrüfatı texnikası sıradan çıxarılıb.

Bunu Milli Məclisin deputatı İqbal Məmmədov bildirb .

Deputat qeyd edib ki, Ali Baş Ko­mandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən işğal altında olan tarixi torpaqla­rımızın düşmən əsarətindən qısa zaman ərzində geri qaytarılması hazırda bu ərazilərdə bərpa prose­sinin başlanmasına zəmin yara­dıb. Əzəli yaşayış sahələrimizdə tariximizi, mədəniyyətimizi və iqtisadiyyatımızı yenidən can­landırmaq üçün bu ərazilərə mərhələli şəkildə, sektorlar üzrə investisiya qoyuluşlarının və digər sərmayələrin cəlb edilməsi qarşıya mühüm vəzifə kimi qoyulub.

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 26-da Rəşad Nəbiyevi nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin olunması ilə əlaqədar videoformat­da qəbul edərkən yuxarıda vurğu­lanan məsələr barədə ətraflı danı­şıb. Dövlətimizin başçısı işğaldan azad edilən ərazilərdə yaşıl enerji zonasının, günəş və külək enerjisi növlərinin yaradılması üçün hər cür imkanın mövcudluğunu, su resurslarımızın kifayət qədər geniş həcmli olmasını xatırlada­raq, bu işlərə xarici tərəfdaşları, investorları cəlb etməyin, habelə yerli şirkətlərə şərait yaratmağın zəruriliyini də diqqətə çatdırıb.

Dövlətimizin başçısı çıxı­şında azad edilmiş torpaqlarda bərpa işlərinin aparılması zamanı mütləq yüksək texnologiyalardan istifadə olunmasının vacibliyini də xatırladıb. Ölkə rəhbəri hazırda minalardan təmizləmə prosesinin getdiyini qeyd edərək, bununla bərabər şəhərsalma layihələrinin hazırlandığını da diqqətə çatdırıb. Həmçinin, bu iş yekunlaşandan sonra artıq praktiki inşaat işlərinə start veriləcəyini, infrastruktur layihələri ilə yanaşı, nəqliyyat və texnologiyalar sahələrinin də diqqət mərkəzində saxlanılacağını vurğulayıb.

Yeri gəlmişkən, Qarabağ­da quruculuq işlərinin aparıl­ması üçün 2021-ci ilin dövlət büdcəsində 2,2 milyard manat vəsaitin xərclənməsi nəzərdə tutulub. Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci ilin yekun­larına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə dediyi kimi: “Bizim planlarımız böyükdür. Müharibə başa çatıb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunan­dan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxın­larda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam. Bizim hamı­mızdan asılıdır ki, bu sözlər yerinə yetirilsin. Ona görə 2021-ci il bu baxımdan çox əlamətdar olmalıdır. Məhz 2021-ci ildə Azərbaycan xalqı və bütün dünya görəcək ki, bizim niyyətimiz həyatda öz əksini tapır, bizim planlarımız həyatda gerçəkləşir. Keçmiş köçkünlərə tezliklə öz doğma torpaqlarına qayıtmağı arzulayıram. Hər halda Azərbaycan dövləti əlindən gələni edəcək ki, bu gün daha da yaxın­laşsın. Vahid Azərbaycan dövləti bundan sonra uğurla, inamla inkişaf edəcəkdir”.

Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, stra­teji əhəmiyyətli su anbarlarının yerləşdiyi ərazilərin işğaldan azad edilməsi nəticəsində yüz min hektarlarla sahənin suvarılması reallaşacaq.

Keçən ilin yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyev düşməndən təmizlənən Qarabağ bölgəsində çox böyük su mənbələri oldu­ğunu və mənfur düşmənin bizi uzun müddət həmin mənbələrdən məhrum etdiyini vurğulayıb. Dövlətimizin başçısı daha sonra Sərsəng, Suqovuşan su anbar­larının ermənilərin işğalı altına düşdüyündən bu bölgələrdə yüzlərlə subartezian quyusu qaz­maq məcburiyyətində qaldığımızı da diqqətə çatdırıb. Ölkə rəhbəri deyib: “Bunun da böyük maliyyə yükü var – həm onların qazılma­sında, həm də ki, istismarında, çünki enerji sərf olunur. Biz Suqo­vuşan qəsəbəsini azad edəndən sonra artıq suyun axını təmin edilib, ancaq indi kanallar prob­lemi üzə çıxıb. Çünki bu kanallar uzun illər ərzində istifadəsiz qalıb. Bizim digər çaylarımız oradan mənbə alır və o ərazidən keçir. Həkəri çayı, Bazarçay, Oxçuçay, Xaçınçay. Onların bir çoxu Araz çayına axır və çaylar boyu orada su anbarlarının tikilməsi nəzərə alınmalıdır”.

Azərbaycan Prezidenti bu ilin Dövlət İnvestisiya Proqramına və azad edilən torpaqlarda görüləcək işlərlə bağlı digər proqramlara bu məsələnin salınmasının vacibliyini bildirib. Dövlətimizin başçısı artıq kanalların layihələndirilməsinə və tikintisinə start verilməli olduğunu da qeyd edib: “Onsuz da münbit olan bu torpaqların suvarma suyu alandan sonra məhsuldarlığı daha da artacaq. Bu da o deməkdir ki, ərzaq təhlükəsizliyimizi böyük dərəcədə özümüz həll edəcəyik”.

Yeri gəlmişkən, azad edilən torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün ya­rarlanmaqla, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişa­fı təmin olunacaq.

Prezidentin tapşırığına uy­ğun olaraq hazırda işğaldan azad edilən ərazilər üzrə Strateji Fəaliyyət Planı, habelə torpaq islahatının aparılması üçün yeni mexanizm və meyarlar işlənib hazırlanır və bütün ərazilərin, habelə şəhərlərin bərpasının vahid konsepsiya əsasında həyata keçiriləcəyi planlaşdırılır.

Xatırladım ki, işğaldan azad edilən ərazilərin bərpası zamanı hər bir iqtisadi rayonun təbii-iqlim şəraiti və profili nəzərə alınacaq. Həmin torpaqlarda heyvandarlıq, bağçılıq, tərəvəzçilik, üzümçülük və taxılçılıq sahələrinin inkişafı diqqətdə saxlanılacaq.

Hazırda azad edilən ərazilərin yaşıl enerji zonasına çevrilməsi, həmin ərazilərdə su mənbələrindən istifadə edilərək su elektrik stansiyalarının tikintisi imkanları da təhlil edilir.

“Azərbaycan Respublika­sının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqın­da” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli fərmanına uyğun olaraq, bu gün İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən inf­rastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inven­tarlaşdırılması həyata keçirilir və məlumatlar elektron informasiya sisteminə inteqrasiya edilir.

Artıq 4 minə yaxın daşınmaz əmlak və 500-dən çox infrastruktur obyekti olmaqla, çöl inventarlaş­dırma işləri tamamlanıb. Bununla yanaşı, 60 kilometrə yaxın avto­mobil yolunun, 17 kilometrdən çox elektrik təchizatı xəttinin, 40 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin inventarlaşdırılması başa çatdırılıb.

Ümumilikdə, 8 rayon üzrə 75 yaşayış məntəqəsində işlər yekunlaşdırılıb, digər yaşayış məntəqələri üzrə davam etdirilir.

Bu məqamda ekspertlər tərəfindən səsləndirilən bir fikri də diqqətə yönəltmək istərdim. Belə ki, düşmən işğal dövründə Qarabağ ərazisində 250 min hektardan çox məhsuldar torpağın olmasına baxmayaraq, onun cəmi 7 faizindən istifadə edilib. Əkin sahələrində məhsuldarlıq aşağı səviyyədə olub və hər hektardan cəmi 10-12 sentner taxıl götürü­lüb. Halbuki bu rəqəm işğaldan əvvəl 21-25 sentner təşkil edib.

Şübhəsiz ki, Azərbaycan işğaldan azad olunan torpaqlar­da bu potensialdan üzümçülük, tütünçülük, pambıqçılıq, ba­ramaçılıq, meyvə-tərəvəzçilik, bostançılıq və heyvandarlığın inkişafı üçün səmərəli istifadə etmək gücündədir. Eyni za­manda, bölgədə emal və ərzaq sənayesinin inkişafı potensi­alı da yetərincədir. Məsələn, ekspertlərin fikrincə, Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər və Füzuli rayonlarında güclü arıçılıq və maldarlıq potensialı mövcuddur. Cəbrayıl və Kəlbəcər ərazilərində balıqçılıq sahəsini inkişaf etdirmək üçün əlverişli şərait var. İpəkçilik üzrə Cəbrayıl rayonu və Şuşa şəhəri, taxılçılıq üzrə Kəlbəcər, Cəbrayıl, Tərtər, Qubadlı, Füzuli və Xocavənd rayonlarını inkişaf etdirmək məqsədəuyğundur. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində Kəlbəcər, Tərtər və Fü­zuli, gön-dəri emalı üzrə Ağdam, Cəbrayıl, Laçın və Füzuli rayonları geniş potensialı ilə diqqət çəkir.

Bütün bunlarla bərabər, dağ-mədən sənayesi üzrə Kəlbəcər və Zəngilan rayonlarında qı­zıl, mis, gümüş, civə və xromit ehtiyatları, Cəbrayıl rayonunda yerləşən “Yəşəm” və “Xalse­don” yataqları zərgərlik sahəsini inkişaf etdirməyə imkan verir. Eyni zamanda, Şuşa, Laçın və Kəlbəcərdə dağ turizmi, ekotu­rizm, müalicəvi turizm, mədəni turizm üçün yararlı sayılan digər rayon və şəhərlərimizin potensia­lından istifadə edərək Qarabağın iqtisadi dirçəlişinə töhfə vermək mümkündür.

Sonda vurğulamaq istərdim ki, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin proqnozla­rına əsasən, mövcud aqrar poten­sialdan səmərəli istifadə erməklə və müasir texnologiyadan yarar­lanmaqla Kəlbəcər rayonunda kənd təsərrüfatı infrastrukturunun bərpası, yeni əkin sahələri, bağ­ların salınması, otlaq sahələrinin, eləcə də heyvandarlıq sektorunun inkişafı üçün zəruri infrastruk­turun bərpası nəticəsində kənd təsərrüfatı istehsalının 2025-ci ildə 84,1 milyon manat, Qubadlıda 65,1 milyon manat olacağı proq­nozlaşdırılır.

Kənd təsərrüfatı fəaliyyətinin bərpasından sonra Cəbrayılda üzüm istehsalında təqribən 23 faiz, arpa, buğda və dənli, dənli paxlalı bitkilərin əkinindən isə təqribən 1,5 faiz artım müşahidə olunacağı gözlənilir.

Əsasən tütün və üzüm istehsa­lı üzrə ixtisaslaşan Zəngilan rayo­nunda tütünün istehsalının bərpa edilməsindən sonra ilk illərdə təqribən 22 faiz, üzümdə isə təqribən 13 faiz, digər bitkilərdən arpa, buğda və dənli, dənli paxlalı bitkilərin əkinindən isə təqribən 0,1 faiz artım müşahidə ediləcək.

Ağdam rayonunun isə 2025-ci ildə ölkədəki kənd təsərrüfatı istehsalına birbaşa əlavə töhfəsi 641 milyon manata çatacağı proq­nozlaşdırılır.

Təbii ki, yuxarıda diqqətə çatdırılan proqnozlar sadəcə aqrar potensialı əhatə edir. Sonrakı dövrdə emal və dəyər zənciri üzrə aqro-sənaye potensialı da nəzərə alınarsa, ümumi daxili məhsulda və yeni iş yerlərinin yaradılmasıda daha yüksək göstəricilərin əldə olunmasının şahidi olarıq.