Deputat: “Onun ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi”

Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin vəfatından 20 il ötür. Onilliklər, qərinələr ötəcək, əsrlər keçəcək, xalqımız daim Heydər Əliyevi dərin ehtiramla xatırlayacaq, xatirəsini böyük sevgi ilə yad edəcək. Çünki xalq olaraq, dövlət olaraq həm dünən, həm də bu gün əldə etdiyimiz bütün nailiyyətlərə, o cümlədən bundan sonra qazanacağımız bütün uğurlara görə Heydər Əliyevə borcluyuq…

Öz əməlləri ilə vətənə xidmətin ölməz nümunələrini yaradan Ulu Öndər Heydər Əliyev uca bir zirvədir. Heydər Əliyev yolu Azərbaycan xalqının müasir dövlətçilik tarixinin epoxasıdır. Təsadüfi deyildir ki, Heydər Əliyev şəxsiyyətinin ucalığından bəhs edəndə Azərbaycanın dünəni, bu günü və gələcəyi görünür. Həm də qürur doğuran dünənimiz, inkişaf dolu bu günümüz və etibarlı gələcəyimiz…

Yüksək siyasi və milli-mənəvi keyfiyyətlərin daşıyıcısı olan Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində respublikamızı yenidən qurub, dirçəldib, inkişaf etdirib, dünyada tanıtdırıb. Xalqımızın ən çətin anlarında, istər milli müstəqilliyimiz uğrunda mübarizə zamanı, istərsə də Azərbaycanın dövlət müstəqilliyini itirmək təhlükəsi yarananda Ulu Öndər Heydər Əliyev üzərinə düşən tarixi missiyaları qətiyyətlə yerinə yetirib, ona bəslənilən ümidləri layiqincə doğruldub. Ümummilli Liderimizin ən çətin və millətin taleyi baxımından məsuliyyətli dönəmlərdə qətiyyətli, eyni zamanda yaranmış şərait üçün ən optimal qərarlar qəbul etmək məharəti heç zaman xatirələrdən silinməyəcək. Bəli, Vətənimizin yeni və çağdaş tarixi salnaməsi məhz Heydər Əliyevin müəllifliyi ilə yazılıb. Odur ki, Heydər Əliyevin tərcümeyi-halı, həyatı həm də ölkəmizin müasir yüksəliş salnaməsidir.

Dövlətlərin tarixi və keçdiyi inkişaf yolları liderlərin öz xalqlarının yüksəlişini təmin etməklə yanaşı, siyasi varislik ənənələrini də yaratdıqlarını, özlərinin siyasi ideyalarının davamlılığını təmin etdiklərini göstərir. Həmin tarixi liderlərlə bir cərgədə dayanan Heydər Əliyev də banisi olduğu müasir və müstəqil Azərbaycanın dövlətinin əsaslarını yaratmaqla, mütərəqqi inkişaf konsepsiyasını müəyyən etməklə yanaşı, həm də möhtərəm İlham Əliyev kimi onun yolunu davam etdirə bilən siyasi varisini yetişdirmişdir.

Ötən 20 ildə Azərbaycanda çoxlu mütərəqqi dəyişikliklər baş verib. Respublikamız inkişaf edib, beynəlxalq birlikdəki mövqelərini daha da gücləndirib, regionda və dünyada söz sahibinə çevrilib. Azərbaycan həm də Avropanın enerji xəritəsinə ciddi dəyişikliklər edib.  Və bütün bunların fonunda Heydər Əliyevin siyasi xəttinin ən doğru yol olduğunu hiss etmişik, Heydər Əliyev ideyalarının daşıdığı dövlətçilik dəyərlərini görmüşük. Bu yüksəliş nümunələrinin hər biri Ulu Öndər Heydər Əliyevin müdrik siyasətçi və  uzaqgörən bir strateq kimi müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsiz olduğunu tam məzumunu ilə sübuta yetirir.

Ulu Öndər Heydər Əliyev 2003-cü ildə xalqımıza tarixi müraciətində taleyüklü məsələlərə işarə edərək, cənab İlham Əliyevin onları həll edəcəyinə inamını ifadə etmişdi. Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi. Öz qətiyyətli və müdrik siyasəti ilə Azərbaycanı inkişaf yoluna çıxaran, onu tarixinin ən qüdrətli dövlətinə çevirən Prezident İlham Əliyev 2020-ci ilin Vətən müharibəsində tarixi torpaqlarımızın işğaldan azad olunmasını təmin etdi, Qarabağda erməni separatizminin kökünü kəsdi. Bu tarixi missiyalarını yerinə yetirməklə Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin arzularını çin etdi, özünün də qeyd etdiyi kimi, ata vəsiyyətini yerinə yetirdi.

Anım Günündə bir daha Heydər Əliyevin əziz xatirəsi önündə baş əyirik. Ulu  Öndər öz ideyaları ilə hər zaman yaşayacaq, yüksək ehtiramla anılacaq. Torpaqlarımızın işğaldan azad edilməsinin, Qarabağ və Şərqi Zəngəzurun bərpası fonunda qarşıda Azərbaycanı növbəti uğurlar gözləyir. Ulu Öndər Heydər Əliyevin bizlərə və gələcək nəsillərə ərməğan etdiyi zəngin irsi isə qiymətli bir xəzinə kimi bu yolda və bütövlükdə, aydın gələcəyimizə gedən yollarımızda əbədi məşəl kimi daim şölələnəcək.

Nəsib MƏHƏMƏLİYEV,
Milli Məclisin deputatı