“Heydər Əliyev siyasəti xalqımızın hələ sovet dövründən başlanmış böyük bir epoxasıdır” – Deputat

Bu gün Azərbaycanın uğurlarından bəhs edəndə, respublikamızın keçdiyi inkişaf yolları ilə bağlı müzakirələr aparanda ilk yadımıza düşən məhz bunlardır. Bütün bu mövzular barədə danışarkən müasir Azərbaycanın memarı və qurucusu, xalqımızın Ulu Öndəri Heydər Əliyevi böyük minnətdarlıqla xatırlayır, xatirəsini dərin ehtiram hissi ilə anırıq. Çünki bütün uğurlarımızın təməlində Heydər Əliyevin müasir Azərbaycanın banisi kimi yaratdığı möhkəm təməllər dayanır.

Lakin haqlı olaraq Heydər Əliyev barədə düşünərkən yalnız müstəqillik dövrümüzün nailiyyətləri ilə kifayətlənmirik. Çünki Heydər Əliyev siyasəti xalqımızın hələ sovet dövründən başlanmış böyük bir epoxasıdır. Bu mənada Heydər Əliyev siyasəti hələ Azərbaycanın sovet illərində qazandığı böyük uğurlarda,  xalqımızın milli və iqtisadi intibahında, daha sonra milli azadlıq mücadiləmizin yeni mərhələyə yüksəlməsində, dövlət müstəqilliyimizin bərpasında öz təcəllisini tapır.
Ulu Öndərin sovet dövründə Azərbaycana rəhbərliyi zamanı  seçildiyi vaxt iqtisadi göstəricilərinə görə sovet respublikaları arasında 14-cü yerdə olan Azərbaycan cəmi bir neçə ilə ittifaqın öndə gedən üzvlərindən birinə çevrilmişdi. Hələ o dövrdəki iqtisadi hesablamalara görə Azərbaycan Rusiya, Ukrayna və Belarusiya ilə yanaşı, ittifaqın özünü tam təmin edə bilən respublika səviyyəsinə yüksəlmişdi.
Xalqımızın dahi oğlunun o dövrdə ən böyük xidmətlərindən biri də bir dövlət olaraq Azərbaycanın, xalqımızın, tariximizin, milli-mənəvi dəyərlərimizin sovet ideologiyasının təsirlərindən qoruması idi. Bu, milli oyanışa yol açmış, ən əsası respublikamızın gələcək müstəqilliyinin mükəmməl əsaslarını formalaşdırmışdı. Heydər Əliyev o illərdə həm də Azərbaycanı saxta erməni iddialarından qorumuşdu. Təsadüfi deyil ki, Ulu Öndərin həm Azərbaycana birinci rəhbərliyi illərində, həm də Moskvada fəaliyyət göstərdiyi dövrdə Qarabağda erməni separatizminin, Ermənistan rəhbərlərinin Azərbaycana qarşı ərazi iddialarının qarşısı qətiyyətlə alınmış, onların bu istiqamətdə SSRİ rəhbərliyi ilə apardığı müzakirələr iflasa uğradılmışdı.

SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra da Heydər Əliyev milli təəssübkeşliyini qətiyyətlə davam etdirmiş, yeni baş qaldırmaqda olan milli mücadilədə öz xalqının yanında olmuşdur. Bu mənada Azərbaycan rəhbərliyinin qorxaqlığının və manqurtluğunun nəticəsi olan 1990-cı ilin 20 Yanvar faciəsi zamanı Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək Moskvada Azərbaycanın haqq səsini ucaltması bu böyük şəxsiyyətə ümumxalq məhəbbətini daha da artırmışdı. Bununla Heydər Əliyev bir daha vətəni sevməyin, milli vətənpərvərliyin ən mükəmməl nümunəsini ortaya qoymuşdu.

Ulu Öndərin siyasi fəaliyyətinin Naxçıvan dövrü isə milli yüksəliş tariximizin ən şərəfli mərhələsidir. Məhz Naxçıvanda 1990-cı ilin yayından başlayan fəaliyyəti ilə Heydər Əliyev respublikamızda milli azadlıq mücadiləsinə yeni ruh verdi, bu yolda mübarizə edən insanları daha da mübariz etdi. Hələ SSRİ-nin mövcud olduğu dönəmdə üçrəngli bayrağımızın ilk dəfə Naxçıvanda məhz Heydər Əliyevin qətiyyətli təşəbbüsləri ilə rəsmi bayraq elan olunması, Naxçıvanda bütün sovet adlarından imtina olunması, Naxçıvanda 20 Yanvar faciəsinə siyasi-hüququn verilməsi, SSRİ-nin saxlanılmasına xidmət edən referendumun Naxçıvanda boykot edilməsi kimi tarixi hadisələr Azərbaycanda milli azadlıq mücadiləsini daha da alovlandırmışdır. Heydər Əliyev bu mübarizənin sarsılmaz olmasını təmin etmişdir.

Eyni zamanda Heydər Əliyev həm sovet dövründə, həm də müstəqilliyimizin ilk illərində Naxçıvanı qorumuşdur. Respublikada hakimiyyətdə olan qüvvələrin səbatsızlığı nəticəsində torpaqlarımızın işğal olunduğu bir şəraitdə Heydər Əliyev Ermənistanın Naxçıvanla bağlı bütün işğalçı planlarının qarşısını sərkərdə qətiyyəti ilə almışdı.

Bütün bunların nəticəsi idi ki, müstəqilliyimizin ilk illərində respublikada yaranmış dərin siyasi-iqtisadi böhran zamanı xalq Heydər Əliyevə ümid ünvanı kimi baxırdı. Vətəni sevən, dövlətin gələcəyini düşünən hər bir insan inanırdı ki, yalnız Heydər Əliyevin sayəsində Azərbaycan təhlükələrdən xilas ola bilər. 1992-ci ilin noyabr ayında Heydər Əliyevin liderliyi ilə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis olunması da məhz bu zərurətdən irəli gəlmişdi. Tarixi proseslərin sonrakı gedişatı insanların Heydər Əliyevə güvənməkdə nə qədər haqlı olduğunu, Ulu Öndərin 1993-cü ildə Bakıya siyasi hakimiyyətə dəvət olunmasının nə qədər müdrik bir ümumxalq qərarı olduğunu isbata yetirdi.

1993-cü ildən Azərbaycanda başlanan Heydər Əliyev siyasəti dövlətimizi, müstəqilliyimizi qorudu, hakimiyyətin zorla devrilməsi ənənəsinə son qoydu, ölkədə ictimai-siyasi sabitliyi təmin etdi. Heydər Əliyev müasir dövlətçiliyimizin etibarlı təməllərini formalaşdırdı, hüquqi dövlət quruculuğunu həyata keçirdi, respublikamızı beynəlxalq birliyin tamhüquqlü üzvünə çevirdi. Ulu Öndərin reallaşdırdığı islahatlar Azərbaycanın yeni iqtisadi sistemə keçidini təmin etdi. Beləliklə, Heydər Əliyev öz əməlləri ilə müasir Azərbaycan dövlətinin banisinə, xalqımızın Ümummilli Liderinə çevrildi.

Ulu Öndərin vəfatından 20 il ötür. Bu 20 ildə Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə keçdiyimiz inkişaf yolu, qazandığımız möhtəşəm nailiyyətlər göstərir ki, Ulu Öndərin siyasəti yaşayır, dövlətimizin yüksəlişinə, vətəndaşlarımızın rifahına xidmət edir. Bu illər ərzində qazandığımız hər bir uğurun mayasında Heydər Əliyevin əbədiyaşar ideyaları dayanır.

Ümummilli Lider 2003-cü ildə xalqımıza müraciətində  böyük inamla və müdrikcəsinə bildirirdi ki, onun axıra çatdıra bilmədiyi taleyüklü məsələləri İlham Əliyev başa çatdıracaq. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bu illər ərzində inkişafının elə bir səviyyəsinə çatdı ki, 2020-ci ildə güc yolu ilə torpaqlarını işğaldan azad etdi, 2023-cü ildə isə Qarabağdakı erməni separatizminə son qoydu.

Heydər Əliyev Azərbaycanı belə güclü, torpaqlarımızı azad görmək istəyirdi və indi Ulu Öndərimizin ruhu şaddır. Vəfatının 20-ci ildönümündə bir daha Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad edirik. Ulu Öndərimizin ideyaları bundan sonra da dövlətimizin inkişaf yolunun əbədi mayakı olacaq.

Cəbi QULİYEV,
Milli Məclisin deputatı