“Heydər Əliyev milli özünüdərkdir,  müasir müstəqillik təfəkkürümüzün banisidir” – Millət vəkili

Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qovuşmasından 20 il ötür. Əslində, 20 il tarixin baxışında böyük zaman kəsiyi olmasa da, insan ömrü çərçivəsində kifayət qədər uzun müddətdir. Bu illər ərzində nəsillər, cəmiyyətlər, ideologiyalar dəyişir, hətta 20 ilə bəzən dövlətlər sığır. Ötən 20 ildə Azərbaycan da çox dəyişib. Dəyişməyən isə Azərbaycan xalqının Heydər Əliyev siyasətinə sədaqəti və onun yoxluğu ilə barışmamasıdır.

Ümummilli Lider Heydər Əliyev adı Azərbaycan üçün olduğu qədər ən sadə azərbaycanlı üçün də önəmlidir. Əslində, onu xalqın Öndərinə çevirən, 20 il ərzində unudulmağa qoymayan və daha neçə 20 illiklər ərzində xalqın qəlbində yaşadacaq amillərdən biri də məhz budur.

Heydər Əliyevin adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb. Təsadüfi deyildi ki, o, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum olan təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində sədr vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan DTK yalnız SSRİ maraqlarını yox, həm də Azərbaycanın milli maraqlarının keşikçisi və müdafiəçisinə çevrildi. Yüzlərlə ziyalı məhv edilməkdən qurtuldu, milli təfəkkürlü minlərlə məfkurə daşıyıcısı yetişdi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nin himayəsində təşəkkül tapmağa başladı. Bu gün bəzən həmin tarixi-siyasi prosesləri ayrı-ayrı şəxslərin adı ilə bağlamaq cəhdləri var, amma unutmaq olmaz ki, uzun illərdən sonra, 1967-ci ildə Novruz bayramı, respublikaya yox, birbaşa Moskvaya tabe olan Azərbaycan DTK-nın sədri, general Heydər Əliyevin razılığı olmadan ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilə bilməzdi. Bu baxımdan Ulu Öndər hələ ölkəyə rəhbərlik etməyə başlamazdan artıq xalqın ümid yerinə çevrilmişdi.
1969-cu ilin 14 iyulunda Ümummilli Liderin Azərbaycan KP MK-nın birinci katibi kimi fəaliyyətə başlaması isə bütövlükdə Azərbaycan tarixində yeni eranın başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsi ilə respublikamız geri qalmış ucqar subyektdən SSRİ-nin iqtisadi flaqmanına çevrildi, mədəniyyət, incəsənət, ədəbiyyat intibah dövrünə qədəm qoydu. Müstəqilliyin bərpası üçün bazis də məhz bu dövrdə formalaşmağa başladı. Heydər Əliyevin qurduğu sənaye, inkişaf etdirdiyi iqtisadiyyat, yaratdığı hərbi təyinatlı təhsil müəssisələri, formalaşdırdığı və qoruduğu milli elita elə sovet dövründə Azərbaycana müstəqil davranmaq imkanı verdi. Hətta çəkinmədən demək olar ki, Heydər Əliyevin sovet Azərbaycanı Azərbaycan Xalq Cümhuriyyətindən heç də az müstəqil deyildi, 1991-93-cü illər Azərbaycanından isə daha çox müstəqil idi.

Biz illər ərzində yanlış təbliğatın, yarıtmaz tarix dərsliklərinin ucbatından sovet Azərbaycanına ancaq təqiblər dönəmi kimi baxmışıq. Amma Heydər Əliyevin əsəri olan 1978-ci il Konstitusiyasının 68-ci maddəsində Azərbaycanın suverenliyi, 69-cu maddədə SSRİ-dən azad surətdə çıxmaq hüququ, 73-cü maddədə dövlət dili kimi Azərbaycan dili təsbit edilirdi. Heydər Əliyev “dəyişdirə bilməyəcəyi bir rejimdə xalq üçün nə etmək olar” sualına cavab verməyi bacaran ilk və son lider oldu.
Tarixdən bəllidir ki, sovet hakimiyyətinin ilk dövrlərində bolşeviklər kommunist ideologiyasına bağlı olmayan hər şeyin üzərindən xətt çəkirdilər. İnanclar, ənənələr, hətta milli musiqi belə keçmişin qalığı hesab olunurdu. Nə qədər qəribə olsa da, SSRİ süquta uğrayandan sonra bu düşüncə vandalizmi Azərbaycanda yenidən baş qaldırdı. Bolşeviklərin muzdurlar şurasından fərqli olmayan AXC-Müsavat cütlüyü sovetlərə bağlı nə varsa, hər şeyə nifrət aşılamağa, hətta Böyük Vətən müharibəsi iştirakçılarını belə xainlikdə suçlamağa başladılar. Bunun bir səbəbi var idi, Heydər Əliyevə olan kin və düşmənçilik. Bilirdilər ki, Azərbaycan xalqı Əliyev kimi bir dahini qoyub bunlara üz tutmayacaq. Ona görə də Heydər Əliyevi SSRİ və KQB ilə assosiasiya edərək gözdən salmaq istəyirdilər. Amma xalq bilirdi ki, Heydər Əliyev şərəfli general kimi DTK sədri olanda da, Azərbaycana rəhbərlik edəndə də, SSRİ  Nazirlər Sovetinin Sədrinin birinci müavini olanda da həmişə milli olub.

Heydər Əliyev milli özünüdərkdir,  müasir müstəqillik təfəkkürümüzün banisidir. Kimin hansı mif uydurmasından asılı olmayaraq, etiraf etməliyik ki, mövcudiyyəti dövründə SSRİ-yə öz dövlətimiz kimi yanaşmış, bu dövlətə sidq-ürəkdən inanmışıq. Bizim çox dəyərli ziyalılarımız belə əqidəli kommunist kimi sovet dövlətini özününkü hesab edib. Bu inamla yaşayan xalqın müstəqillik barədə düşünərək SSRİ kimi qüdrətli bir dövlətdən üz çevirməsi faktiki mümkünsüz idi. Amma Ulu Öndərin haqsızlıqlara məruz qalıb 1987-ci ildə siyasi hakimiyyətdən ədalətsiz formada uzaqlaşdırılması bu xalqın sovetlərə inamının itməsi ilə nəticələndi. Azərbaycanın müasir müstəqillik yolu da məhz bu qırılma nöqtəsindən başlanır.
Təsadüfi deyil ki, Heydər Əliyevin repressiyalara məruz qalmasından cəmi bir neçə ay sonra, 1988-ci ildə başlanan meydan hərəkatının ilk iştirakçılarının əllərindəki  plakatlar məhz Heydər Əliyevin portretlərindən ibarət idi.
Ulu Öndərin istefasından iki həftə keçməmiş ovaxtkı “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin Ermənistanın tərkibinə verilməsi məsələsini qaldırdılar. Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki cənab İlham Əliyevin bu il 10 mayda Şuşadan bəyan etdiyi kimi, Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu. Məlumdur ki, Ermənistan dövləti yaranandan, yəni 1918-ci ildən onların Azərbaycana ərazi iddiaları var və 1969-cu ilə qədər bu iddialarını hissə-hissə uğurla realizə ediblər. Hətta 60-cı illərin ortalarında sosial-məişət zəminini bəhanə edib qiyam da qaldırmışdılar və Qarabağın Ermənistana birləşdirilməsi hələ o zaman artıq labüd idi. Məhz Heydər Əliyevin simasında Azərbaycanda güclü və milli iradənin hakimiyyətə gəlməsi bu prosesə nöqtə qoydu. 1969-cu ildən 1987-ci ilə qədər Qarabağda bir nəfər də olsun millətçi-daşnak təfəkkürü baş qaldıra bilməmişdi. Amma Heydər Əliyevsiz 6 il Azərbaycan xalqının tarixində ən ağır faciələr dönəmi kimi tarixə düşdü, ölkə parçalanmaq təhlükəsi ilə üz-üzə qaldı, 30 ildən artıq davam edən məğlubiyyətlər seriyası, işğal və təcavüz dövrü başlandı.

Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Nəticədə, öncə Bakıda qaldırılmalı olan üçrəngli bayrağı, yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Ümumiyyətlə, tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə  hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks-hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi.
Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu.
Ulu Öndər Bakıya qayıtdıqdan sonra bu şəhərdə təhlükələrlə üz-üzə qalanda, o cümlədən  fəaliyyətinin ağır Naxçıvan dövründə onun əsas silahdaşı məhz cənab İlham Əliyev olmuşdu. 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlıq məhz cənab İlham Əliyevin çiyinlərinə düşdü.  Ona görə də 2003-cü ilə qədərki dövlət quruculuğu prosesində biz Ulu Öndərlə bərabər, onun əsas silahdaşı kimi məhz cənab İlham Əliyevin adını çəkməliyik.

Qarabağ məsələsi Ulu Öndərin nisgili idi, hətta 1 oktyabr 2003-cü ildə, özünün həyatını həsr etdiyi xalqına son müraciətində də dahi lider ifadə edirdi ki, xaos və anarxiya dövründə yaranmış bu problemi hələ də həll edə bilməmişik. Baxmayaraq ki, Heydər Əliyevə qədərki idarəçilik normal təfəkkürə sahib olsaydı, onun dediyi kimi, xalqı vahid sarsılmaz bir qüvvə kimi Azadlıq meydanına toplayan milli hisslərdən konstruktiv şəkildə istifadə olunsaydı, Qarabağ adlı problem də olmazdı. Amma o zaman Xalq Cəbhəsi təhlil və proqnozlar əsasında milli platforma yaratmaq əvəzinə, populist meydan əhvali-ruhiyyəsinə üstünlük verdi.

Baxmayaraq ki, Ulu Öndərin dediyi kimi, bu məsələyə Azərbaycan xalqı layiqincə cavab verməyə qadir idi və cənab İlham Əliyev də sübut etdi ki, Azərbaycan xalqı böyük qələbəyə həm qadirdir, həm də layiq! Sadəcə idarəçilik milli düşüncədə, doğru əldə olmalıdır. Ulu Öndərin siyasi davamçısı olaraq cənab İlham Əliyev məhz milli düşüncəni təmsil edir və xalqın tükənməz dəstəyi ilə o həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. Heydər Əliyev siyasi kursuna sadiq qalaraq 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə, cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi Azərbaycan tarixinin heç bir dövründə heç bir liderə müyəssər olmayan bir zirvəyə ucaldı. Azərbaycan Respublikası isə tarixinin ən qüdrətli dövrünə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri, türk dünyasının Ulu Öndəri Heydər Əliyevin görmək istədiyi mənzərə də məhz bu idi və heç şübhəsiz ki, vəfatının 20-ci ildönümündə bu reallıqlardan dahi liderin ruhu da şaddır.

Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı