Deputat: “Prezident İlham Əliyev bütün verdiyi vədlərin əməl edir”

“Dünyada təsadüf heç nə baş vermir. Vətən Müharibəsini təkcə 44 günlük mübarizə kimi qiymətləndirmək düzgün olmazdı. Bu, Ali Baş Komandan İlham Əliyevin uzunmüddətli gördüyü irimiqyaslı işlərin nəticəsidir. Prezident Dağlıq Qarabağ məsələsini həm daxili, həm də xarici siyasətin prioritet istiqaməti elan etmişdi. Ölkədə hərbi quruculuq məsələsinə xüsusi diqqət yetirilir. Cənab İlham Əliyev Prezident seçilərkən hərbi büdcəmiz 135 milyon dollar idisə, hazırda bu, 2.7 milyard dollara çatıb. Təsəvvür edirsinizmi, hansı səviyyəyə gəlib çatmışıq… Dövlət başçısı diplomatik cəbhədə möhtəşəm uğurlara imza atdı”.

Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Deputat xatırladıb ki, Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 2020-ci il fevralın 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş  panel müzakirələrdən bir il ötür: “Bütün dünya bu debatı izlədi. Azərbaycan Prezidenti, sözün həqiqi mənasında, Ermənistanın baş nazirinə həm tarix, həm hüquq, həm də siyasət dərsi keçdi. Dövlət başçısı bütün dünyaya bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Prezident fikirlərini faktlarla ifadə etdi. Dünya gördü ki, Azərbaycanın torpaqlarını Ermənistan işğal edib. Ermənistanın baş naziri özünü itirmişdi, çıxılmaz vəziyyətdə idi. Azərbaycan Prezidenti ilə debata çıxmayana qədər kimlərsə Paşinyanın bacarıq və qabiliyyətinin olduğunu düşünürdü. Bu debatdan sonra onun nə qədər səriştəsiz olduğu üzə çıxdı. “Valday” Beynəlxalq Diskussiya Klubunda da Prezident Ermənistanın işğalçılıq siyasətinin anatomiyasını açıb göstərdi. Bu tədbirdə faşizm ideologiyasının Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırıldığı bəyan edildi. Cənab İlham Əliyev qeyd etdi ki, bir dövlətdə Hitlerin ən yaxın silahdaşlarından birinə Qaregin Njdeyə şəhərin mərkəzində heykəl qoyulursa, qəhrəmanlaşdırılırsa, erməni gənclər Njdeyə məhəbbət  ruhunda tərbiyə edilirlərsə, deməli, bu ölkədə faşizm ideologiyası tərənnüm olunur. Bu, çox təhlükəli tendensiyadır. Dövlət başçısının bu faktları açıqlaması böyük rezonansa səbəb oldu. Beləliklə, Ermənistan diplomatik cəbhədə növbəti zərbəni aldı. Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının iclasında da Prezident İlham Əliyev konkret faktlarla çıxış etdi. Dünya gördü ki, Azərbaycan faşist dövlətin təcavüzünə məruz qalıb. Hətta faşistlərin etmədiyi cinayətləri Ermənistan edib, hər şeyi məhv ediblər. Prezidentin dediyi kimi, sanki, bu ərazilərdən vəhşi qəbilə keçib. Prezidentin bu addımları deməyə əsas verir ki, 44 günlük Vətən müharibəsində diplomatik uğurlarımız mühüm rol oynadı”.

E.Nəsirov qeyd edib ki, Prezident İlham Əliyev müharibədə qələbəni təmin etmək üçün son dərəcə böyük ideoloji və diplomatik iş aparıb: “Dövlət başçısının müharibə dövründə dünyanın 30-dək nüfuzlu kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrin misli yoxdur. Cənab İlham Əliyevin opponentləri də söylədilər ki, müsahibələrdə Azərbaycan Prezidentini yenidən kəşf etdilər. Bu müsahibələr dövlət başçısının zəngin intellektə, potensiala sahib olduğu göstərdi. İlham Əliyev mahir diplomatdır, böyük sərkərdədir. Müharibə dövründə Ali Baş Komandanın bütün müsbət keyfiyyətləri üzə çıxdı. Azərbaycan tarixi qələbə qazanıb, dövlət başçısı yeni hədəfləri müəyyən edib. Bu, Qarabağın bərpası və yenidənqurması ilə bağlıdır. Bu istiqamətdə çox ciddi və ardıcıl işlər görülməkdədir”.

Milli Məclisin üzvü vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyev verdiyi bütün vədləri yerinə yetirib: ““Mənim sözüm ilə imzam eyni gücə, qüvvətə malikdir”. Bu, Prezident İlham Əliyevin öz sözləridir. Yəni nəyi deyirsə, onu edir. Prezident demişdi ki, santimetr torpağı da düşmənə güzəştə getməyəcəyik. Güzəştə getmədi. Söyləmişdi ki, Azərbaycan torpaqlarında heç bir zaman ikinci Ermənistan dövlət yaradılmayacaq. Yaradılmadı. Bildirmişdi ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq. Barışmadı. Qeyd etmişdi ki, münaqişəni dinc yolla həll etmək istəyirik, əgər mümkün olmazsa, hərbi yolla həll etmək hüququnu özümüzdə saxlayırıq. Prezident dedi və etdi. Dövlət başçısı indi də bildirir ki, düşmən ağlını başına yığsın, revanşizmdən əl çəksin, yenidən başını qaldırıb iddialar ortaya qoyacaqsa, “dəmir yumruq” işə düşəcək, başından vurarıq, belini sındırarıq, düşmən bir daha özünə gələ bilməz. Düşmən də bilir ki, Azərbaycan Prezidenti dedisə, deməli, əməl edəcək!”