Deputat “Qərb sülhün əleyhinədir”

“Qarşı tərəflərin başqa don geyindirməyə çalışmalarına baxmayaraq, Brüsseldə keçiriləcək ABŞ-Aİ-Ermənistan müştərək konfransının ölkəmizin əleyhinə yönəldiyi açıq-aşkar ortadadır. Fransanın Avropa və xarici işlər naziri də amerikalı həmkarı ilə keçirdiyi mətbuat konfransında Azərbaycanı hədələməklə, bizi hədəfə almaqla bunu bir daha etiraf edib.

Lakin Ermənistanı yeni müharibəyə hazırlayan, revanşizmi təşviq edən qüvvələrin təxribatçı cəhdləri heç bir nəticə verməyəcək”.

Bunu  açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev ABŞ-nin Dövlət katibi Entoni Blinkenlə telefon danışığında Parisin destruktiv və təhrikedici addımlarını xüsusi olaraq vurğulayıb. Azərbaycanın müxtəlif diplomatik kanallarla bu konfransın təxirə salınmasını əsaslandırmasına baxmayaraq bunun nəzərə alınmaması Qərbin Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı olmadığını deməyə əsas verir. Onlar Brüsseldə bir araya toplanaraq Azərbaycana qarşı addımlar atmağa, regionda ikinci cəbhə açmağa çalışırlar.

Deputat qeyd edib ki, ABŞ kimi dünyanın ən güclü dövlətinin ikinci adamının Prezident İlham Əliyevə zəng etməsi və vəziyyəti izah etməyə çalışması dövlətimizin başçısının qlobal müstəvidə olan nüfuzunun və çəkisinin göstəricisidir: “Azərbaycan regionun ən güclü ölkəsidir, 44 günlük Vətən müharibəsinin qalibi olan və BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini təkbaşına yerinə yetirən dövlətdir. Bu dövləti idarə edən, onu indiki gücünə çatdıran, nüfuz sahibinə çevirən isə Ali Baş Komandanımızdır. Yəni ABŞ bütün bunları nəzərə almamış deyil. Həm də Qərb Azərbaycanın doğru hədəfə vurduğunun fərqindədir”.

Aydın Hüseynov vurğulayıb ki, sözügedən konfransda iştirak edəcək tərəflərin orada imzalanacaq sənədlərin Azərbaycan əleyhinə olmadığı haqda açıqlamaları ağ yalandır: “Xüsusilə hələ sülh sazişinin imzalanmadığı bir vaxtda söhbət Ermənistana dəstəkdən gedirsə, burada hədəf kim ola bilər?! Əlbəttə ki, Azərbaycandır. Üstəlik, ABŞ, Aİ və Ermənistan Rusiyanın regiondan sıxışdırılıb çıxarılmasında maraqlıdırlar. Ermənistanın, eyni zamanda Qərbin bu ölkədəki hədəfi uzunvədəli deyil, rəsmi İrəvan qısa zaman ərzində öz istəyinə çatmağa niyyətlənib. Amma mövcud maneələri aşmaq üçün ona Qərbin dəstəyi lazımdır. Rusiyadan qurtulmaq istəyən Ermənistan həm də Avropanın və ABŞ-nin həqiqi dəstəyini qazanmaq istəyir. Bununla yanaşı, İrəvan sözdə dəstək vəd edən Qərbin Ukrayna kimi Ermənistanı da yarı yolda buraxacağından qorxur. Ona görə də əlindən gələn bütün imkanlardan istifadə edir ki, Qərbi sözün bütün mənalarında qazana bilsin”.

Deputat bu ssenarinin Ermənistanın bütövlükdə Qərbin sərəncamına verilməsini nəzərdə tutduğunu bildirib. Vurğulayıb ki, 30 il ərzində regionda Rusiyanın plasdarmı olan Ermənistan indi də Fransa başda olmaqla, Qərbin hərbi plasdarmına çevrilir: “Cənubi Qafqazda cərəyan edən geosiyasi oyunlar sanki üçüncü dünya müharibəsinin və dünyanın yenidən bölünməsi ssenarisinin tərkib hissəsidir. Nəzərə almaq lazımdır ki, əvvəlki status-kvo Azərbaycan və Türkiyədən başqa hamını qane edirdi. Bu, Azərbaycan torpaqlarının işğalına və Cənubi Qafqazda ikinci erməni dövlətinin yaranmasına hesablanmışdı. Lakin bu oyunun qaydaları Prezident İlham Əliyev tərəfindən pozuldu. Nəticədə regionda yeni reallıq formalaşdı ki, Qərb və Ermənistanın havadarları da məhz bununla barışmaq istəmirlər”.