Deputat: “Qarabağ və Şərqi Zəngəzurda böyük yenidənqurma işləri görüləcək”

“Azərbaycan Prezidenti İlham Əliyevin Qarabağa növbəti səfəri yeni layihələrin başlanması və görülən işlərə baxış xarakteri daşıyır. Dövlət başçısı Əhmədbəyli-Füzuli-Şuşa yolunun tikintisi ilə tanış oldu, Xocalı kəndində, Şuşada işlərin gedişi ilə maraqlanıb, yeni tapşırıqlar verdi”. Bu sözləri millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, indiyə qədər Qarabağın bərpası üçün 7 milyard manatdan çox vəsait xərclənib: “Bu il isə təxminən 5 milyard manata qədər vəsaitin investisiya olaraq qoyulması nəzərdə tutulur. Bu olduqca böyük bir məbləğdir. Bu məbləğin özü cənab Prezidentin və Azərbaycan dövlətinin Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasına və məskunlaşmasına nə qədər önəm verildiyinin göstəricisidir.

Şübhəsiz ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızın bərpası üçün Prezidentin bir sıra fərman və sərəncamları olub. O cümlədən “Böyük Qayıdış” üzrə birinci dövlət proqramı qəbul edilib. Bu proqrama görə yaxın 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda böyük yenidənqurma işləri görüləcək”.