Deputat rəisə iş üçün xahiş etdi, rədd olundu

Etibar

“Dünən sosial mediadan oxudum ki, “Azərbaycan” qəzetində Metropolitenin rəisi Zaur Hüseynov haqda tənqidi məqalə dərc olunub. Mən həmin yazıyla tanış deyiləm. Amma bəri başdan deyirəm ki, nə yazılıbsa az yazılıb ve haqq yazılıb. Niyəsini indi söyləyim…”.

 

Bu fikirləri millət vəkili Etibar Hüseynov bildirib. “Azərbaycan” qəzetində Bakı Metropolitenin rəisi Zaur Hüseynovla bağlı dərc olunan yazıya münasibət bildirən deputat yeni rəisin onu aldatdığını qeyd edib.
“Təxminən 3 ay əvvəl dəmiryol sistemində 30 ildən artıq təcrübəsi olan Eynulla Bağırov adlı şəxs mənə hal-hazırda işsiz olduğunu və Metropolitendə işə düzəlməsində ona yardımcı olmağımı xahiş etmişdi. İstədiyi də vəzifə deyil, sıradan bir işdi, ailəsinə çörəkpulu aramaqdır. Mən də elə onun yanındaca Zaur Hüseynova telefon açdım. Məsələdən agah elədim. Mənə həmin şəxsin bir həftə sonra onun qəbuluna gəlməsini bildirdi. Eynulla Bağırov da sevindi. Amma bu uzun çəkmədi. Zaur Hüseynov onu qəbul belə etmədi.
Biabırçılıqdır. Bəs, ayrı vaxt özləri deyir ki, Metropolitendə guya peşəkar kadr çatışmazlığı var. Və bütün günahlarını da bununla sığortalayırdılar. Bəs nə oldu?”-deyə E.Hüseynov bildirib.
Millət vəkilinin sözlərinə görə, Zaur Hüseynovdan gözləntilər özünü doğrultmadı. “Adam gələndən Metropolitendə “budka reforması”ndan o yan bir iş görə bilmədi. Heç o işi də əməlli-başlı sona çatdırmadı. Nail ola bildiyi isə Tağı Əhmədovun atasına rəhmət oxutdurmaq oldu. Vəssalam…”.