Deputat: “Sülhə maneçilik yaradan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq”

“ABŞ-ın dəstəyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşünün yekunları  Cənubi Qafqazda sülhün əldə edilməsi istiqamətində əvvəlki görüşlərdən bir çox parametrlərinə görə fərqləndiyindən çox mühüm əhəmiyyət kəsb edir. Hər zaman olduğu kimi, İrəvan bu dəfə də sülh danışıqlarını pozmaq istiqamətində təxribata əl atdı və bu iflasa uğradı. Belə ki, ermənilər Qarabağda rus sülhməramlılarının nəzarətində olan ərazilərdə təxribat törətməklə danışıqları pozmağa çalışdı. Hətta Vaşinqton danışıqlarını dayandırılması barədə bəyanatlar səsləndirsələr də, nəticəsi olmadı. Danışıqlar prosesi dayandırılmadı  və davam etdirildi. Yekunla bağlı verilən bəyanatlarda  bildirilir ki, sülh sazişi layihəsi üzərində tərəflərin bir sıra müddəalar üzrə razılığa gəlinib. Bu isə sülhün əngəlləyən qüvvələrin təxribatlarının cəhdlərinə baxmayaraq  yaxın gələcəkdə müsbət yekun nəticənin əldə edilməsinə əminlik yaradır”.

Bunu  Milli Məclisin deputatı İltizam Yusifov deyib.

Onun sözlərinə görə,  Azərbaycanın ermənilərin sonuncu təxribat cəhdlərinin qarşısını qətiyyətlə almasından sonra  İrəvan anladı ki,  bu cür yersiz cəhdlər ancaq onların özlərinə sarsıdıcı zərbə vurmaqla yanaşı, prosesləri dalana  dirəyir. “Beynəlxalq aləm də illərdir ermənilərin bu cür hiyləgər hərəkətlərinin arxasında  nə dayandığını bildiklərindən reaksiya vermir. Vaşinqton görüşü bunun bariz nümunəsidir.  Təxribatdan sonra ABŞ tərəfi  görüşün yarımçıq kəsilməsinə ciddi etiraz edərək davam etdirilməsini tələb edib.  Bunu eyni zamanda beynəlxalq aləm tərəfindən Azərbaycanın doğru addım atdığına verilən qiymət kimi də dəyərləndirmək lazımdır. Bununla Azərbaycan  həm də dünyaya mesaj verdi ki, Qarabağ onun daxili məsələsidir və bu onun “qırmızı xətti”dir. Bu bir dərs oldu. Sülhə maneçilik yaradan bütün hərəkətlərin qarşısı qətiyyətlə alınacaq və buna kimsənin şübhəsi olmasın”, – o qeyd edib.

O əlavə edib ki, ermənilərin nə yaxın havadarlarından olan Fransa  və onun prezidenti Emanuel Makron  belə Ermənistan-Azərbaycan məsələsində nəinki beynəlxalq aləmdə, o cümlədən Avropa İttifaqında  təklənmiş   vəziyyətdə qaldığını etiraf edib: “Ermənilər anlamalıdırlar ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində artıq beynəlxalq dəstəkdən məhrum olublar. Dünya artıq onların işğalçılıq siyasətinin mahiyyətini yaxşı dərk etdiyindən, çirkin niyyətlərini dəstəkləmir. Onlara havadarlıq edənlərin də gücü getdikcə tükənir.

Düzdür, bölgədə sülhü istəməyən bəzi ölkələr var, amma onların niyyəti ermənilərin maraqlarını təmin etmək yox, onların üzərindən özlərinin maraqlarını təmin etmək və bu alınmazsa, gərginliyi davam etdirməkdir. O baxımdan da bəzi xarici güclərin əllərində alət olan İrəvandakı revanşistlər anlamalıdırlar ki, onlar Azərbaycanın Cənubi Qafqazda sülhün təmin olunması istiqamətindəki gündəliyini dəyişmək iqtidarında deyildirlər.  Bölgənin gündəliyini müəyyən edib və şərti diqtə edən Azərbaycandır. Ona uyğun da sülh imzalanacaq.  Sülh gündəliyini pozub, təxribatlara əl atmaq heç nə verməyəcək. Əksinə  hər təxribatda ən ağır bədəl ödəyib, itki verən ermənilər olacaq.  Əminəm ki, Azərbaycanın qətiyyətli siyasəti nəticəsidə  yaxın gələcəkdə sülh sazişinin imzalanması mümkün olacaq”.