Deputat: “Şuşa regionun turizm mərkəzi olacaq”

Azərbaycan Ordusu Vətən müharibəsində düşmən üzərində tarixi qələbə qazanaraq 30 ildən bəri Ermənistanın işğalı altında qalmış ərazilərimizi azad etdi. Prezident İlham Əliyev azad edilmiş ərazilərin bərpa olunacağını, bütün şəhər və kəndlərimizin dirçəldiləcəyini bildirib. Artıq bu istiqamətdə əməli işlərə başlanılıb.

Bunu Milli Məclisin deputatı Cavanşir Paşazadə bildirib.

Deputat qeyd edib ki, Azərbaycan Prezidenti son aylarda işğaldan azad edilmiş ərazilərimizə, eləcə də Şuşaya səfərləri zamanı dəfələrlə bildirib ki, yaşayış məskənlərimiz qısa müddət ərzində bərpa olunacaq, indiyədək məcburi köçkün həyatı yaşa­yan vətəndaşlarımız öz yurd-yuvalarına qayıdacaqlar. Hazırda bu istiqamətdə işlər gedir. Bunu Prezidentin Şuşaya səfəri za­manı da müşahidə etdik. Yanvarın 14-də baş tutmuş həmin səfər zamanı dövlət başçısı Əhmədbəyli–Füzuli–Şuşa avtomo­bil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməllərini qoyub.

Dövlət başçısı Füzuli Beynəlxalq Hava Limanının azad edilmiş bölgələrimizin inkişafı üçün çox önəmli olduğunu qeyd edib. Onun sözlərinə görə, hava lima­nının uçuş-enmə zolağı bu il, binası isə gələn il istifadəyə veriləcək. Limanın qısa müddətdə istifadəyə verilməsində əsas məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etməkdir. Çünki buradan Şuşaya olan məsafə çox da böyük deyil. Füzuli–Şuşa yolu dördzolaqlı və bəzi yerlərdə altızolaqlı olacaq, xarici qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gələrək, çox rahat və qısa müddət ərzində Şuşa şəhərinə gedə biləcəklər. Dövlət başçısı yanvarın 27-də Aydın Kərimovu Preziden­tin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən də ona şəhərdə böyük turizm potensialı yaradılması, Dövlət Turizm Agentliyi və Mədəniyyət Nazirliyi ilə birlikdə xüsusi proqram hazırlanması, dün­yanın müxtəlif ölkələrində Şuşanın tarixi, işğal dövrü, bugünkü bərpa işləri ilə bağlı təqdimatlar keçirilməsi barədə tapşırıqlar verib.

Prezident ermənilərin Qafqazın nadir və bənzərsiz incisi olan Şuşada böyük da­ğıntılar törətdiyini söyləyib. Amma şəhərin hazırkı vəziyyətinə heç kim laqeyd qala bilməz: “Ermənilər bu şəhərdə də dağıntı­lar törədiblər. Məscidlər dağıdılıb, tarix və mədəniyyət abidələri, Vaqifin məqbərəsi dağıdılıb, məzar daşı sındırılıb, Vaqifin ba­relyefi qırılıb, büstü məhv edilib. Natəvanın sarayı dağıdılıb, Bülbülün evi praktiki olaraq yarıdağıdılmış vəziyyətdədir, Üzeyir Hacıbəylinin evi isə artıq yoxdur, onun yalnız divarları qalıb. Bu, barbarlıqdır, bu, mədəni soyqırımıdır”.

Dövlət başçısı Azərbaycan xalqının bu vəhşilikləri heç vaxt unutmayacağını bildirib. Qeyd edib ki, mənim göstərişimə əsasən, bütün şəhərlərimiz, kəndlərimiz bərpa ediləndə biz yəqin ki, hər şəhərdə bir məhəlləni, ola bilsin, böyük bir ərazini işğalçılardan sonra qalmış vəziyyətdə saxlayacağıq. Azərbaycan xalqı bunu heç vaxt unutmasın, gələcək nəsillər yadda saxlasınlar ki, biz öz torpağımızı qorumalı­yıq və yalnız öz gücümüzə güvənməliyik.

Prezident çıxışlarında böyük əminliklə bildirib ki, təkcə Şuşada deyil, işğal altında olmuş ərazilərdə dağıdılmış nə varsa, ha­mısı bərpa ediləcək. Artıq Böyük Qayıdış proqramı hazırlanır, lap yaxın vaxtlarda şəhərlərin dirçəlişini görəcəyik.

Dövlət başçısı onu da qeyd edib ki, dağıdılmış şəhərlərimizin dirçəldilməsinə dost ölkələr dəstək göstərməli, tarix və mədəniyyət abidələrimizin bərpasında TÜRKSOY fəal iştirak etməlidir. Azad edilmiş ərazilərdə 70-ə yaxın məscid dağıdılıb, muzeylər qarət olunub, bütün sosial infrastruktur məhv edilib. TÜRKSOY həm də işğalçı qüvvələrin barbarlığını, mədəni-tarixi irsimizin məhv edildiyini dünya ictimaiyyətinə çatdırmağı diqqət mərkəzində saxlamalıdır.

Cənab İlham Əliyev deyib ki, bütün şəhərlərimiz, rayonlarımız yenidən dirçəldiləcək. Artıq rayonların bərpası ilə bağlı böyük planlar reallaşır, infrastruktur layihələri icra edilməyə başlayır. Dəmir yolları bərpa ediləcək. O cümlədən, Naxçıvan Muxtar Respublikasına gedən dəmir yolunun bərpası gündəmdədir. Bərdə–Ağdam dəmir yolunda praktiki addımlar atılır.

Prezidentin qeyd etdiyi kimi, Azərbaycan xalqı qurub-yaradandır. Ona görə də inanırıq ki, bərpa ilə bağlı bütün planlar tezliklə həyata keçəcək və azad olunmuş ərazilərimizin siması tamamən dəyişəcək.