Deputat təkliflə çıxış etdi- Pensiya və müavinətlərin təyin edilməsində və ödənilməsində bu məsələlər həll olunmalıdır

Sosial sahədə ünvanlılığın təmin olunmasına yönələn mütərəqqi addımlar atılsa da, pensiya və müavinətlərin təyin edilməsində və ödənilməsində həllini gözləyən bəzi problemlər qalmaqdadır”.


XALQ.AZ xəbər verir ki, bu fikirlər millət vəkili Könül Nurullayevanın 2020-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsinin icrası vəziyyətinə dair parlamentə təqdim etdiyi çıxışında yer alıb.


Millət vəkili qeyd edib ki, sosial siyasətin əhatəliliyinin təmin edilməsi və bu sahədə işlərin icrasına diqqət bir qədər də artırılmalı, pensiyaların hesablanması zamanı nöqsanlara yol verilməsi hallarının qarşısı daha ciddi şəkildə alınmalı, hesablanmamış və ödənilməmiş qalıq vəsaitin qısa müddətdə büdcə vəsaitləri hesabına pensiyaçılara ödənilməsi prosesi sürətləndirilməlidir.

Ümumiyyətlə, 2020-ci il üçün nəzərdə tutulmuş dövlət büdcəsinin olduqca mürəkkəb dövrü əhatə etdiyini vurğulayan millət vəkili bildirib ki, ötən ilin dövlət büdcəsinin uğurlu icrası Pandemiya fəlakəti və Vətən müharibəsi kimi tarixi sınaqlardan çıxmağımızı şərtləndirməklə yanaşı, dövlət və sosial vəzifələrin həyata keçirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın stimullaşdırılması istiqamətində müsbət rolunu oynayıb: “Büdcə xərclərinin artıq 38,9 faizinə çatan sosial xərclər bütövlükdə ölkədə sosial qayğıya və dəstəyə ehtiyacı olan insanlar üçün sosial rahatlığın yaradılmasına mühüm töhfə verməkdədir.”


K.Nurulayeva həmçinin qeyd edib ki, ölkəmizin daha davamlı və dayanıqlı inkişafı büdcə vəsaitlərindən səmərəli istifadə və iqtisadi layihələrin icrasından birbaşa asılıdır. Dünya Bankı tərəfindən “Doing Business – 2020” hesabatı üzrə aparılan araşdırmaların nəticəsində Azərbaycan 191 ölkə arasında hər il qabaqcıl yerlərdən birində qərarlaşmışdır. Lakin “Kiçik investorların qorunması” indikatoru üzrə hələ çox işlərin görülməsinə ehtiyac duyulduğu xüsusi qeyd edilmişdir”. Millət vəkili hesab edir ki, iqtisadi inkişafımıza maneə yaradan başlıca faktorlardan biri kimi kiçik investorların qorunması mexanizmlərinin daha səmərəli işlənməməsi qeyd edilir. Bu sahədə işlərin görülməsi vacibdir: “Sahibkarlıq sferasının hər təbəqəsi fəaliyyətini səmərəli şəkildə qurmalı və bu yöndə xüsusən xırda investorların risklərinin qorunmasına nail olunmalıdır. Sahibkarlığın İnkişafı Fondu tərəfindən 2020-ci ilin 11 ayı ərzindəümumi dəyəri 369 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 2282 yeni iş yerinin açılması imkanı yaranıb. Bundan əlavə olaraq, pandemiyanın təsirinin yumşaldılması ilə bağlı xüsusi tədbirlər planına əsasən, əlavə olaraq elektron kredit platforması vasitəsilə orta və kiçik sahibkarlara 163 milyon manat güzəştli, dövlət zəmanətli kreditlər ayrılıb.”

Sahibkarlığın inkişafının əhalinin məşğulluğu üzrə dövlət siyasətinin uğurla reallaşması kimi dəyərləndirən K.Nurullayevanın qənaətincə, pandemiyanın sahibkarlığın inkişafına ən mənfi təsiri əhalinin bir hissəsinin iş yerini itirməsi, yaxud fəaliyyətlərinin ciddi təhlükə altına düşməsidir. Millət vəkili bu istiqamətdə bəzi təkliflərini də qeyd edib: “Hesab edirəm ki, məşğulluğun təmin edilməsi və əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində bu kimi dövlət zəmanətli kredit portfeli genişləndirilərsə, özəl və dövlət sektoru arasında daha sıx və şəffaf meyarlarla əlaqələrin qurulmasına imkan yaradılaraq büdcə vəsaitlərinin daha səmərəli və məqsədəmüvafiq xərclənməsi işinə təkan verilmiş olar”.