Deputat vitse-prezidentin şeirinə mahnı bəstələdi

Milli Məclisin deputatı, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın daha bir şeirinə mahnı bəstələyib.

Deputat bu barədə sosial şəbəkə hesabında yazıb.

“Bu gün ictimai xadim, Heydər Əliyev Fondunun vitse-prezidenti, Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri, Moskvada nəşr olunan “Bakı” jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin böyük qızı Leyla xanım Əliyevanın doğum günüdür.

Leyla xanım Əliyeva xeyriyyəçilik, təhsil, səhiyyə və digər məsələlərlə bağlı humanitar addımların təşəbbüskarıdır. Leyla xanım Əliyeva fəal sosial və ictimai fəaliyyəti ilə yanaşı, yaradıcılıq sahəsində də dünyada tanınıb. Leyla xanım Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı şeirlər də yazır və bu şeirlərə mahnılar bəstələnir.

Mən də çox məmnunam ki, Leyla xanımın şeirlərinə mahnı bəstələmişəm. Bu günə kimi 12 belə musiqi layihəsi ərsəyə gəlib. Sonuncu musiqi layihəsini sizlərə təqdim edirəm.

Doğum günü münasibətilə Leyla xanımı səmimi qəlbdən təbrik edir, ona uzun ömür can sağlığı və şərəfli fəaliyyətində yeni-yeni işlərində uğurlar arzu edirik”, – Novruz Aslanov qeyd edib.