Azərbaycan mühüm geostrateji məkanda yerləşir. Bu amil ölkəmizin dünya üçün önəmini artırır. Azərbaycanın belə bir önəmli coğrafiyada yerləşməsi, həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Bu baxımdan, ölkəmizin tranzit potensialı dünyanın diqqətini cəlb edir. Yanvarın 28-də cənab Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bu mövzu ilə əlaqədar fikirlərini geniş ifadə edib.
Cənab Prezident İlham Əliyev müşavirədə Azərbaycanın Şərqlə Qərb, Cənub və Şimal arasında ticarət əlaqələrində tranzit ölkə kimi böyük rol oynadığını diqqətə çatdırıb. Şərq-Qərb layihəsinin ən mühüm halqası isə Orta Dəhlizdir. Bu dəhlizi geosiyasi-iqtisadi əhəmiyyətinə görə, dəyər zənciri də adlandırmaq mümkündür. Orta Dəhliz Çindən gələn yüklərin Qazaxıstandan keçərək Xəzər dənizinə, Azərbaycana və oradan da Gürcüstan və Türkiyə üzərindən Avropadakı son təyinat ölkələrinə çatmasına imkan yaradır. Bu baxımdan, dəhlizin və bu infrastrukturun bir hissəsi kimi Bakı-Tbilisi-Qars dəmir yolu da böyük əhəmiyyətə malikdir.
Azərbaycan bölgənin nəqliyyat landşaftını möhkəmləndirərək digər kommunikasiyaların da bu nəqliyyat qovşaqlarına bağlantısını təmin etmək istiqamətində qətiyyətlə çalışır. Bu baxımdan Orta Dəhlizin növbəti dayanacağının Zəngəzur xətti olacağına da şübhə yoxdur. Ermənistan regionun nəqliyyat ritmini pozmaq üçün müxtəlif cəfəng layihələri ortaya atmaqla bu dəhlizin perspektivinə zərbə vurmağa çalışır, “Sülh kəsişməsi” adlı reallıqdan uzaq layihə ilə vaxtı uzadır. İrəvan anlamır ki, bölgədə Azərbaycansız hansısa bir layihənin həyata keçməsi mümkün deyil. Azərbaycan özünə aid hissədə bu dəhlizin komponentlərini reallaşdırır. Artıq Zəngilana qədər uzanan magistral və dəmir yolu xəttinin böyük hissəsi başa çatdırılıb. Bütövlükdə, bu gün azad edilmiş ərazilərdə görülən işlərin əsasını nəqliyyat layihələri təşkil edir. 3400 kilometrə yaxın avtomobil yolu icra edilməkdədir. Eyni zamanda, 45 tunel, 447 körpü, 16 viaduk nəzərdə tutulub. Bunlardan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanıb. Eyni zamanda, son 20 il ərzində Azərbaycanda səkkiz beynəlxalq hava limanı inşa edilib. Onların dördü var idi, amma vəziyyəti qənaətbəxş hesab edilmirdi. Bakı, Naxçıvan, Gəncə və Lənkəran hava limanları yenidən quruldu. Bununla bərabər, dörd yeni hava limanı inşa edilib – Qəbələ, Zaqatala, Füzuli və Zəngilan. Doqquzuncu beynəlxalq hava limanının bu il Laçında istifadəyə verilməsi nəzərdə tutulur. Bütün bu hava limanları istənilən ağırlıqda yük və sərnişin təyyarələrini qəbul etməyə qadirdir.
Müşavirədə aparılan müzakirələr və verilən məlumatlar göstərir ki, ölkəmizdə, o cümlədən paytaxt Bakıda yeni nəqliyyat layihələri həyata keçiriləcək. Bu layihələrin reallaşması nəqliyyat sahəsində vəziyyəti daha da təkmilləşdirəcək. Nəticə etibarilə, görülən işlər ölkə vətəndaşlarının rihafına xidmət edir.
Fatma Yıldırım 
Millət vəkili

media-ads-728x90

Bənzər xəbərlər