Deputat:”Bir mərkəzdən verilən tapşırıqlar icra olunmaqda davam etdirilir”

Oktyabrın 3-də Avropa Parlamentində edilən çıxışları dinləyərkən elə təəssürat yaranırdı ki, sanki deputatların əksəriyyəti Qarabağın de-yure Azərbaycan torpağı olmasından bixəbərdir. Ya da bu illər ərzində onlar özlərini inandırıblar ki, Azərbaycan xalqı artıq ərazilərinin 20 faizinin işğalı ilə barışıb və gec-tez keçmiş “Dağlıq Qarabağın” ikinci erməni dövləti kimi yaşaması, yaxud Ermənistana birləşməsi ilə də barışacaq. Məhz bu cür özünüaldatmanın təsiri altında çıxış edənlərin əksəriyyəti heç bir hüquqi və mənəvi bəraəti olmayan cəfəng fikir səsləndirirdilər: “Azərbaycan “Dağlıq Qarabağa” hücum edib, Azərbaycan aqressordur”. Bu, Fransa Prezidenti Emmanuel Makronun BMT Nizamnaməsinin,  beynəlxalq-hüququn fundamental prinsiplərinin və tərəfsiz vasitəçi öhdəliyinin ziddinə olaraq, 44 günlük Vətən müharibəsinin ilk günlərində verdiyi “Azərbaycan “Dağlıq Qarabağı” fəth etmək istəyir və biz buna icazə vermərik” bəyanatını xatırladır.

 

Avropa Parlamentində eyni ədalətsiz iddianı yenidən təkrarlayanlar, əslində, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına almaqla yanaşı, həm də iddia edirdilər ki, guya Azərbaycan xarici bir subyekti hədəf seçib. Ona görə də özümüz-özümüzü aldatmamalıyıq. Bəzi beynəlxalq təşkilatlarda ölkəmizə  demokratiyadan, hüququn aliliyindən, insan haqlarından və humanistlikdən “dərs keçmək” istəyənlərin yanaşma tərzi və dəyərlər sistemi, təəssüf ki, düşündüyümüzdən və arzuladığımızdan çox-çox fərqlidir. Hər nədəndirsə, söhbət Azərbaycanın ərazi bütövlüyündən və suverenliyindən getdiyi vaxt, beynəlxalq-hüquq normaları və ədalət prinsipi onların yadına düşmür. Ona görə də çıxışları sakit şəkildə dinləmək mümkün deyildi. Deputatların əksəriyyəti sanki bir mərkəzdən gələn tapşırıq əsasında Azərbaycanın ünvanına yalan və iftira püskürürdü. Bəzən elə təəssürat yaranırdı ki, onlar nəinki məsələnin mahiyyətindən, ümumiyyətlə, Qarabağın harada yerləşməsindən də xəbərsizdirlər. Deputatlardan biri tarixi saxtalaşdıraraq iddia edirdi ki, guya “Dağlıq Qarabağı” Azərbaycana Stalin bağışlayıb. Bir başqası dedi ki, “erməni xristian qardaşlarımız təhlükədədir, biz onları tək qoymamalıyıq”. Başqa bir deputat isə çağırış etdi ki, “biz Fransa ermənilərini necə seviriksə, Ermənistan ermənilərini də elə sevib qorumalıyıq”. Bu çağırışların hər biri dini və milli ayrı-seçkiliyi, dinlərarası və millətlərarası nifrəti açıq şəkildə təşviq edir, hər bir halda, sülhə və dinc bigəyaşayışa töhfə vermək məqsədini güdmür. Özü də bütün bunlar hansısa yeməkxanada, yaxud ucqar dağ kəndində deyil, dünya dəyərlərini təşviq etməli olan Avropa Parlamentində baş verir.

 

Çıxışlar sanki “kopirovka” edilmişdi, dediyim kimi,  sanki bir mərkəzdən verilən tapşırıq icra olunurdu. “Fransa ermənilərini necə seviriksə, Ermənistan və “Dağlıq Qarabağ” ermənilərini də o cür sevməliyik və qorumalıyıq” kimi fikirlər “dirijor çubuğunun” kimin əlində olduğunu açıq şəkildə göstərir. Ona görə də Fransanın Avropa və xarici işlər naziri Katrin Kolonna tərəfindən elə həmin gün-oktyabrın 3-də Ermənistanda  mətbuat konfransı zamanı səsləndirilən növbəti əsassız iddialar Avropa Parlamentindəki çıxışların ümumiləşdirilmiş ifadə forması idi. Təsəvvür edin, BMT-nin, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının və digər beynəlxalq təşkilatların Qarabağda öz gözləri ilə gördüklərinə adekvat olaraq tərtib etdikləri obyektiv rəy də Fransa rəsmisinə yetərli görünmədi. Ədalətin bu cür iqnor olunması, 27 il boyunca BMT qətnamələrini icra etməyən Ermənistanın özbaşınalığına göz yumulması siyasətinin açıq-aşkar davamıdır. Fransalı nazir beynəlxalq missiyanın yekdil rəyinə məhəl qoymadan onu da iddia etdi ki, guya Azərbaycanın “təqsiri” üzündən erməni sakinlər zorən qaçqın vəziyyətinə düşüblər. Amma xanım Kolonna fürsətkən “mülki əhaliyə və mülki infrastruktura birbaşa və ciddi təhlükənin yaradılmadığını” etiraf edən N.Paşinyana demədi ki, “niyə həqiqəti etiraf etməklə bizi “zibilə” salmısan?” Fransalı nazir bununla kifayətlənməyərək, Ermənistanı silahlandıracaqlarını da bəyan etdi. Bu, artıq nə ermənipərəstlikdir, nə də “sevimli bacı” elan etdiyi Ermənistanı əzizləmək deməkdir.İstər Avropa Parlamentində səslənən fikirlər, istərsə də Fransa rəsmisin Ermənistandan verdiyi açıqlamalar Azərbaycana qarşı yönələn qeyri-dost davranışıdır.

 

Fransa və onun diqtəsi ilə hərəkət edənlər Ermənistanı niyə və kimə qarşı silahlandırmağa çalışırlar? Bu, Cənubi Qafqazda sülhün deyil, aqressiyanın və silahlı münaqişənin təşviqi anlamına gəlir. Prezident İlham Əliyev sentyabrın 29-da BMT-nin Məskunlaşma Proqramının (UN-HABİTAT) icraçı direktoru xanım Maimuna Mohd Şərifin və 53 ölkədən olan 200-ə yaxın xarici qonağın iştirakı ilə Ermənistanın və havadarlarının avantürist fantaziyalarına bu cavabı vermişdi: “Yəni, bizim başqa niyyətlərimiz olsaydı, əməliyyat sentyabrın 20-də dayanmazdı. Mən bunu hər kəsin bilməsini istəyirəm. Bunu Ermənistan hakimiyyəti də bilsin, onun arxasında duran himayədarları da bilsin, bu gün Azərbaycana qarşı qəbuledilməz planlar cızan tərəflərə buradan mesaj verirəm: Bizim səbrimizlə oynamasınlar. Biz səbirliyik, ancaq qətiyyətliyik. Biz haqlı olduğumuzu sübut edə bilirik və edirik. Ona görə yox ki, bizim gücümüz var, çünki haqq-ədalət bizim tərəfimizdədir”. Görünən odur ki, 28 il boyunca tərəfsizlik prinsipini pozaraq Ermənistanın yanında yer alan Fransa kimi ölkələr Azərbaycanın haqq savaşında əldə etdiyi tarixi və ədalətli Zəfəri həzm edə bilmirlər. Azərbaycan Prezidentinin ərazi bütövlüyümüzün bərpası və suverenliyimizin tam şəkildə təmin olunması naminə ortaya qoyduğu qətiyyət və siyasi iradə onların insan haqları və guya Qarabağ ermənilərinin təhlükəsizliyi ilə pərdələnmiş siyasi maraqlarını və qərəzli niyyətlərini alt-üst edir. Əgər Fransa rəsmisi açıq şəkildə bəyan edirsə ki, Ermənistanı silahlandırmağa başlayırlar, bu, o deməkdir ki, Ermənistanın sərhəddəki növbəti təxribatlarına indidən “yaşıl işıq” yandırılır. Yəni, atalar misalımızda deyildiyi kimi, “çax-çaxların” bundan sonra da baş ağrıdacağı şübhə doğurmur. Amma ədalət  və beynəlxalq hüquq tərəfimizdə olduğu üçün, əminəm ki, Prezident İlham Əliyev bu məkirli planların da öhdəsindən qətiyyətlə gələcək. Bədxahlarımız isə qoy bilsinlər ki, Azərbaycan xalqının öz Prezidenti ətrafında birləşdiyi həmin “Dəmir yumruq” da öz yerindədir və indi daha güclüdür.

 

Ülvi Quliyev   

Milli Məclisin deputatı