Şəhid müəllimlərimiz

Azərbaycanda Beynəlxalq Müəllimlər Günü 1993-cü ildən qeyd edilir.
44 günlük Vətən müharibəsində şanlı zəfərin qazanılmasında Azərbaycan müəllimləri də yaxından iştirak edib. O çətin günlərdə silaha sarılaraq əsl vətənpərvərlik nümunəsi göstərən, döyüş meydanındakı qəhrəmanlıqları ilə vətənpərvərlik dərsi keçən, yetirmələri olan keçmiş şagirdlərilə çiyin-çiyinə döyüşən müəllimlər həm şəhid oldular, həm də qazi.

Vətən müharibəsində 20 nəfər təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri ölümündən sonra müxtəlif medallarla təltif edilib.

Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7 nəfəri “Şuşanın azad olunmasına görə”, 3 nəfəri “Füzulinin azad olunmasına görə”, 2 nəfəri “Xocavəndin azad olunmasına görə”, 4 nəfəri “Cəsur döyüşçü”, 5 nəfəri “Qubadlının azad olunmasına görə”, 4 nəfəri “Döyüşdə fərqlənməyə görə”, 5 nəfəri “Cəbrayılın azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə”, 2 nəfəri isə “Laçının azad olunmasına görə” medalları ilə təltif ediliblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!