Deputat:”Bu sahədə bir çox işlər görülməlidir”

Bu il iyulun 1-ə olan məlumata görə Azərbaycanda Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 247 min 430 nəfər olub, onların 33,3 faizini qadınlar təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
İşsiz statusu verilən şəxslərin sayı son 1 ayda 2 min 708 nəfər azalıb.
İşsizliyə görə müavinətin orta məbləği isə 4 manat 90 qəpik artaraq 407,5 manat olub. Müavinat alanların sayı isə 109 nəfər artaraq 2 min 568 nəfər olub.
İşsiz kimi qeydə alınan şəxslərin 1/5-i – 49 min 800 nəfəri Bakı şəhərinin payına düşür.
Bakı şəhərindən sonra ən çox işsiz Ağdam rayonunda qeydə alınıb – 10 min 749 nəfər.
İşsizliyin çox olduğu şəhərlərdən biri Şəkidir.
Belə ki Şəki şəhəri üzrə işsiz olaraq qeydiyyata alınanların sayı 4394 nəfərdir.
Millət vəkili Vüqar İskəndərov şəhərdə bu qədər işsizliyin səbəbini keçmişdən qalan kombinatların fəaliyyətinin dayandırması ilə əlaqələndirir.
“Şəki Qafqazın ən böyük taxılçılıq mərkəzi olmasına baxmayaraq, həm də sənaye şəhəridir. Şəki o dövr SSRİ-nin ikinci ən böyük ipək kombinatına sahib idi. Bu ipək kombinatında 7 mindən çox insan çalışırdı. Bu rəqəm ailə payına düşəndə şəhər əhalisinin mütləq əksəriyyəti bu sahə ilə məşğul olurdu. Bundan başqa Şəkidə digər istehsal müəssisələridə mövcud idi. SSRİ dağıldıqdan sonra bu müəssisələrin bir çoxu özəlləşdirildi. Öncə Şəki opək kombinatı tamamilə fəaliyyətini dayandırdı və Prezident Heyder Əliyevin göstərişi ilə yenidən fəaliyyətə başladı. Lakin kombinat əvvəlki qüvvə ilə işləmədi. İşçilərin sayı get-gedə aşağı düşdü. Çünki, Çin istehsalı olan ipək çox ucuz olduğu üçün, daha çox xarici ölkələrdə satılırdı. Digər çalışan kombinatların bir çoxu müəyyən şəxslər tərəfindən özəlləşdirildi və onların bir-ikisini çıxmaq şərti ilə hamısı bağlandı. Bu da işsizlərin sayının birbaşa artmasına gətirib çıxardı. Şəkidə yerli istehsalla bağlı olan sahə geniş inkişaf edib və bu sahədə də kifayət qədər insanlar çalışır. Amma bu böyük insan kütləsi əhatə etmədiyi üçün işsizlərin sayına mənfi təsir edir. Son illərdə prezidentin tağşırığı ilə yeni iş yerlərinin yaradılması üçün bir çox işlər görülüb. Kifayət qədər yeni müəssisələr yaradılıb. Bu həm kənt təsərrüfatı, həm də sənaye ilə bağlıdır. Amma bütün bunlara baxmayaraq, dünyanın hər yerində olduğu kimi, ölkəmizdədə bu sahədə problemlər var və bu sahədə bir çox işlər görülməlidir. Parlamentdə Şəki ilə bağlı bir çox vacib məsələlərin həlli üçün çıxışlar etmişəm və onların bir neçəsi də öz həllini tapıb”, – deputat deyib