Qarabağı sülhməramlılar tərk edəcəklər

Azərbaycan-Türkiyə faktoru Cənubi Qafqazın gələcəyi üçün müstəsna əhəmiyyət kəsb edir.

Bu barədə  açıqlamasında millət vəkili Kamran Bayramov bildirib.

 

Onun sözlərinə görə, Ermənistanın 30 illik işğalı dövründə bölgədə vəziyyət qeyri-müəyyən olub. Bəzi beynəlxalq dairələr isə münaqişənin dondurulmasına çalışırdı. ATƏT-in Minsk qrupunun həmsədrləri nəinki problemin həlli üçün heç bir addım atmadı, əksinə bir çox hallarda işğalçı  Ermənistanın maraqlarına uyğun mövqe sərgilədilər. “Təbii ki, Azərbaycan bu vəziyyətlə heç vaxt barışa bilməzdi və barışmadı. Dövlətimiz hər zaman bəyan edirdi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək. Bu məsələdə qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini birmənalı olaraq dəstəkləyib” ,- deyən millət vəkili əlavə edib ki, 44 günlük Vətən müharibəsində rəsmi Ankaranın ölkəmizə mənəvi və siyasi dəstəyinin böyük əhəmiyyəti oldu.

K.Bayramovun fikrincə, həm Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, həm də Türkiyə amili bəzi beynəlxalq güclərin ölkəmizə qarşı  təzyiqlərini neytrallaşdırdı: “Azərbaycanın müharibədə qalib gəlməsi bölgədə müəyyən maraqları olan, Ermənistana havadarlıq edən dairələrin planlarını pozdu. Artıq Azərbaycan və Türkiyə faktoru öndədir. Məlumdur ki, 10 noyabr üçtərəfli Bəyanatına uyğun olaraq Türkiyə-Rusiya Monitorinq Mərkəzi yaradılıb. Türkiyənin burada olması bizim milli maraqlarımıza tam cavab verir. Doğrudur, həmin bəyanatın bəzi müəddəaları, xüsusilə qanunsuz erməni hərbi dəstələrinin Qarabağdan çıxarılması təmin edilməyib. Bu məsələdə Rusiya sülhməramlı kontingeninin üzərinə məsuliyyət düşür. Əgər onlar öhdəliklərini yerinə yetirməsələr, Azərbaycan özünün beynəlxalq konvensiyalara söykənən müstəsna hüququndan istifadə edəcək. Çünki 2025-ci ildə Rusiya sülhməramlılarının mandatı başa çatır və onlar Qarabağı tərk etməlidirlər. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO-nun Vilnüs sammitində səsləndirdiyi fikirlər böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən, rəsmi Bakı regionda vəziyyətə tam nəzarət edir. Hansısa qüvvələrin regionda gərginliyi saxlamaq, Qarabağ separatçılarına dəstək göstərmək cəhdləri heç bir nəticə verməyəcək”.