Deputatdan Avropa Parlamentinə sərt CAVAB

 

 

56

Fərəc Quliyev: “Avropa Parlamentinin deputatları Azərbaycanın daxili işlərinə müdaxilə edir”

 

Sentyabrın 18-də Avropa Parlamentində Azərbaycanda insan haqları və demokratiyanın vəziyyəti ilə bağlı qətnamə layihəsi müzakirə olunub. Müzakirələrdə parlament üzvləri Azərbaycandakı müvafiq durumu tənqid olunub, eyni zamanda Leyla və Arif Yunusların, Rəsul Cəfərovun, İntiqam Əliyevin, Həsən Hüseynlinin həbsini pisləyib, onların dərhal və qeyd-şərtsiz azad olunmasını tələb edilib.

 

“Avropa Parlamentinin üzvlərinin belə yanaşması köklü şəkildə yanlışdır. Bu demokratik yanaşma deyil. Qanunlar ictimai statusdan asılı olmayaraq, eyni tətbiq olunmalıdır, hər kəs qanun qarşısında eyni hüquqa malik olmalıdır”.

 

Bu fikirləri Aktual.az-a Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Fərəc Quliyev Avropa Parlamentinin məlum qərarına münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, heç kim Azərbaycandan tələb edə bilməz ki, ölkənin qanunlarını pozub, düşmənlə əməkdaşlıq edən və buna görə qanun çərçivəsində məsuliyyətə cəlb olunan insanları azadlığa buraxılsın: “Avropa təsisatlarında təmsil olunan dövlətlərin hamısı öz ölkələrinin təhlükəsizliyini əsas götürürlər. Hər hansı bu tipli çağırış olanda ən sərt tədbirlər görürlər. Biri Azərbaycan qanunlarına hörmət etmədən, hətta qanunları pozaraq düşmən dövlətlərlə əməkdaşlıq etmək yolunu tutursa,  Azərbaycan tərəfi nə etməlidir? QHT rəhbəri, hüquq müdafiəçisi və jurnalist qanunları pozmalı və ona qarşı susqunluq nümayiş olunmalıdırmı? Hər bir ölkənin özünün təhlükəsizlik doktrinası var. Azərbaycanı təhdid edən istənilən hərəkətlərə qanun çərçivəsində cavab veriləcək. Kimsə bizə deyə bilməz ki, bu adamlar ölkənin qanunlarını pozublar, düşmənlə əməkdaşlıq ediblər, bunu azadlığa buraxın, çünki bizimlə əməkdaşlıq edirlər”.

 

F.Quliyev Avropa Parlamenti üzvlərinin qərarını Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib: “Azərbaycan tərəfi qoşulduğu bütün beynəlxalq konvensiyalara əməl edir. Qanun qəbul edərkən beynəlxalq qanunları əsas götürür. Avropa Parlamentinin bu qərarı Azərbaycanın daxili işlərinə müdaxilədir. Bizim üçün əsas olan dövlətin inkişafıdır və təhlükəsizliyidir”.