Deputatın şirkəti saxta sənədlə….

Azərbaycanın tibbi tədarükçülərindən biri olan “Azəri Med” QSC barəsində növbəti dəfə cərimə protokolu yazılıb.

 

XALQ.AZ xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində Dövlət Gömrük Komitəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 485.2-ci (Mallar və nəqliyyat vasitələri gətirilərkən və ya aparılarkən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsi və ya təhrif olunmuş məlumatın verilməsi, yaxud əvvəlcədən qısa idxal bəyannaməsinin verilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

 

Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

 

İddia hakim Vüsal Qurbanovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclası iyulun 4-nə təyin edilib.

 

Xatırlatma: Daha əvvəl “Azəri Med” QSC barəsində eyni xəta ilə bağlı cərimə protokolu yazılıb.

Qeyd: “Azəri Med”in qanuni təmsilçisi Rəhimli Famil olsa da, şirkətin Milli Məclisin deputatı Kamaləddin Qafarova məxsus olduğu bildirilir və bu barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Şirkət xəstəxanalar, apteklər və distribyutorları əczaçılıq məhsulları, qida əlavələri, tibbi cihazlar, sərf materialları və s. ilə təmin edir. Bundan başqa, QSC-yə “Zəfəran aptek”, “Kanon aptek”, “Zəfəran hospital”, “Tibbi market” və “Günəbaxan aptek” kimi brendlər daxildir.