Xocəsəndə güclü yanğın: – YENİLƏNİB + VİDEO

Fövqəladə Hallar Nazirliyi Xocəsəndə açıq ərazidə baş verən yanğın barədə məlumat yayıb.

Nazirlikdən verilən məlumatda qeyd olunub ki, bu gün günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən qəsəbəsində təkər tullantılarının yığıldığı açıq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində 350 kvadratmetr sahədə təkər tullantıları, ümumi sahəsi 16 kvadratmetr olan konteyner və DAF markalı yük avtomobilinin kabinəsi yanıb.

Yanğınsöndürənlərin səyi nəticəsində DAF markalı avtomobilin qalan hissəsi, habelə ərazidə park edilmiş yük avtomobilləri və bitişik obyekt yanğından mühafizə olunub.

12:58

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

12:01

Paytaxtın Xocəsən qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Xocəsən qəsəbəsində açıq ərazidə təkər tullantılarının yanması barədə ilkin məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.