DİN: “Yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir”

Daxili İşlər Nazirliyi (DİN) bu gecə baş verən zəlzələdən sonra sosial şəbəkələrdə daha güclü təkanların baş verə biləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

DİN-in məlumatında qeyd edilib ki, bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir:

“Nazirlik tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal müşahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”.

Maraqlıdır, sosial şəbəkələrdə zəlzələ ilə əlaqədar yalan məlumat yayanları, təşvişə səbəb olanları hansı cəza gözləyir?

Oxu.Az-ın məlumatına görə, bu məsələ İnzibati Xətalar Məcəlləsinin 388-ci maddəsinə əsasən tənzimlənir.

Belə ki, yayılması qadağan edilən informasiyanın internet-informasiya şəbəkəsində yerləşdirilməsi, bunun qarşısının alınmaması inzibati məsuliyyət yaradır. Bu cür hallar müvafiq olaraq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun pozulması deməkdir.

Qeyd edilən inzibati xətalara görə fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilirlər. İşin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.