Diplomatik siyasətlə idarəçilik ölkəmizin regional liderliyinin əsasını təşkil edir

Bu gün Azərbaycan iqtisadi və siyasi baxımdan dünyanın ən etibarlı tərəfdaş dövlətinə çevrilib. Prezident İlham Əliyevin uğurlu siyasi kursunun nəticəsi olaraq dövlətimiz qlobal siyasi arenada əvəzsiz mövqeyə sahiblənib. Məhz bu səbəbdəndir ki, Avropa və Asiyanın aparıcı ölkələrinin, ABŞ, Çin kimi dünya nəhənglərinin iqtisadi və siyasi maraq dairəsində Azərbaycan mühüm əhəmiyyət kəsb edir. Bu ilin ilk ayında ölkəmizdə olan rəsmi şəxslər, eləcə də dövlət başçımızın xarici səfərləri bir daha onu göstərir ki, Azərbaycan diplomatik baxımdan ən aktiv fazaya daxil olub.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Dayanıqlıq Həftəsinin rəsmi açılış mərasimində, ardınca Davos Forumunda iştirakı, Macarıstana səfəri, bunlarla yanaşı, Misir və Rumıniya prezidentlərinin ölkəmizə səfərləri Azərbaycanın beynəlxalq iqtisadi-siyasi münasibətlər sistemində yüksək mövqeyinin göstəricisi sayılmalıdır. Bu baxımdan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışı xüsusi diqqət çəkirdi.

“Prezident İlham Əliyev açılış mərasimindəki çıxışında ötən il təhlükəsizlik sahəsində ümumi öhdəliyimizin nümayişi kimi bir neçə vacib məsələyə toxundu. Məsələn, Bakıda Avropa Komissiyasının rəhbəri xanım Ursula Fon der Lyayenin iştirakı ilə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Memorandumdan danışaraq, gələcək planlarımız üçün bunun yol xəritəsi olduğunu qeyd etdi. Avropaya qaz ixracının 2027-ci ilə qədər iki dəfə artırılmasının planlaşdırıldığını deyən Prezident İlham Əliyev resurslarımızla yanaşı, qarşılıqlı siyasi iradəmizin və çox yüksək səviyyədə etimadımızın mövcudluğunu söylədi. Ölkə rəhbəri çıxışında Cənub Qaz Dəhlizi layihəsinin uğurla həyata keçirilməsinin mühüm amili kimi texniki və siyasi məsələlərin dövlətlər tərəfindən həmrəylik fonunda reallaşdırıldığını diqqətə çatdırdı. Bu dövrdə Yunanıstanla Bolqarıstan arasında interkonnektorun açılması da təbii qazımızın artıq Bolqarıstana təchizini başlamaq imkanını yaratdı”, – deyə deputat vurğulayıb.

Rəşad Mahmudov deyib: “Bərpaolunan enerji ilə bağlı planlarımıza gəldikdə, artıq qeyd etdiklərimə əlavə olaraq deyə bilərəm ki, üç əsas enerji şirkəti ilə aramızda razılaşdırılmış və imzalanmış anlaşma memorandumu var. Onlara uyğun olaraq həm quruda, həm də dənizdə 25 qiqavat günəş və külək enerjisi istehsal ediləcək. Bu həcmin 10 qiqavatı “Masdar”, 12 qiqavatı “Fortescue” şirkətləri tərəfindən istehsal olunacaq. “ACWA Power” şirkəti isə bugünkü mərasimdə imzalanmış və hazırda icra olunan razılaşmaya əlavə olaraq, 2,5 qiqavat enerjinin istehsalı üzrə öhdəlik götürəcək. Bu, həqiqətən də çox böyük potensialdır. Qara dənizin dibi ilə çəkiləcək elektrik kabelinə gəldikdə, iş planını mərhələli şəkildə və Avropanın şərtləri ilə əlaqəli qurmaq tələb olunur. Bu, həmçinin Avropa qitəsində potensial əməkdaşlıq imkanlarını daha geniş miqyasda müəyyənləşdirmək üçün lazımdır. Mövcud potensial və imkanlar isə Rumıniya və Macarıstanın yaşıl enerjini qəbul edəcək son məntəqələr olmayacağı əminliyi yaradır”.

Deputatın sözlərinə görə, Azərbaycan, həmçinin çox böyük yaşıl enerji potensialına malikdir. Bu, artıq təsdiq olunmuş faktdır. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, iki ildən də artıq müddətdir Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda isə 10 qiqavata yaxındır. Həmçinin Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən edilib. Hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır. Bu potensial daha artıq olacaq.

Rəşad Mahmudov bildirib ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın müxtəlif ölkələrlə birgə həyata keçirdiyi bütün layihələr – Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri və Cənub Qaz Dəhlizi – hamısı bütövlükdə uğurlu olmuşdur. Bu səbəbdəndir ki, ölkəmizin bütün beynəlxalq layihələrin reallaşmasında dürüst, nümunəvi fəaliyyəti hər zaman təqdir edilib.

“Azərbaycanın qlobal arenada iqtisadi və siyasi mövqeləri gündən-günə möhkəmlənir. Prezident İlham Əliyevin xarici siyasət kursunda mühüm faktor olan enerji təhlükəsizliyi məsələləri xüsusi diqqətdə saxlanılır. Məhz dünya enerji təhlükəsizliyi şəbəkəsində Azərbaycanın üst mövqeyə sahiblənməsi bununla bağlıdır. Azərbaycan Prezidentinin respublikamızın enerji resurslarının mükəmməl diplomatik siyasətlə idarəçiliyi ölkəmizin regional liderliyinin əsasını təşkil edir”, – deyə R.Mahmudov əlavə edib.